Ənvər və Nuri paşaların atası Hacı Əhməd Azərbaycanda(1919-cu il) - Ceyhun Nəbi

106 baxış

Bakıya xəbər yayıldı ki, Ənvər və Nuri paşaların atası Hacı Əhməd Bakıya tərəf gəlir. Şəhər Bakının xilaskarının atasını görmək üçün həyəcan içində idi. Hacı Əhməd Bakıya xüsusi qatarla gəlirdi, onu qarşılamaq üçün milli hökümət Behbud xan Cavanşiri və Əmircanovu Ələt stansiyasına göndərmişdi. Hacı Əhməd Bakıya təşrif buyurduqdan sonra Nuri paşanın iqamətgahına getdi və oğlu ilə görüşdü. Şəhər sevinc hissləri içərisində idi. Musiqilər səslənir, nəğmələr oxunurdu.

Hacı Əhməd Bakıda görüşlər keçirdikdən sonra Azərbaycana səfərə çıxdı. Şəkidə oldu, Şəkinin hörmətli insanları ilə görüşlər keçirdi. Xalq Hacı Əhmədə Ənvər və Nuri paşa kimi oğul böyütdüyünə görə təşəkkürünü bildirirdi. Onu Azərbaycanda tanıyan adamlar çox idi. Azərbaycanda əsas dostlarından biri şamaxılı Hacı Məcid Əfəndi idi. Hacı Məcid Əfəndi İstanbulda olarkən onlar arasında dostluq münasibətləri qurulmuşdu. Onun İstanbulda yaşayan oğlu da Nuri paşa ilə birlikdə Qafqaz İslam Ordusu tərkibində Azərbaycana gəlmişdi. Hacı Əhməd Şəkidən sonra Gəncəyə gəldi. Gəncə əhli böyük sevinc hissləri içərisində idi. Hacı Əhmədi Nəsib bəy və Şeyxülislam Pişnamazzadə qarşıladı. O, Gəncədə yeni açılacaq hərbi məktəbin açlışında iştirak edəcəkdi.

Türk zabiti Ürfan bəy silahları omuza əmri verdi. Bomba atmaq, vuruşmaq, silah oynatmaq, müdafiə, pulemyotu söküb təzədən yığmaq üçün imtahan olduqdan sonra fasilə elan edildi, çay məclisi quruldu. Çay məclisi qurulan zaman çalğılar çalınır, rəqqaslar oynayırdı. Çay məclisi bitdikdən sonra Ürfan bəy yenidən : “silahlar omuza!” əmirini verdi.

Sonra Hərbiyyə məktəbindən Nazim bəy nitqə başladı:

– “Əfəndilər, bu gün Azərbaycanın həyatında ən məsud bir gündür. Biz, uzaqlardan gəlmiş qardaşlarınız, sizin bu gün göstərdiyiniz başarı və istedada qarşı heyran olduq! Sizi, yalnız bü günkü müvəffəqiyyətinizlə deyil, parlaq bir istiqbalda təqdirə dəyər dərəcədə Azərbaycana faydalı ola biləcəyiniz üçün təbrik edirəm! Mən şəxsən hərb tərəfdarı deyiləm, yalnız “Sülh istəyən hərbə hazır olmalıdır”. Çünki, məmləkət qüvvətli və hərbə hazır bir vəziyyətdə olarsa, kimsə ona hücüm etmək cəsarətində olmaz. Mən çox sevinc hissi duymaqdayam ki, siz hərb işini layiqincə öyrənmişsiniz. Ümid edirəm ki, siz Azərbaycanın qəhraman zabitləri olaraq, lüzümunda vətəninizə faydalı olacaqsınız”.

–Binaenaleyh qüvvətli bir orduya sahib olmanız lazımdır. Onuda vücuda gətirəcəyinizə inanıram. Bir daha sizi məzun olmanız münasibəti ilə təbrik edər və gələcəkdə vətəninizin iftixarı olacağınıza inanıram”.

Nazim bəydən sonra söz Azərbaycan Cümhuriyyətinin təhsil naziri Nəsib bəyə verildi. Alqışlar içərisində Nəsib bəy sözə başladı :

– “ Mənim övladlarım, hökümət məni sizi təbrik etmək və bir neçə söz demək üçün buraya göndərmişdir. Bununla iftixar edirəm. Hökümətin qənaəti budur ki, Azərbaycanın və millətin istiqbalı sizin əlinizdədir.Əgər siz qüvvətli bir ordu təşkil edə bilsəniz, millətin gələcəyi təmin edilmiş deməkdir. Bu gün burada gördüklərimə istinadən bu qənaətə gəldim ki, gələcək müstərih olmasını hökümətə ərz edəcəyəm. Bu qədər az zaman içərisində sizin əldə etdiyiniz müvəffəqiyyəti hər hansısa digər mədəni və qabiliyyətli bir millətin rahatlıqla əldə edəcəyini zənn etmirəm. Biz sizdən çox məmnunuq. Hökümət və türk qardaşlarımız tərəfindən sərf olunan əməklər boşa getmədi. Çox yaşayın ki, müdafiə edəcəyiniz millətdə yaşaya bilsin” . Sonra Nazim bəyə dönərək:

– “Qiymətli bəy əfəndi ! Siz Gəncə və bütün Azərbaycanın qurtuluş tarixində, Türkiyədən məmləkətimizə ilk dəfə gələnlərdən biri olmuşsunuz! Allah sizi qorusun ! Bizim sevimli Nazim bəy !”.

Məktəbin müəllimləri ilə müdürü Atif bəyə Nəsib bəy sözlərinə davam edərək bunları söylədi:

–“Əfəndilər! Başda Atif bəy olaraq məktəbi vücuda gətirərkən böyük müşgülləri məğlub etmişsiniz. Əməklərinizin nəticəsi göz önündədir. Baxın! Əməyiniz boşa çıxmadı. Bütün millət adından sizə ən səmimi və dərin təşəkkürlərimi ərz edirəm” . Sonra Nəsib bəy Hacı Əhməd paşaya dönərək :

– “Zati dövlətləri! Sizin, Ənvər və Nuri paşa kimi qəhraman övladlarınızın adları yalnız Azərbaycan deyil, bütün Türk xalqlarının hafizəsində daima baki qalacaq. Sizin kimi bəxtiyar bir ata çox az tapılar. Allah sizi və övladlarınızı salamat etsin !”

Sonda söz Şeyxülislam Pişnamazzadəyə verildi :

– O, ilk öncə Qurandan ayələr oxudu və sonra sözə başladı:

– “Oğullarım! Gözlərinizi açın! Əcnəbilər bizə zülm edirdi. Məscidlər viranə olmuşdu. Təhsilə fikir verin! Xurafatçı mollaları ifşa edin!”.Alqış sədaları altında tədbir başa çatdı.

Ceyhun Nəbi

Foto məlumat: Ənvər və Nuri paşaların atası Hacı Əhməd Şəkidə(1919-cu il)

Soldan sağa: 1. Fabrika sahibi Yaqub bəy( bolşeviklər tərəfindən güllələnərək şəhid edilib), 2. Fabrika sahibi Balaca Yaqub, 3. Şəki bölgə komutanı polkovnik Nəcib bəy, 4. Adı müəyyən edilməmiş tacir 5. Hacı Əhməd Paşa, 6. Şəki bələdiyyə sədri Azaq bəy(bolşeviklər tərəfindən güllələnərək şəhid edilib), 7. Hacı Əhməd Paşanın yavəri, 8. Komissar Məhəmməd bəy Əhmədoğlu.

Fotodakı şəxslərin kimliyini Azərbaycan Cümhuriyəti dövründə Şəkidə Qəza rəisi işləmiş, Türkiyədə siyasi mühacir yaşadığı vaxtı Türkiyə Xüsusi Xidmət orqanlarında çalışmış Əyyub bəy Rəfibəyli(Sayqın) Türkiyədə azərbaycanlı mühacirlərin çıxarıdığı "Mücahid" jurnalına verdiyi məlumat əsasında çap edilib.

Bu gördüyünüz orjinal fotonu isə Nəsib Bəy Yusifbəylinin qızı Zöhrə Göygöl yazıçı Əzizə Cəfərzadəyə vermişdi. O isə Azərbaycana gətirib.

Paylaş:

Əlaqəli məqalələr