Bakıda tranzit sərnişinin gizlətdiyi 59 minlik zinət əşyaları tapıldı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində müxtəlif tanınmış brendlərə aid malların gömrük nəzarətindən gizli şəkildə Azərbaycana gətirilməsinin qarşısı alınıb.
Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, İstanbul-Bakı aviareysi ilə ölkəyə gələn Azərbaycan vətəndaşı Bakı-Tbilisi reysi ilə tranzit qaydada gömrük nəzarəti zonasını tərk edərkən saxlanılıb.
Onunla qanunvericiliyə uyğun olaraq sorğu-sual aparılıb. Həmin şəxs hava limanının sanitar qovşağında içərisində qızıl-zinət əşyaları və saatlar olan bir bağlama gizlətdiyini bildirib.
Yoxlama zamanı bağlamadan tanınmış brendlərə məxsus ümumi dəyəri 59 min 500 manatdan artıq olan 2 ədəd qol saatı, 3 ədəd bilərzik, 1 cüt sırğa və müxtəlif aksesuarlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


















