17 milyon manatın mənbəyini açıqladı – Ramiz Mehdiyev

21 baxış

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev evindən aşkarlanan 17 milyon manatdan artıq pul vəsaiti ilə bağlı məhkəmədə açıqlama verib.

Sozcu.az xəbər verir ki, Ramiz Mehdiyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin bu gün keçirilən məhkəmə prosesinə videokonfrans vasitəsilə qoşularaq ifadə verib.

Məhkəmə zamanı sualları cavablandıran Mehdiyev evindən aşkarlandığı bildirilən 17 milyon manatın mənşəyi barədə danışıb. O, həmin vəsaiti uzun illər ərzində öz zəhməti hesabına topladığını iddia edib.

“1957-ci ildən işləyirəm. O pulları öz zəhmətimlə yığmışam”, – deyə Ramiz Mehdiyev bildirib.

Qeyd edək ki, bugünkü və əvvəlki məhkəmə iclaslarında Ramiz Mehdiyevin ailə üzvləri də ifadə veriblər.

Xatırladaq ki, Əli Kərimli və Müsavat Partiyası Məclisinin üzvü Məmməd İbrahim ötən il Ramiz Mehdiyevin cinayət işi ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.

Ramiz Mehdiyev dövlətə xəyanət və digər ağır cinayətlərdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Yaşı və səhhəti nəzərə alınaraq cəzası şərti hesab olunub.

İstintaq materiallarına əsasən, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırmaqda ittiham olunub.

Paylaş:

Əlaqəli məqalələr