Tarixi hadisə: Türkiyə ilk dəfə NATO üzvünə hərbi gəmi ixrac etdi

15 baxış

Türkiyə hərbi dənizçilik tarixində mühüm bir ilkə imza atıb. Qardaş ölkə ilk dəfə olaraq NATO və Avropa İttifaqına üzv bir dövlətə hərbi gəmi ixrac edib.

Sozcu.az xəbər verir ki, Rumıniya Hərbi Dəniz Qüvvələri üçün inşa olunan “Cam. Roman” korvetinin təhvil verilməsi münasibətilə İstanbulda təntənəli mərasim keçirilib. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rumıniya Prezidenti Nikuşor Dan iştirak ediblər.

Çıxışı zamanı hadisənin tarixi əhəmiyyət daşıdığını vurğulayan Ərdoğan bildirib ki, bu təhvil Türkiyə müdafiə sənayesinin inkişaf səviyyəsini və iki ölkə arasındakı strateji tərəfdaşlığı nümayiş etdirir.

“Bu, tariximizdə həm NATO, həm də Avropa İttifaqına üzv olan bir ölkəyə ilk hərbi gəmi tədarüküdür”, – deyə Türkiyə lideri qeyd edib.

Ərdoğan Qara dəniz regionunun Avro-Atlantik təhlükəsizlik sistemində mühüm yer tutduğunu vurğulayaraq, Türkiyə, Rumıniya və Bolqarıstan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə ümid etdiyini bildirib.

Prezident həmçinin diqqətə çatdırıb ki, korvetdə istifadə olunan döyüş idarəetmə sistemi, radarlar, sonar avadanlıqları, atəşi idarəetmə və yaxın müdafiə sistemləri Türkiyənin yerli müdafiə sənayesi müəssisələri tərəfindən hazırlanıb.

Mərasim çərçivəsində Rumıniyaya təhvil verilən “Cam. Roman” korveti ilə yanaşı, Türkiyə Hərbi Dəniz Qüvvələri üçün inşa edilən “Hisar” sinifli “TCG Koçhisar” patrul gəmisi də rəsmi olaraq xidmətə qəbul edilib.

Qeyd edək ki, hər iki gəmi Türkiyə Milli Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Asfat” şirkəti tərəfindən milli hərbi gəmiqayırma proqramı çərçivəsində inşa olunub.