Mübariz Mənsimov: Mən heç kimin cibinə girməmişəm

İş adamının vəziyyətinin pisləşdiyi deyilir

“Palmali” Şirkətlər Qrupunun rəhbəri, Türkiyədə həbsdə olan azərbaycanlı iş adamı Mübariz Mənsimovun səhhətində problemlər yaranıb. Bu barədə M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat verib.

Onun sözlərinə görə, iş adamının qaraciyəri böyüyüb, hətta buna görə qəbul etdiyi dərmanların da təsir göstərmir. Həbsindən əvvəl M.Mənsimovun ağır cərrahiyyə əməliyyatı keçirdiyini vurğulayan F.Quliyeva bildirir ki, iş adamı həbsxana şəraitində də müalicə alır:

“Qaraciyərinin böyüməsinə görə qəbul etdiyi dərmanlar da təsir göstərmir. Məlumata görə, halsızdır, hətta vəkillərilə danışmaqda da çətinlik çəkir”.

M.Mənsimov ictimaiyyətə daha bir müraciət ünvanlayıb. Azərbaycanlı iş adamı Türkiyə və Azərbaycan prezidentlərinə məktublarından bir həftədən çox vaxt keçməsinə baxmayaraq, reaksiya olmamasından narahatlığını ifadə edib.

M.Mənsimov budəfəki müraciətində də günahsız olduğunu, heç bir cinayət törətmədiyi halda, həbsxanaya salındığını vurğulayıb:

“Heç bir təqsirim olmadan hələ də həbsxanada bədəl ödəyirəm. Cinayət törətmədiyim halda, yaşlı və xəstə ata-anamı, ailəmi görə bilmirəm. Hər səhər onlardan pis xəbər alaram deyə qorxuram. Allah göstərməsin, onlara bir şey olarsa, mənim yaşamağımın nə anlamı var? Bu, nə kin, bu nə düşmənlikdir?

Mən fəaliyyətim boyunca Türkiyə və Azərbaycana ziyan verəcək heç bir iş görməmişəm. Hər zaman Azərbaycan və Türkiyə xalqlarının xeyri üçün çalışmışam, heç kimin cibinə girməmişəm. Allahımın mənə verdiyi ruzini hər zaman ehtiyac sahiblərilə paylaşmışam. Heç bir zaman qanunsuz iş görməmişəm, görmərəm də. Yalançı şahid ifadələrilə məni bura salanların heç vicdanı yoxdurmu?”

M.Mənsimov bütün prokuror və hakimlərin müstəqil olmasını, kimsənin təsiri olmadan qərar çıxarmalarını istəyir. Onun əsas xahişi isə istintaq davam etdiyi müddətdə ev dustaqlığına buraxılması, əleyhinə ifadə verən şəxslərlə bağlı araşdırma aparılmasıdır:

“Mənim tanıdığım, sevdiyim və saydığım, hörmətli Prezidentim və hər zaman böyük qardaşım olan Rəcəb Tayyib Ərdoğan hər zaman məzlumların və haqqın yanında olub. Mənim əleyhimə ifadə verənlər araşdırılmalıdır. Onların hansı səbəbdən bu addımı atdıqları ortaya çıxarılmalıdır. Mənim nə FETÖ, nə də başqa bir terror təşkilatı ilə heç vaxt işim olmayıb, olmaz da. Niyə məni bura məhkum etmisiniz? Mən zindandan qorxmuram. Mənim qorxum yaşlı ata-anamdandır. Onları itirsəm, bu, mənə ölümdən betər olar. Mənim xahişim günahsızlığım sübuta yetirilənə qədər onlarla birlikdə olmaqdır, ədalətdən yayınmaq deyil. Tək istədiyim ana-atamın, ailəmin, uşaqlarımın yanında olmaqdır. 11 apreldə oğlumun doğum günü olacaq. Oğlum məndən “doğum günümə gələ biləcəksən?” deyə soruşdu. Ona cavab verə bilmədim. Bu ağır günlərdə mənim onlara, onların da mənə ehtiyacı var”.

M.Mənsimov onun məktub və müraciətlərinin Azərbaycan və Türkiyə prezidentlərinə çatdırılmasını xahiş edir:

“Məni sevən türk və azərbaycanlı qardaşlarım, sizdən istədiyim mənim yazdıqlarımın hörmətli prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevə çatdırmağınızdır. Günahsızlığım gec-tez ortaya çıxacaq. Məni buralara layiq görməyin. Mən bütün bunları yaşamağa layiq deyiləm. Baş verənlərə baxmayaraq, hüququn üstünlüyünə, Uca Türk ədalətinə güvənirəm”.

M.Mənsimov martın 15-də həbs olunub. O, Amerikada yaşayan din xadimi Fətullah Gülən və tərəfdarlarıyla əlaqələrdə ittiham olunur.

Facebook Comments