Yasamalda yanğında həlak olan Könül Vəlibəylinin qızının vəziyyəti açıqlanıb

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə səbəbilə 2000-ci il təvəllüdlü Ləman Qulamova Yeni Klinikanın Reanimasiya şöbəsinə təxliyə edilib. Bu barədə Yeni klinikanın Mətbuat xidmətindən məlumat verilib. "Hazırda pasiyentin vəziyyəti kritik ağır olaraq qalır və süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə reanimasiya şəraitində nəzarətdə saxlanılır", - məlumatda bildirilib. Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.

Nərimanovdakı partlayışda yaralanan şəxs: "Hamı töküldü üstümə, məni qan aparırdı"

"Yoldan keçirdim. Binada partlayış baş verdi, üç-dörd metr aralıya düşdüm. Şüşələr üstümə töküldü, bir neçə dəqiqə sonra ayılanda məni qan aparırdı". Bunu paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində beşmərtəbəli binada baş verən partlayışda xəsarət alan şəxs deyib. Yaralının sözlərinə görə, təcili tibbi yardım briqadası onu dərhal xəstəxanaya çatdırıb: "Kliniki Tibbi Mərkəzdə qolumu gipsə saldılar, başıma bir neçə tikiş qoyuldu. Yanımda, təxminən, 19 yaşında olan qız var idi. O, heç nə danışmırdı, uzanmışdı. Digər yaralının - oğlanın vəziyyəti pis idi, ancaq qışqırırdı". Daha ətraflı videomaterialda:

Ukraynadakı səfirliyimizə dəyən ziyan aradan qaldırılıb

Rusiyanın noyabrın 14-dəki hava hücumu nəticəsində Ukraynada Azərbaycan səfirliyinin binası da zədələnib. Səfirlik ərazisinin hasarı dağılıb, konstruksiyalar, xidməti avtomobillər, inzibati bina və konsulluq şöbəsi zədələnib.  Modern.az səfirliyimizə dəyən ziyanın aradan qaldırılıb-qaldırılmadığını araşdırıb. Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimov saytımıza açıqlamasında bildirib ki, səfirlik binasına dəyən ziyan aradan qaldırılıb: "Diaspor olaraq hadisənin baş verdiyi ilk gündən səfirimizin və səfirlik işçilərinin yanındayıq. Bütün xərcləri Azərbaycan dövləti özü qarşılayaraq, dəyən ziyanı aradan qaldırıb. Dövlətimiz səfirliyimizə öz maddi və mənəvi dəstəyini göstərib. Bildiyiniz kimi, ərazidə böyük yanğın baş vermiş, texniki vasitələr, maşınlar zədələnmişdi. Kiyev meriyası tərəfindən məhz ərazinin təmizlənməsi, kommunal xidmətlər operativ şəkildə həyata keçirilib".

Şəhid ailələri üçün olan binadan Əli Həsənova ev verilib

Şərurda xeyli qazi evsiz qaldığı halda, prezidentin keçmiş köməkçisi Əli Həsənova şəhid ailələri və qazilər üçün nəzərdə tutulan binada mənzil hədiyyə olunub. Sozcu.az xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan” məlumat yayıb. Bildirilib ki, həmin binadakı əlavə iki mənzili isə yerli icra başçısı mənimsəyib. Adının çəkilməsini istəməyən qazilərdən biri deyib ki, illərdir ev üçün müraciət etsə də, müsbət cavab ala bilmir. “Rayon mərkəzində el arasında “şəhidlər binası” adlanan, qazi və şəhid ailələri üçün nəzərdə tutulan binadakı mənzillər yüksək vəzifəli şəxslərə verilir, mənim kimi vətən üçün canın qoyanlar isə kirayələrdə yaşayır. Başçı Kamal Cəfərov bizə aid olan binada yan-yana iki mənzil götürüb, birləşdirib ki, böyük olsun. Təmiri yeni bitirib. Əli Həsənov da onun qonşusudur bu binada. Axı, Əli Həsənovun nəyi yoxdur? Niyə utanmadan şəhid ailələri və qazilərin evinə göz dikir? Bu sözlər icra hakiminə də aiddir”. Şəhid ailələri və qazilər müvafiq qurumlara müraciət edərək, onların haqqı olan evlərin geri qaytarılmasını tələb ediblər.

Burun əməliyyatından sonra komaya düşdü: protokol...

Uğursuz rinoplastika əməliyyatı səbəbi ilə Səhiyyə Nazirliyinə "MedAura" klinikası ilə bağlı protokol göndərilib. Sozcu.az xəbər verir ki, bu barədə nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib. Bildirilib ki, noyabrın 7,12 və 13-də klinikada plandankənar (növbədənkənar) yoxlamalar keçirilib: "Yoxlama nəticəsində aşkar edilmiş nöqsanlar üzrə tədbirlər görülüb və inzibati xəta məsuliyyəti yaradan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib". Qeyd edək ki, Bakıda "MedAura" klinikasında gənc qız burun əməliyyatından sonra komaya düşüb. Bu barədə qızın bacısı İlhamə Budaqlı sosial media hesablarında paylaşım edib.axar.az)

Ukraynada razılaşma mümkündür - Ərdoğan

ABŞ-ın Ukraynayla bağlı sülh planı üzrə razılaşmaya gəlmək mümkündürmü? Bəli, mümkündür. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Əsas sual isə bunu necə etməkdir. Bu məsələnin üzərində işləmək lazımdır. Əgər plan qeyri-sabitlik yaratmadan, hər iki tərəfin legitim gözləntilərini və təhlükəsizlik ehtiyaclarını qarşılayarsa, razılaşma əldə edilə bilər”, - Ərdoğan vurğulayıb.

Sabah 21 dərəcə isti GÖZLƏNİLİR

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 17-21, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

63 özəl bağçada ödənişə güzəşt ediləcək

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi üzrə nəticələr müəyyənləşib. Belə ki, 63 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi olub. Sozcu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, müsabiqənin əsas məqsədi 2025–2026-cı tədris ili üçün dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul ola bilməyən uşaqların seçilmiş özəl bağçalara yönləndirilməsi, eləcə də onların təhsil haqlarının bir hissəsinin qrant hesabına maliyyələşdirilməsidir. Qrant mexanizminə əsasən, seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatlıq hissəsinin dövlət qrantı hesabına ödənilməsi, qalan məbləğin isə valideyn tərəfindən qarşılanması nəzərdə tutulub. Qrant qazanan özəl bağçalara uşaqların Azərbaycan bölməsi üzrə qeydiyyatı www.bq.edu.az portalı vasitəsilə yaxın günlərdə həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Valideynlərə portaldakı yenilikləri izləmələri və övladlarını qeydiyyatdan keçirmələri tövsiyə olunur.

Bu ölkə yeniyetmələrə sosial şəbəkələri qadağan edir

Malayziya 2026-cı ildən etibarən 16 yaşdan kiçik yeniyetmələr üçün sosial media qadağası tətbiq edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Malayziyanın rabitə naziri Fəhmi Fadzil məlumat yayıb. “Hökumət uşaqların onlayn təhlükəsizliyini artırmaq üçün 16 yaşdan kiçiklərin sosial şəbəkələrə qoşulmasına icazə verməyəcək. Platforma təminatçıları 2026-cı ildə elektron şəxsiyyət yoxlanışı (eKYC) sistemini tətbiq etməlidir”, - məlumatda bildirilib.

Su kanalından meyit tapıldı

İmişlidə su kanalından meyit tapılıb. Sozcu.az xəbər verir ki, Məzrəli kənd sakini 1964-cü il təvəllüdlü Rasim Əbil oğlu Mirzəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisindəki su kanalında tapılıb. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1370-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 166 450 hərbçi, 11 366 ədəd tank, 23 620 ədəd zirehli döyüş maşını, 34 626 ədəd artilleriya sistemi, 1 549 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 248 hava hücumundan müdafiə sistemi, 428 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 68 006 ədəd avtomobil texnikası, 83 769 ədəd PUA, 3 981 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 4 003 xüsusi avadanlıq itirib.

Partlayış mənzillərə ziyan vurdu – FOTO

Nərimanov rayonunda “AFEN Plaza” biznes mərkəzində baş verən partlayışın təsirindən ofisin yaxınlığında yerləşən tikililərə zərər dəyib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə səbəbindən plazanın qarşısında yerləşən yaşayış binasındakı ev və obyektlərdən biri ziyan görüb. Belə ki, partlayışa görə evlərin pəncərələri qırılıb.

“Calaq düzgün olunmayıb, sızma baş verib” – KOMENDANT DANIŞDI

“İki-üç gün öncə ərazidə aparılan qazma işləri zamanı qaz xətti zədələnmişdi. Həmin hissəyə calaq qoyuldu. Ola bilsin, düzgün calanmayıb və sızma olub”. Sozcu.az xəbər verir ki, bu sözləri partlayış baş verən “AFEN Plaza” biznes mərkəzinin komendantı Amil Bağırov açıqlamasında deyib. O ehtimal edir ki, calaq düzgün edilmədiyi üçün qaz sızması baş verib: “Buna görə də işçi gəlib işığı yandıran zaman partlayış baş verib”. Komendantın sözlərinə görə, yaralananlar arasında həyati təhlükəsi olan yoxdur: “Yaralananların xəsarəti çox da ciddi deyil. Hadisə baş verəndə burada idim, partlayış səsini eşitdim”.

İcarəyə götürdüyü sexdə meyiti tapıldı

Şirvanda sexdə meyit aşkar edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhərində yerləşən qapı-pencərə sexində baş verib. Şirvan sakini, 1994-cü il təvəllüdlü Şəmistan Gündüz oğlu Nuruşovun meyiti icarəyə götürdüyü sexdə aşkar edilib. Faktla bağlı Şirvan prokurorluğu tərəfindən araşdırma aparılır.

Berlin Rusiyanın G8-ə qayıtmasına qarşı çıxdı

ABŞ-ın Ukrayna ilə bağlı sülh planında nəzərdə tutulduğu kimi, Rusiyanın G8-ə qayıtması istisnadır. Sozcu.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib. “Hazırda Amerikanın olmadığı G7-nin altı üzvü arasında Rusiyanı yenidən həmin qrupa qəbul etmək üçün heç bir istək görmürəm”, - o bildirib. Merz vurğulayıb ki, G8 formatına qayıtmaq yalnız konsensus əsasında razılaşdırıla bilər. Qeyd edək ki, Avropanın Ukrayna münaqişəsi başa çatdıqdan sonra Rusiyanın G8-ə qayıtmasına razılıq verdiyi haqda məlumat yayılıb.

Rus ordusu Pokrovskun mərkəzini İTİRDİ

Ukrayna qüvvələri Pokrovskun mərkəzi rayonlarını təmizləyib və rus hərbçilərini şəhərdən çıxarmağa davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Desant Hücum Qoşunlarının 7-ci korpusundan məlumat verilib. “Şəhərdə döyüşlər gedir, lakin mərkəzdəki mövqelər Ukrayna Silahlı Qüvvələrinin əlindədir. Ruslar dayaq nöqtəsi qazanmağa çalışdılar, lakin dəmir yolu stansiyasının, pedaqoji məktəbin və Katedral Meydanının ərazisindən qovuldular. Hərbçilər Rusiyanın qüvvələrini artırmaq və şəhərin şimalına təzyiqi artırmaq cəhdlərinin qarşısını almağı bacardılar. Dəmir yolunu keçmək üçün edilən hər bir cəhd maksimum itki ilə nəticələndi”, - məlumatda qeyd olunub.

Ukraynada tezliklə sülh olacağına əmin deyiləm - Merz

Pessimist olduğumu demək istəmirəm, amma hazırda noyabrın 27-nə qədər Prezident Donald Trampın istədiyi qərarın veriləcəyinə əmin deyiləm. Sozcu.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz ABŞ-ın sülh planı ilə bağlı açıqlamasında deyib. “Biz hələ də 27 noyabr tarixinə qədər qərara gəlməkdən çox uzaqıq. Danışıqlar aparan tərəflər arasında mövcud fikir ayrılıqları var. Amma bu, onun tamamilə istisna edildiyi anlamına gəlmir", - Merz bildirib.

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, noyabrın 24-də gecə və səhər ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Ukraynanın sərhədləri güclə dəyişdirilə bilməz - Leyen

Ukraynanın sərhədləri güclə dəyişdirilə bilməz, ordusu azaldıla bilməz və Avropa Birliyi Ukrayna üçün sülh sazişində mərkəzi rol oynamalıdır. Sozcu.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen deyib. "İstənilən etibarlı və davamlı sülh planı ilk növbədə qətlləri dayandırmalı və müharibəyə son qoymalı, eyni zamanda gələcək münaqişə üçün toxum səpməməlidir. Biz ədalətli, davamlı sülh və Ukraynanın suverenliyi üçün zəruri olan əsas elementlər barədə razılığa gəlmişik. Birincisi, sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. İkincisi, suveren bir millət olaraq Ukraynanın silahlı qüvvələrinə ölkəni gələcək hücumlara qarşı həssas edəcək və bununla da Avropa təhlükəsizliyini pozacaq məhdudiyyətlər qoyula bilməz. Üçüncüsü, Ukrayna üçün sülhün təmin edilməsində Avropa Birliyinin mərkəzi rolu tam şəkildə əks olunmalıdır. Ukrayna öz taleyini seçmək azadlığına və suveren hüququna malik olmalıdır. Onlar Avropa taleyini seçiblər", - Leyen bildirib.

Zelenski-Tramp görüşünə qədər razılaşma olmayacaq

Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Tramp görüşənə qədər heç bir razılaşma olmayacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” Ağ Ev rəsmisinə istinadla məlumat yayıb. “Zelenski və Tramp görüş zamanı Ukrayna üçün sülh planını ilə bağlı yekun razılaşma əldə edəcək”, - məlumatda qeyd olunub.

Tramp iki ayda 1.1 milyard dollar itirdi

ABŞ Prezidenti Donald Trampın sərvəti iki ayda 1,1 milyard dollar azalıb. Sozcu.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. “Onun sentyabrda 7,3 milyard dollar olan sərvəti noyabrın sonunda 6,2 milyard dollara düşüb”, - məlumatda qeyd olunub. Buna səbəb ABŞ prezidentinin “Tramp Media” texnologiya şirkətinin səhmlərinin dəyərdən düşməsi olub. Son üç ayda şirkətin NASDAQ birjasında dəyəri 42 faiz ucuzlaşıb.

Avropa ölkələri də Ukrayna üçün Cenevrəyə gedir

Avropa Birliyi, Böyük Britaniya, Almaniya və Fransadan olan nümayəndələr ABŞ-ın Ukraynadakı münaqişənin həlli planına dair İsveçrədə keçiriləcək məsləhətləşmələrdə iştirak edəcəklər. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb. "Avropa Birliyi və Böyük Britaniya danışıqlarda iştirak edəcək. Fransa və Almaniyadan yüksək səviyyəli təhlükəsizlik rəsmiləri də İsveçrəyə gedəcək", - nəşr bildirib. Qeyd edək ki, Ukraynanın nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın təklif etdiyi sülh planını müzakirə etmək məqsədilə İsveçrəyə gedib.

Gerasimovun yalanı: Əsgərlər Kupyanskda məhv edildi

Rusiyanın 26 hərbçisi Kupyanskda mühasirəyə düşərək məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, hadisə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Kupyanskın tamamilə ələ keçirilməsi barədə Prezident Vladimir Putinə məruzəsindən sonra baş verib. “Bir neçə qrup halında hərəkət edən əsgərlər şəhərdə artıq düşmən qalmadığını düşünərək, lazımi təhlükəsizlik tədbirlərini görmədilər və pusquya düşdülər. 26 nəfər öldürüldü”, - məlumatda qeyd olunub.

Mingəçevirdə öldürülən şagirdlə bağlı yeni məlumat

Dünən Mingəçevirdə şagirdin ölümü ilə nəticələnən hadisə haqda yeni təfərrüat məlum olub. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bıçaqlanaraq qətlə yetirilən 2008-ci il təvəllüdlü Elman Etibar oğlu Sarıyev əvvəllər şəhərin 1 saylı orta məktəbində təhsil alıb. O, 10-cu sinifdən etibarən 17 saylı orta məktəbə köçürülüb. Elman ailədə iki qardaşdan biri olub. Hadisəni törətməkdə şübhəli bilinən Cavidan Əliyev isə 6 saylı orta məktəbin 9-cu sinif şagirdidir. Onun anasının müəllimə olduğu bildirilir. Hadisənin başvermə səbəbi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. İlkin məlumatlara görə, hadisədən bir qədər əvvəl tərəflərin çayxanada bir yerdə olduqları deyilir.