Atalıq və aliment davasında son qərar: Mikayıl İsmayılovun oğlu məhkəmədə uduzdu

18 baxış

Ali Məhkəmə SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin kassasiya şikayətini təmin etməyib.s

Sozcu.az xəbər verir ki, hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bununla da illərdir davam edən atalıq və aliment mübahisəsində növbəti məhkəmə mərhələsi başa çatıb.

Məhkəmə çəkişməsi Fidan Abbasovanın qızı Nilin atasının Orxan İsmayılzadə olması barədə iddiası əsasında başlayıb. İddiaya görə, Orxan İsmayılzadə övladına öz adını və soyadını verməkdən, eləcə də aliment ödəməkdən yayınıb.

Fidan Abbasova hələ 2017-ci ildə Sabunçu Rayon Məhkəməsinə müraciət etsə də, sonradan aldadıldığını bildirərək iddiasını geri götürüb. Yalnız 2024-cü ildə icraata xitam verilməsi barədə qərardad ləğv olunub və işə yenidən baxılıb.

Məhkəmə materiallarına əsasən, tərəflər 2012-ci ilin mayından 2016-cı ilin sentyabrına qədər faktiki nikah münasibətlərində olublar. Onlar əvvəlcə Bakıda, daha sonra isə Orxan İsmayılzadənin Almaniyanın Münhen şəhərində yerləşən evində birlikdə yaşayıblar. Müxtəlif ölkələrə səfərləri də pasportlardakı sərhəd-keçid qeydləri ilə təsdiqlənib.

2015-ci il mayın 5-də onların Nil adlı qızı dünyaya gəlib. Lakin iddiaya görə, Orxan İsmayılzadə valideynlərinin narazılığı və atasının fiziki təzyiqi səbəbindən uşağı rəsmən öz adına qeydiyyata aldırmaqdan imtina edib.

Sabunçu Rayon Məhkəməsi 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə Fidan Abbasovanın iddiasını təmin edib. Orxan İsmayılzadənin atalığı tanınıb və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 2 min manat aliment ödəməsi qərara alınıb.

Sonradan apellyasiya instansiyası alimentin məbləğini 500 manata endirib. Məlumata görə, Orxan İsmayılzadə aliment ödənişlərini müntəzəm həyata keçirməyib. Borcla əlaqədar Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun ölkədən çıxışına məhdudiyyət qoyulub və yalnız bundan sonra aliment ödənişi həyata keçirilib.

Qeyd edək ki, məhkəmə prosesləri boyunca Orxan İsmayılzadə iclaslarda iştirak etməyib və DNT ekspertizasından keçməsi ilə bağlı müxtəlif instansiyaların çıxardığı beş məhkəmə qərarının icrasından yayınıb. Sonuncu belə qərar 2026-cı ilin yanvarında Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinov tərəfindən verilib.

Ali Məhkəmə də kassasiya şikayətini rədd etməklə apellyasiya instansiyasının qərarını qüvvədə saxlayıb.

Musavat.com

Paylaş:

Əlaqəli məqalələr