“De ki, mənim adım “Şuşa”dır! Qəbul edirsən et, etmirsən etmə, çıx gəl” – “Buta” biabırçılığı Rasim Balayevi özündən çıxartdı

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsi ilə bağlı müzakirələr davam edir.

Komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov açıqlama verərək komandanın adının qaytarıldığını desə də, tənqidlər bitmək bilmir. Sosial şəbəkə istifadəçiləri KVN komandamızı tənqid edərək belə bir addımın yolverilməz olduğunu qeyd ediblər. Bəzi vətəndaşlar isə sosial şəbəkələrdə insanları “Bu şəhərdə” komandasını boykot etməyə, bunda sonra onların konsertlərinə getməməyə çağırıb.

Baş vermiş hadisə ilə bağlı Cebhe.info-ya Xalq artisti Rasim Balayev danışıb:

“Təəssüf ki, belə olub. Bizim elə oğullarımız olub ki, silahla “Qarabağ Ermənistandır” deməyə məcbur etmək istəyiblər. O da demədiyinə görə ermənilər onu güllələyiblər. Elə oğullardan sonra elə ac insanların bu cür hərəkəti xəcalətdir. Hətta belə bir bəhanə var ki, klubun adını dəyişdirsələr, ikinci tura keçid edəcəklər. Əşi, turu neynirəm, de ki, mənim adım “Şuşa”dır! Qəbul edirsən et, etmirsən etmə, çıx gəl. Mən bunu tamam biqeyrətlik sayıram”.

Aktyor bildirib ki, nə olur olsun, bu həqiqəti dəyişmək olmaz:

“KVN orada olub nə edəcəkdi ki?!Əsas odur ki, biz Qarabağı, Şuşanı almışıq. Guya KVN yarışmada olmayanda biz batdıq?! Yox! Əsas budur. Vaxtilə lazımı yer qazanıblar da. İndi nə edəcəklər?”

Facebook Comments