“Dağlıq Qarabağ məsələsi, ümumiyyətlə, dünyanın gündəmində deyil”

Dünyanın koronavirus bəlası ilə çarpışdığı bir vaxtda ermənilər hər zaman olduğu kimi, bu məqamı da fürsətə çevirirlər.

Sabah – martın 31-də, Azərbaycanlıların Soyqırımı Günündə Dağlıq Qarabağdakı separatçı rejim növbəti “seçki” oyunu keçirəcək.

Mövcud ağır vəziyyətə baxmayaraq, Azərbaycanın ən böyük “pandemiyası” olan Dağlıq Qarabağ problemini diqqətdən kənarda saxlaması nə dərəcədə düzgündür? Atdığımız addımlar ermənilərin palanlarına adekvatdırmı?

Sozcu.az xəbər verir ki, Azad Demokratlar Partiyasının sədri, siyasi analitik Sülhəddin Əkbər Moderator.az-a açıqlamasında Dağlıq Qarabağda belə “seçkilər”in adi hala çevrildiyini təəssüflə bildirib:

“Çox təəəssüf ki, indi bütün dünyanın başı koronavirus pandemiyası ilə mübarizəyə qarışıb. Ən qüdrətli dövlətlər belə bunun qarşısında ya aciz qalıblar, ya da ən yaxşı halda böyük çətinliklərlə üzləşiblər.

Birincisi, onu deyim ki, hər bir ölkənin vətəndaşları ilə bağlı olduğuna görə, bu, bir az da təbiidir. Çünki xalqın sağlamlığı, fiziki varlığı təhlükədə olduqda digər məsələlər arxa plana keçir.

İkincisi, Dağlıq Qarabağ məsələsi, ümumiyyətlə, dünyanın gündəmində deyil.

Üçüncüsü isə Dağlıq Qarabağda “seçki” keçirilməsi təəssüf ki, artıq adi hal almağa başlayıb. Azərbaycan tərəfi isə buna, uzaqbaşı hansısa bir siyasi bəyanatla reaksiya verməklə işini bitmiş sayır.

Təbbi ki, bu adekvat reaksiya sayıla bilməz. İllərdir ki, Azərbaycan strateji olaraq bir sıra addımları atmayıb. Ermənistan isə bəzi adımlar atıb və irəliyə doğru dəyişib. Buraya demokratiyaya keçidi də əlavə etmək olar.

Bu prizmadan yanaşanda Azərbaycan indi əlverişsiz duruma düşüb, həm beynəlxalq baxımdan, həm də regional və lokal baxımdan. Ona görə də sabahkı separat “seçkilər”ə də Azərbayacnın reaksiyası Xarici İşlər Nazirliyinin bəyanatından o tərəfə keçməyəcək”.

O ki, qaldı pandemiyanın yaratdığı vəziyyətdən Azərbaycanın deyil, hər zaman olduğu kimi, ermənilərin daha yaxşı istifadə etməsinə, Sülhəddin Əkbər hesab edir ki, yaranmış tarixi fürsətdən o ölkələr istifadə edə bilirlər ki, onlarda strateji plan, dərin dövlətçilik düşüncəsi olur:

“Strateji planla hərəkət edən dövlətlər belə böhranları fürsətə çevirə bilirlər. Təəssüf ki, bunun üçün Azərbaycanda strateji hazırlıq yoxdur”.

Facebook Comments