Norveç şirkəti elektrik mühərrikləri ilə işləyən təyyarələrdən istifadə edəcək

Norveçin “OSM Aviation” şirkəti pilotların öyrədilməsi ilə bağlı xərclərə qənaət etmək məqsədilə elektrik mühərrikləri ilə işləyən 60 ədəd məşq təyyarəsi alıb.

Sozcu.az Azərtaca istinadla xəbər verir ki, səhmlərinin bir qismi “Norwegian Air” aşağıbüdcəli daşıyıcıya məxsus olan “OSM Aviation” şirkəti pilotların seçilməsi və öyrədilməsi ilə xərclərini azaltmaq məqsədilə Kolorado ştatında təyyarə istehsalı ilə məşğul olan “Bye Aerospace” şirkətindən tamamilə elektriklə işləyən 60 ədəd məşq təyyarəsi almaq üçün sifariş verib.

“OSM Aviation” şirkətinin rəhbəri Espen Hoybinin sözlərinə görə, bu ikiyerli təyyarələrdən hər birinin qiyməti təqribən 350.000 dollardır. Təyyarələrin 2021-ci ilin sonundan etibarən alıcıya göndərilməsi planlaşdırılır. E.Hoybi deyib: “Hazırda adi məşq təyyarəsindən istifadə edilməsi saatda 110 dollara başa gəlir. Elektriklə işləyən təyyarələrdən istifadə edilsə, bu xərclər saatda 20 dollar olacaq”.

OSM şirkəti hazırda pilotların öyrədilməsi üçün Amerikada istehsal edilmiş Cessna-172 modelli təqribən 20 təyyarədən istifadə edir. Şirkət bu modellərdən tədricən imtina etməyi planlaşdırır.

Facebook Comments