"Türk bayrağının endirilməsi hadisəsi baş verməyib” – Rəsmi açıqlama
Bəzi media orqanları və sosial şəbəkələrdə yayılan “Türkiyə bayrağının Azərbaycanda endirilməsinə cəhd” iddiaları dezinformasiya kimi qiymətləndirilib.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.
Bildirilib ki, yayılan görüntülər köhnə tarixə aiddir və yeni hadisə kimi təqdim olunur.
Mərkəzin açıqlamasında qeyd olunub ki, görüntülərin çəkildiyi vaxt Türkiyə bayrağına qarşı mənfi hərəkət etməyə çalışan təxribata Azərbaycan vətəndaşları ilk və ən sərt reaksiyanı veriblər.
“Türk bayrağının endirilməsi kimi bir hadisə baş verməyib”, – deyə paylaşımda vurğulanıb.
Mərkəz köhnə görüntülərin kontekstdən çıxarılaraq yeni hadisə kimi yayılmasının Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərini hədəfə aldığını bildirib.
İctimaiyyətə bu cür manipulyasiyalara qarşı həssas və diqqətli olmaq çağırışı edilib.















