Dövlət Bağçalı: “Azərbaycanla Türkiyə arasındakı qardaşlıq dərindir”
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı fikirlərini bölüşüb.
Sozcu.az “Haber7”yə istinadən məlumat yayıb.
Bağçalı Türkiyə Cümhuriyyətinin qurulmasının 103-cü ildönümü, türk respublikalarının müstəqilliklərinin 35-ci ildönümü və Türk Dövlətləri Təşkilatının Ankarada keçiriləcək sammiti münasibətilə yazılı açıqlama verib.
MHP sədri Türkiyə Cümhuriyyətinin qurulmasının 103-cü, türk respublikalarının müstəqillik əldə etmələrinin isə 35-ci ildönümünü təbrik edib.
“Azərbaycanla Türkiyə arasındakı qardaşlıq gündəlik hadisələrin çərçivəsinə sığmayacaq qədər qədim, siyasi və diplomatik məsələləri aşan tarixi mahiyyət daşıyacaq qədər dərindir. Qardaşlığımız iki xalqın iradəsi ilə güclənib, ortaq mübarizələrlə möhkəmlənib və nəsillər boyu yaşadılıb”, – deyə Dövlət Bağçalı bildirib.
O vurğulayıb ki, heç bir anlaşılmazlığın böyüdülməsinə, fikir ayrılıqlarının qalıcı parçalanmaya çevrilməsinə və tərəflər arasında nifaq toxumlarının səpilməsinə imkan verilməməlidir.

















