Dövlət Baxçalı Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

71 baxış

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib.

Sozcu.az xəbər verir ki, Dövlət Baxçalı 18 oktyabr 1991-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın əhəmiyyətini vurğulayaraq Azərbaycanın müstəqilliyinin 35-ci ildönümünü səmimi duyğularla təbrik edib.

O bildirib ki, Azərbaycanın Müstəqilliyinin Bərpası Günü yalnız bir dövlətin yenidən doğuluşu deyil, həm də əsarətlə barışmayan, ona boyun əyməyən bir xalqın məğrur mövqeyinin ifadəsidir.

MHP sədri qeyd edib ki, Azərbaycan 27 sentyabr–10 noyabr 2020-ci il tarixlərində əldə etdiyi Qarabağ Zəfəri ilə milli müstəqilliyinə yeni məna və güc qazandırıb.

Dövlət Baxçalı paylaşımında Türkiyə-Azərbaycan qardaşlığına da toxunub:

“Bir dəfə yüksələn bayraq bir daha enməz!” ifadəsinin Azərbaycanın müstəqillik düşüncəsinin mahiyyətini əks etdirdiyini bildirən Baxçalı, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözlərinin iki ölkə arasındakı münasibətlərin əsasını təşkil etdiyini vurğulayıb.

O, Türkiyə və Azərbaycanın “Bir millət, iki dövlət” anlayışı ilə bütün çətinliklər qarşısında ortaq mövqe sərgilədiyini qeyd edərək, iki ölkənin gələcək yolunu da eyni duyğu və düşüncələrlə müəyyənləşdirəcəyini bildirib.

“Azərbaycan və Türkiyə hansı mövzuda olursa-olsun, bir-birindən ayrılmaz bütövdür. Biz eyni soydan olan bir ananın iki oğluyuq. Əzəldən əbədə dinimiz, dilimiz, eşqimiz, yolumuz birdir. Sevdada da, mübarizədə də birik”, – deyə MHP sədri vurğulayıb.

Dövlət Baxçalı sonda Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü bir daha təbrik edib, Azərbaycan xalqına salam və məhəbbətlərini çatdırıb.

Paylaş:

Əlaqəli məqalələr