“Birdəfəlik biz bu şərəfli işin altına girməliyik ki, gələcək nəslin yanında üzüqara olmayaq…”

“Mən gördüm ki, o əsgərlərin vətənsədalı sözlərə, hayqırtıma ehtiyacı var. Buna dözə bilmirdim. Möhtəşəm bir mənzərəylə rastlaşdım.”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Ağalar Bayramov deyib. Qiraətçi tez bir zamanda torpaqları işğaldan azad etməyimizin vacibliyini vurğulayıb:

“Son iki ayda Müdafiə Nazirliyinin təşəbbüsü ilə bir neçə dəfə cəbhə bölgəsində hərbi hissələrdə oldum. Mən gördüm ki, o əsgərlərin vətənsədalı sözlərə, hayqırtıma ehtiyacı var. Buna dözə bilmirdim. Möhtəşəm bir mənzərəylə rastlaşdım. Yəni belə bir vaxtda, biz bilirik ki, vəziyyət necədir, millət də, xalq da cənab prezidentin, ordunun ətrafında birləşib. Düşmənlə üzbəüz dayanmışıq və buna görə ruh yüksəkliyi birinci olmalıdır. Təkcə mən yox, çoxları başa düşür ki, əsgərlərə ruh gətirəsi sənət adamları var. Sözün gücü böyükdür. X.Rza deyirdi ki, “Böyükdür sözün gücü, əgər sözdə yaşarsa, düzlüyün gücü…”. Mənim də kəsən silahım sözdür. O söz isə boğazdan yuxarı deyil, mən heç vaxt belə danışmamışam. Bu dəqiqə, bu an hazıram ki, məni cəbhə bölgəsinə səfərbər etsinlər, çünki əsgərlərə deyiləsi sözüm var. Elə şeylər var ki, onu telefonla demək olmur. Bu ali fikri, məqsədi aşılamaq üçün mən lazımam. Mən əsgərlərin içində nə deyəcəyimi bilirəm. Mənim ali məqsədim bundan ibarətdir. Hamı bilir ki, bu işin arxasında Kreml dayanıb. Mən millətimi sevənəm, amma radikal millətçi deyiləm. Xalqla imperiyanı qarışıq salmaq olmaz. Rus xalqıyla, imperiyası başqadır. Rusiyanın Ermənistana silah göndərməsinə də cənab prezident öz etirazını bildirdi. Torpaqlarımız otuz ildir işğal altındadır, ya ölüm, ya da qalım olmalıdır. Birdəfəlik biz bu şərəfli işin altına girməliyik ki, gələcək nəslin yanında üzüqara olmayaq və torpaqlarımızı işğaldan azad edək. Mən artıq bir yerdə dayana bilmirəm. Vətən yoxdursa, biz nəyik?”.

Facebook Comments