Natiq Cəfərli: “Kiçik sahibkarlar borclarını bağlamaq üçün kredit götürürlər”
Son illərdə Azərbaycanda istehlak kreditlərinin sürətlə artması ciddi suallar doğurur.
Sozcu.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
İqtisadçı 2021-2026-cı illərdə istehlak kreditlərinin artım dinamikasına diqqət çəkib.
“2021-ci ildə istehlak kreditlərinin həcmi 4,2 milyard manat olub. 2022-2023-cü illərdə müvafiq olaraq 18 və 22 faiz artıb, 2024-cü ildə 8,45 milyard manata çatıb. 2025-ci ildə istehlak kreditlərində böyümə 10,8 faizə düşüb, ilin sonunda portfel 9,35 milyard manat olub. 2026-cı ilin ilk 7 ayında istehlak kreditləri 7,3 faiz artaraq iyulun sonuna 10 milyard 36,8 milyon manata çatıb. İlin sonuna 11 milyard manatı keçəcək”, – deyə Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə 4,2 milyard manat olan istehlak kreditləri portfeli beş il ərzində 11 milyard manatdan çox olacaq:
“Yəni, 5 ildə 7 milyard manat artım var. Belə kəskin artışın səbəbi təkcə vətəndaşın irrasional davranışı, kredit götürmək həvəsinin artması deyil, həm də əhalinin real gəlirlərinin azalmasıdır”.
Natiq Cəfərli hesab edir ki, istehlak və nağd kreditlərin artmasının digər səbəblərindən biri də kiçik sahibkarların üzləşdiyi problemlərdir.
“Son zamanlar istehlak, nağd kreditlərin artma səbəblərindən biri də kiçik sahibkarların boğulmasıdır. Onlar məcbur qalıb nağd kredit götürüb vergi, rüsum, cərimələrini ödəyirlər, nə işi ata bilirlər, çünki başqa harda, nə ilə məşğul olsunlar, nə də işlərini böyüdüb qazancı artıra bilirlər. Ona görə də ‘qısır döngüyə’ düşüb kreditlə borclarını bağlayırlar”, – deyə iqtisadçı qeyd edib.
İqtisadçı bunun problemli kreditlərin artmasına səbəb olduğunu vurğulayıb.
Onun sözlərinə görə, 2025-ci ilin sonunda vaxtı keçmiş kreditlər 544,8 milyon manata yüksəlib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 faizlik artım deməkdir.
“2026-cı il problemli kreditlərin artım tempinin son 5 ildə ən kəskin həddə çatdığı dövrdür. 2026-cı ilin iyul ayında ilin əvvəli – yanvar ayına nisbətən vaxtı keçmiş borcların məbləği 37,85 faiz artaraq 723 milyon manata çatıb. Problemli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi ötən ilin sonundakı 1,6 faizdən cari dövrdə 2,1 faizə yüksəlib”, – Natiq Cəfərli bildirib.
O hesab edir ki, problemin səbəbləri yalnız əhalinin real gəlirlərinin azalması və qiymətlərin artması ilə izah olunmamalıdır.
“Bir daha – bunun səbəbi təkcə əhalinin real gəlirlərinin azalması, qiymətlərin kəskin artması deyil, məncə, həm də kiçik biznesin boğulması, qazana bilməməsi və vergi-rüsum-cərimələr altında əzilməsidir ki, onlar da məcbur qalıb nağd kredit götürürlər”, – deyə iqtisadçı əlavə edib.


















