Avtobusda əlbəyaxa davada təqsirkar kimdir? – Mütəxəssisdən cavab

“Sürücünün dayanacaqdan kənar dayanmaq hüququ yoxdur”.

Bunu Yenisabah.az-a nəqliyyat eksperti İlqar Hüseynov deyib.

O, Sumqayıtda, marşrut avtobusunda baş vermiş insidentə münasibətini açıqlayıb.

Xatırladaq ki, sərnişinlərlə dolu avtobus hərəkət edərkən, bir qadın sürücü ilə təhqiramiz şəkildə mübahisə edib. Sonra mübahisə əlbəyaxa davaya çevrilib. Sürücü avtobusu qəfil dayandırmalı olub, baiskar qadın müvazinətini itirərək maşından yola yıxılıb.

Hadisədən sonra sürücünün həbs edilməsilə bağlı məlumatlar yayılsa da, DİN-in mətbuat xidməti iddianı təkzib edib. Lakin sürücünün işdən çıxarıldığı məlum olub.

Öz növbəsində, İlqar Hüseynov insidentə şərh verib:

“Sürücünü işə götürən şirkət ona etik davranış kodeksində yazılanlara riayət olunmasını çatdırmalıdır. Onun vəzifələrinə gəlincə, sürücünün dayanacaqdan kənar dayanmaq, park etmək, dayanma-durma qaydasını pozmaq kimi bir hüququ yoxdur.

Nəqliyyatda pərakəndəlik olduğu zamanlar dayanacaqlar demək olar ki, yox idi. Buna görə də, sərnişin harada düşəcəyini sürücüyə bildirərək nəqliyyat vasitəsini tərk edə bilərdi. Bu çox təhlükəli bir haldır, zəncirvari qəza, piyada vurulması və digər nəqliyyat qəzalarına zəmin yarada bilər.

Hazırda nəqliyyatın idarə olunması ilə bağlı konkretləşdirilmiş qaydalar var. Sərnişinlər qəti şəkildə nəqliyyat qaydalarına riayət etməli, sürücünü dayanacaqdan kənarda saxlamağa məcbur etməməli, yalnız və yalnız Nəqliyyat Agentliyinin təyin etdiyi nöqtələrdə yerləşən dayanacaqlarda nəqliyyat vasitəsini tərk etməlidirlər”.

Sürücünün məsuliyyətə cəlb olunması ehtimalından danışan İlqar Hüseynov cəzanın yalnız inzibati xəta olduğu zaman tətbiq oluna biləcəyini qeyd edib:

“Məsələyə psixoloji və hüquqi nöqteyi-nəzərdən baxsaq sürücünün haqlı olduğunu, sərnişinin tələbi ilə dayanacaqdan kənar saxlamaq hüququnun olmadığını görə bilərik. Lakin maksimum dərəcədə səbirli davranmalı, etik davranış kodeksinə əməl etməli, mübahisəni böyütməməli idi”.

Facebook Comments