TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçib

Bu gün Qazaxıstan Respublikasında səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA Şurasının iclasında iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sozcu.az-a verilən məlumata görə, tədbirdə açılış nitqi söyləyən TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova xatırladıb ki, qurumun 2019-cu ildə Bakıda keçirilən 9-cu plenar iclasında təşkilata sədrlik Türkiyə parlamentindən Azərbaycan parlamentinə keçib.

Ötən dövrdə TÜRKPA-nın işinin səmərəli qurulması və gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilib. Bu gün isə Qazaxıstan tərəfi TÜRKPA-ya sədrlik missiyasını öz üzərinə götürür.

Sədrliyi Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinə təhvil verən Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarova həmkarına uğurlar arzulayıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın Şura iclasında Azərbaycanın bu quruma sədrlik etdiyi dövrdə (dekabr 2019-sentyabr 2021) görülmüş işlərə dair məlumat verib.

Facebook Comments