İspaniya İsrailə silah tədarükünə qadağa qoyub

İspaniya hökuməti İsrailə silah tədarükünü qadağan edib. Sozcu.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes məlumat verib. Bundan əlavə, İsrail silahlı qüvvələri üçün yanacaq daşıyan bütün gəmilərin İspaniya limanlarından tranzitlə keçməsi, İsrail üçün hərbi material daşıyan bütün təyyarələrin İspaniyanın hava məkanına girişi qadağan ediləcək. İspaniya rəsmisi bildirib ki, Madrid münaqişəni dayandırmaq üçün bütün imkanlarını səfərbər edib.

"ABŞ və Avropa Rusiyaya qarşı sərt seçim qarşısında" - "Bloomberg"

"Əgər Brüssel hələ də Rusiya neftini və qazını almağa davam edirsə, ABŞ-dan əlavə sanksiyalar gözləməsin..." Avropa İttifaqı Rusiyaya qarşı artıq 19-cu sanksiya paketini hazırlayır. Əvvəlki məhdudiyyətlər daha çox maliyyə sektorunu və müəyyən şəxsləri əhatə edirdisə, bu dəfə dairə daha da genişlənib. Sozcu.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb. Avropanın 19-cu sanksiya paketi - təzyiqin sərtləşdirilməsi Brüssel böyük banklarla yanaşı "Rosneft" kimi enerji nəhənglərini, həmçinin Rusiyanın kölgə donanmasını və üçüncü ölkələrdə fəaliyyət göstərən neft treyderlərini hədəfə almağı planlaşdırır. Məqsəd aydındır - Moskvanın enerji ixracından əldə etdiyi milyardlarla gəliri kəsmək və bu yolla Putinin müharibə maşınının maliyyə damarlarını quruda bilmək. "Bloomberg"-in məlumatına görə, yeni paketin ən diqqətçəkən tərəfi Qazaxıstan məsələsidir. Avropa ilk dəfə "sanksiyalardan yayınmaya qarşı mexanizm"i tətbiq etməyi düşünür. Söhbət Qazaxıstan üzərindən Rusiyaya daşınan maşın və texnologiyalardan gedir. Bu mallar sonradan hərbi sənaye üçün istifadə olunur və Brüssel bu kanalı bağlamağa çalışır. Paralel olaraq, kriptobirjalar, süni intellekt texnologiyaları, hətta sığorta şirkətləri də sanksiya siyahısına düşə bilər. "Rusiya qazından tam imtina edin" Vaşinqton Avropaya birbaşa mesaj verir: əgər Brüssel hələ də Rusiya neftini və qazını almağa davam edirsə, ABŞ-dan əlavə sanksiyalar gözləməsin. Energetika naziri Kris Raytın sözləri sərtdir: "Rusiyanın enerji ixracatı onun müharibə büdcəsidir. Avropa bu asılılığı qırmasa, Moskvanın maliyyə imkanlarını tam dayandırmaq mümkün olmayacaq". ABŞ bunun əvəzində Avropaya öz maye təbii qazını (LNG), benzinini və digər enerji məhsullarını təklif edir. Raytın arqumenti ikiqatdır: bir tərəfdən bu, Avropanın enerji təhlükəsizliyi üçün alternativdir, digər tərəfdən ABŞ-Avropa ittifaqının siyasi gücünü göstərən addım ola bilər. Amma bu yanaşma Avropa daxilində parçalanmaya səbəb olur. Macarıstan və Slovakiya hələ də daha ucuz Rusiya qazına üstünlük verir, buna görə də sanksiyaların sərtləşdirilməsinə qarşı çıxırlar. Brüsselin 2028-ci ilə qədər mərhələli şəkildə Rusiyanın enerji asılılığından xilas olmaq planı kağız üzərində cazibədar görünsə də, siyasi reallıqda bu, çox çətin prosesə çevrilib. Hətta statistika da bunu göstərir: 2024-cü ildə Rusiya qazı Avropanın ümumi çıxarılan yanacaq idxalının 14 faizini təşkil edib. Bu, 2022-ci illə müqayisədə azalsa da, 2023-cü illə müqayisədə, əsasən də Rusiyanın mayeləşdirilmiş qazının daha çox alınması hesabına artım var. İqtisadiyyat, yoxsa siyasi mövqe? Avropanın qarşısında indi bir seçim dayanır: ya ucuz enerji resurslarından imtina edib Moskvanı zəiflətmək, ya da öz iqtisadi rahatlığını qoruyub Putinə dolayısı ilə nəfəs imkanı vermək. Hər iki variantın bədəli yüksəkdir. Sanksiyaların sərtləşdirilməsi şübhəsiz ki, Rusiya iqtisadiyyatına zərbə vuracaq, lakin eyni zamanda Avropanın bazarlarında enerji qiymətlərini daha da artıracaq, istehsal xərclərini yüksəldəcək və sosial gərginlik yaradacaq. Bu isə siyasi baxımdan Avropa hökumətlərinə ağır yükdür.  Digər tərəfdən, sanksiyaların yumşaq saxlanılması Rusiyanın hərbi maşınını daha uzun müddət maliyyələşdirməsinə imkan verir və müharibəni uzadır. Vaşinqtonla Brüssel arasında koordinasiya güclənir, amma sual açıq qalır: Avropa öz iqtisadi asılılığını qurban verməyə nə qədər hazırdır? Çünki indi qarşıda təkcə enerji balansı deyil, həm də strateji mövqe dayanır. Avropa öz maraqlarını qısamüddətli iqtisadi faydada, yoxsa uzunmüddətli siyasi sabitlikdə görəcək?..

15 sentyabrda dərslər təxirə salınacaq? - RƏSMİ CAVAB

2025-2026-cı tədris ilinin başlama tarixinin (15 sentyabr) dəyişdirilməsinə dair yayılmış məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, aidiyyəti məsələ ilə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur.

Kürdəmirdə 36 yaşlı kişini cərəyan vuraraq öldürdü

Kürdəmirdə 36 yaşlı kişini cərəyan vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Belə ki, rayonun Xırdapay kənd sakini, 1989-cu il təvəllüdlü Bağırov Məhəbbət Ağamurad oğlu elektrik xəttində iş görərkən onu cərəyan vurub.  Ağır bədən xəsarəti alan sakin elə hadisə yerində dünyasını dəyişib. Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.report)

Tanınmış həkim qəzaya düşdü

Sentyabrın 7-də saat 16:30-da Bakı-Qazax avtomobil yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sozcu.az "Teleqraf"a istinadən xəbər verir ki, ilkin araşdırmalara əsasən, "Mercedes-Benz" markalı yük avtomobilini idarə edən 2002-ci il təvəllüdlü Türkiyə vətəndaşı Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasında yerləşən maneələrə çırpılıb, daha sonra isə qeyri-yaşayış obyektinə girib. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Həmin maşınla toqquşmadan son anda xilas olan digər nəqliyyat vasitəsində məşhur pediatr Günay Rəsulova olub.  O, vəziyyətinin yaxşı olduğunu bildirib: "Hadisə zamanı sükan arxasında idim. Bacım da yanımda idi. Yaxşı ki, təhlükəsizlik kəmərləri hər ikimizdə bağlı idi. O an düşündüm ki, digər maşınlarla toqquşmadan çıxmalıyam. TIR-ın arxa hissəsinə çırpılmaqdan yayınmaq üçün sağa döndüm, ani əyləcə basdım. Maşının sistemi də kömək etdi. Xoşbəxtlikdən nə maşında, nə bizdə xəsarət oldu. Arxa yolun boş olması da bir şans idi".

Santuş AFFA-dan 4.5 milyon avro təzminat tələb edir

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilib. Santuşun AFFA ilə 2027-ci ilə qədər müqaviləsi var idi. Sozcu.az-ın məlumatına görə, onun AFFA-dan təzminat tələb etdiyi bildirilir. Təzminatın məbləği ilə bağlı müxtəlif müzakirələr aparılır.  "Sportinfo" bildirir ki, təcrübəli mütəxəssis AFFA rəmsilərindən 4.5 milyon avro təzminat tələb edib. Vaxtilə ölkəsinin millisində işləmiş məşqçi təzminatın məbləğində güzəştə getmək fikrindən uzaqdır və bunu federasiya rəsmilərinə açıqca söyləyib.

Putin qadın və uşaqlara hücum edən qorxaqdır! - Nazir

Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiyanın Ukraynaya son kütləvi hava zərbələri ilə bağlı şərhində kifayət qədər sərt olub. Sozcu.az xəbər verir ki,  Yan Lipavski X platformasında yazıb ki, Rusiya prezidenti Vladimir Putin sadəcə sülh istəyirmiş kimi davranır. "Putin guya müharibəni dayandırmaq istəyir, reallıqda isə o, mümkün qədər çox ukraynalı öldürməyə çalışır. Dünən gecə Ukraynaya 800-dən çox pilotsuz təyyarə və raket buraxılıb, nəticədə ana və onun iki aylıq körpəsi həlak olub. O, qadınlara və uşaqlara hücum edən qorxaqdır", - Lipavski vurğulayıb. Nazir onu da qeyd edib ki, Ukraynaya yardımın dayandırılmasını müzakirə etmək təcavüzkarın tərəfini tutmaq deməkdir.

Pensiyalar bu tarixdə ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutub. Sozcu.az xəbər verir ki, bu barədə DSMF-dən bildirilib. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Azərbaycanda dərslər saat 10-da başlayacaq? – Növbəli sistem…

Son dövrlərdə Avropada məktəblərdə dərs saatlarının səhər 8-dən 10-a qaldırılması ciddi müzakirə olunur. Buna səbəb kimi bildirilir ki, böyüməkdə olan uşaqların bioloji ritmi onları səhərlər erkən oyanmağa imkan vermir, bu isə diqqət dağınıqlığına, yorğunluğa və tədris nəticələrinin zəifləməsinə səbəb olur. Hər səhər anasının əlindən tutub yuxulu-yuxulu ayaqlarını sürüyən, başını partaya qoyub yatan uşaqları dəfələrlə müşahidə etmişik. Ölkələr ayrı olsa da, problem eyni olduğundan bənzər dəyişiklik Azərbaycanda da ola bilərmi?   Sozcu.az ”ın xəbərinə görə, psixoloq Elşad Məmmədov Bizim.Media-ya açıqlamasında təsdiqlədi ki, uşaq orqanizmi yuxuya meyillidir, çünki böyüməkdə olan vücud yuxuya ehtiyac duyur: “Həm də uşaqlar hiperaktiv olduqları üçün daha tez yorulurlar. Nəticədə səhər erkən dərsə başlamaq onların stress səviyyəsini artırır və öyrənmə qabiliyyətini zəiflədir. Uşaqların yuxu rejimini nəzərə alan tədris qrafiki onların həm psixoloji, həm də fiziki sağlamlığı üçün vacibdir.” Təhsil eksperti Günay Əliyeva isə bildirdi ki, Azərbaycanda dərs saatlarının 10-da başlaması praktik olaraq çətin görünür. “Valideynlərin iş qrafikini nəzərə aldıqda, dərs başlanğıcını belə gecikdirmək mümkün deyil. Avropada özəl məktəblərlə yanaşı dövlət məktəblərinin də xüsusi avtobusları olur. Ana uşağı hazırlayıb qapının önündən yola salır. Bizdə isə analar yollarda qalıb, işləyən qadınlar üçün dərslərin gec başlaması əlavə problemdir. Bəlkə də yarım saat fərqlə gec başlamaq olar, amma bu qədər gec saatlarında dərsə başlamaq, növbəli dərs sistemi üçün də ağlabatan deyil”. Ekspert əlavə etdi ki, bunun ən yaxşı yolu uşaqların yuxu rejiminin tənzimlənməsi ilə bağlı maarifləndirmə kampaniyaları, valideyn və müəllimlərin məlumatlandırılması vacibdir. Belə yanaşma həm tədris keyfiyyətini, həm də uşaqların sağlamlığını qorumağa xidmət edə bilər.

Bakıda mikroavtobus qəzaya düşdü - 19 yaralı - YENİLƏNİB

"Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub" Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib. Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib: "Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir". 

Fernandu Santuş istefaya göndərildi

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilib. Sozcu.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Cahangir Fərəcullayev açıqlama verib. O, yığmanın DÇ-2026-nın seçmə mərhələsinin II turunda evdə Ukraynaya qarşı keçiriləcək oyundan öncə mətbuat konfransında portuqaliyalı mütəxəsislə yolların ayrıldığını bildirib.  Qeyd edək ki, Fernandu Santuşun AFFA ilə 2027-ci ilə qədər müqaviləsi var idi.

Ukraynada vətənə xəyanət edən deputat saxlanıldı

Ukrayna hüquq-mühafizə orqanları ölkədə fəaliyyəti qadağan olunmuş “Müxalifət Platforması - Həyat Naminə” Partiyasından olan deputatı saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb. Deputatın “vətənə xəyanət” ittihamı ilə saxlanıldığını bildirib. Məlumata görə, saxlanılan şəxs Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən müharibənin başlamasından xeyli əvvəl işə götürülüb və Rusiya xüsusi xidmət orqanları üçün tapşırıqları aktiv şəkildə yerinə yetirib. Bundan başqa, deputata qarşı Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə artıq onun barəsində həbs-qətimkan tədbiri seçib. Faktla bağlı ibtidai istintaq davam edir.

Biləcəri qəzasında ölənlərin - Adları

11:24 Bu gün saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Son məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın) tibb müəssisəsinə hospitalizasiya olunub. Bir kişinin hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb. *** Sentyabrın 6-da saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. "Son məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hazırda onların müayinə və müalicələri davam etdirilir. 2 nəfərin (kişi cinsli) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb", məlumatda deyilir. *** Bakıda baş verən ağır yol qəzası nəticəsində ölənlərin sayı 3-ə çatıb. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, hadisə nəticəsində təcili tibbi yardım briqadası 3 nəfəri (1 kişi, 2 qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya edib: "Onlardan 2000 və 2002-ci il təvəllüdlü şəxslərə (qadın) döş qəfəsinin səthi travması və qarın divarının əzilməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb". Bundan başqa, hadisə nəticəsində 1978-ci il təvəllüdlü (kişi) şəxs tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona CPR dəstəyi (ürək-ağciyər reanimasiyası) tətbiq olunsa da bioloji ölüm faktı qeydə alınıb. *** Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verən dəhşətli qəzada həlak olanların şəxsiyyəti məlum olub. Oxu.az-ın məlumatına görə, hadisə nəticəsində qəzaya səbəb olan "Kamaz" markalı yük avtomobilinin sürücüsü, 1976-cı il təvəllüdlü Vahid Vaqif oğlu Əbdülov, "Çangan" markalı minik avtomobilinin sərnişini, 1982-ci il təvəllüdlü Abdulla Əkrəm oğlu Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər. Hadisə nəticəsində xəsarət alan "Çangan" markalı minik avtomobilinin sürücüsü, 1978-ci il təvəllüdlü Yusif İbrahim oğlu İbrahimov isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq, Y.İbrahimov Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Qızıl mədəni çökdü: ölənlər var

Sudanın Berber şəhərinin qərbində qızıl mədəni uçub. Sozcu.az "Əl Ərəbiyə"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Hadisə nəticəsində 6 nəfər həlak olub, 20 nəfərə yaxın insanın isə dağıntılar altında qalması ehtimal olunur. Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər davam etdirilir. Hadisənin səbəbləri bəlli deyil.

Bu ölkədə xərçəng əleyhinə vaksin istehsal olundu

Rusiya xərçəng əleyhinə hazırladığı vaksin sınaqları uğurla tamamlayıb. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Vaksinin üzərində aparılan araşdırlmaların nəticəsində təkrar tətbiqlərdə belə təhlükəsiz və yüksək effektivlik göstərdiyi məlum olub. Tədqiqatçılar şişlərin ölçüsündə azalma və inkişaf tempinin yavaşlamasını müşahidə ediblər. Bu göstəricilər xəstəliyin xüsusiyyətlərindən asılı olaraq 60%-dən 80%-ə qədər dəyişib. Bundan əlavə, vaksin sayəsində sağ qalma göstəricilərinin də artdığı müəyyən olunub. Vaksinin ilkin hədəfi yoğun bağırsaq (kolorektal) xərçəngi olacaq. Peyvəndin artıq istifadəyə hazır olduğu da bildirilib.

ABŞ-da danışıqlar olacaq: Rusiyaya yeni sanksiyalar...

Avropa Birliyi rəsmiləri sentyabrın 8-də Vaşinqtonda Rusiyaya qarşı sanksiyalarla bağlı danışıqlar aparacaq. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, Rusiyaya təzyiq göstərmək məqsədilə müxtəlif iqtisadi təzyiq formaları, o cümlədən yeni sanksiyalar müzakirə olunacaq. Müzakirələrə Ağ Ev, ABŞ Dövlət Departamenti və ABŞ Ticarət Nümayəndəsinin ofisinin rəsmiləri də qatılacaq.

Tramp bu ölkəyə zərbə endirməyi düşünür - KİV

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun gücünü zəiflətmək məqsədilə Venesuela ərazisinə zərbələr endirməyi düşünür. Sozcu.az xəbər verir ki, bu haqda CNN məlumatlı mənbələrə istinadən məlumat yayıb. “Prezident Donald Tramp Venesuelada fəaliyyət göstərən narkotik kartellərinə qarşı hərbi zərbələr endirmək üçün müxtəlif variantları, o cümlədən sözügedən dövlətin başçısı Nikolas Maduronu zəiflətmək üçün daha geniş strategiyanın bir hissəsi kimi ölkə daxilindəki hədəfləri vurmaq imkanını nəzərdən keçirir”, - telekanal bildirib. Telekanalın mənbələri hələlik yekun qərarın verilmədiyini qeyd etsə də, gələcəkdə Venesuela ərazisinə Maduronu vəzifəsindən getməyə məcbur etmək məqsədi ilə zərbələr endirilməsi ehtimalı istisna edilmir.

Nikolun təyyarəsi ilk dəfə Azərbaycan hava məkanında...

Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi avqustun 30-da Azərbaycanın hava məkanı üzərindən xaricə uçub və sentyabrın 6-na keçən gecə geri qayıdıb. Sozcu.az "Nyus.am"a istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb. "Avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra Ermənistanın müvafiq orqanları baş nazirin təyyarəsi üçün hava tranziti ilə bağlı Azərbaycana müraciət edib və müsbət cavab alıb. Bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəliyinin irəliləməsi və qarşılıqlı etimad mühitinin formalaşması istiqamətində əməli addım kimi qiymətləndiririk. Xatırladım ki, Azərbaycan təyyarələri artıq uzun müddətdir ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin edilməsi üçün Ermənistanın hava məkanından istifadə edir", - o yazıb.

Kütləvi dava: 15 yaşlı oğlan bıçaqlandı

Daşkəsəndə mübahisə zəminində 2 nəfər bıçaq xəsarəti alıb, saxlanılanlar var. Sozcu.az Report-a istinadən xəbər verir ki, Daşkəsən rayon sakinləri, 1992-ci il təvəllüdlü Asəf İsmayılov və 2010-cu il təvəllüdlü C.Ələkbərov mübahisə zəminində bıçaq xəsarətləri alıblar. Zərərçəkənlər Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2005-ci il təvəllüdlü Elgün Məmmədov və 2007-ci il təvəllüdlü Zamin Rzazadə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Biləcəridəki qəza ilə bağlı TƏBİB-dən açıqlama

Bu gün saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Son məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın) tibb müəssisəsinə hospitalizasiya olunub. Bir kişinin hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.

Şəmkirdə qayınata kürəkənini öldürdü

Şəmkirdə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Şəmkir rayon prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, sentyabrın 5-də saat 23 radələrində Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində 1993-cü il təvəllüdlü Tural Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1968-ci il təvəllüdlü Sənan Əsgərovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı kürəkəni, Bakı şəhər sakini Tural Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sənan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

6 milyard dollarımız çatmır... - Zelenski

Ukraynanın öz PUA-sını və uzaqmənzilli raket proqramını inkişaf etdirməsi üçün ən azı 6 milyard dollar lazımdır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Çox şey işlənib, hazırlanıb. Maliyyə ilə bağlı böyük problemimiz var. Müxtəlif proqramlardan, o cümlədən ERA və SAFE, Avropa tərəfdaşlarımızın proqramlarından, həmçinin dondurulmuş Rusiya aktivlərindən istifadə etmək istəyirik. Hazırda kifayət qədər maliyyə yoxdur. Pilotsuz təyyarələr və raketlərlə bağlı ayrıca klaster var. Orada 6 milyard dollar kəsirimiz var”, - o bildirib.

Azərbaycan və Ermənistan rəsmiləri GÖRÜŞDÜ

Sentyabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub. Sozcu.az xəbər verir ki, bu il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq sahələrinin/hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirə ediblər. Nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşünün təşkili ilə bağlı fikir mübadiləsi aparıblar. 

Astarada kütləvi zəhərlənmə oldu - Araşdırma aparılır

18:13 Astarada kütləvi zəhərlənmə olub, 15-ə yaxın sakin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Sozcu.az-ın məlumatına görə, onlardan 10 nəfəri tibb müəssisəsinin infeksion şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. *** Sentyabrın 5-i saat 11:00-da müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə, 15 nəfər (9-u qadın, 6-sı kişi) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlara zəruri tibbi xidmət göstərilib. Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir. Həmçinin qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumlarla birgə araşdırmalara başlayıb.