Aprelin 21-də keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il aprelin 21-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri elan olunub.

İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytında keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

Qeyd edək ki, markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda 2 şagird (Qax rayonu, 2 saylı şəhər tam orta məktəbin və Masallı rayonu, 4 saylı Digah tam orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə – 300 bal toplayıb.

Sozcu.az

Facebook Comments