Xəzər Teyyublu: "İşğalla barışmaq olmaz" – Şuşadan verilən mesajın pərdəarxası

92 baxış

Azərbaycan prezidenti Şuşa forumunda Ukrayna münaqişəsi ilə bağlı verilən suala cavabında qeyd etdi ki, işğalla barışmaq olmaz. Eyni zamanda, müharibənin dərhal dayandırılmasının vacibliyini vurğuladı. O, ukraynalı jurnalist Dmitri Qordona bildirdi ki, ötən il verdiyi proqnoz üst-üstə düşüb, dolayısı ilə demək istəyib ki, Rusiyanın arxa cəbhəsi vurulacaqdı və işğalçı ordunun böyük ölçüdə uğuru gözlənilmirdi. İndi də bu gözlənti təsdiqini tapıb və rus ordusunun hücum tempi kəskin şəkildə aşağı düşüb, Rusiya dərinliklərində neft sənayesi iflic edilib. Oxşar bəyanatla bu günlərdə Qazaxıstan prezidenti Tokayev də çıxış etdi. Qazax lider rusiyalı həmkarı ilə tet-ha-tet söhbətində atəşkəsin vacibliyini bildirdi.

Azərbaycan və Qazaxıstan Rusiya ilə sərhəd olan MDB ölkələridir.

İki türk dövlətinin liderlərinin çağırışı və tövsiyələri nə dərəcədə effektiv ola bilər?

Siyasi şərhçi Xəzər Teyyublu Musavat.com-a bildirdi ki, son dövrlərdə həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiya-Ukrayna müharibəsinin dayandırılması və davamlı sülhün təmin olunması istiqamətində səsləndirdikləri mövqelər region dövlətlərinin bu məsələdə sülhə üstünlük verən yanaşmasının göstəricisidir: "Hazırda müharibənin xarakteri də müəyyən qədər dəyişməkdədir. Xüsusilə pilotsuz uçuş aparatları vasitəsilə neft obyektlərinə, enerji infrastrukturuna və digər mühüm iqtisadi obyektlərə edilən hücumlar göstərir ki, münaqişənin iqtisadi aspekti getdikcə daha çox ön plana çıxır. Bu cür hücumlar təkcə müharibə aparan tərəflərə deyil, qlobal enerji bazarlarına, logistika zəncirlərinə və dünya iqtisadiyyatına da ciddi təsir göstərir. Hazırkı vəziyyət hələ yekun nəticə çıxarmağa əsas vermir. Cəbhədə və diplomatik müstəvidə proseslər kifayət qədər dəyişkəndir və hadisələrin inkişaf istiqaməti hər an fərqli məcraya yönələ bilər. Əsas məsələ ondan ibarətdir ki, bu müharibənin uzanması dünya iqtisadiyyatı üçün ciddi çətinliklər yaradır. Bu qarşıdurmanın nə region xalqlarına, nə də beynəlxalq ictimaiyyətə hər hansı faydası var. Əksinə, davam edən münaqişə təhlükəsizlik risklərini artırır, iqtisadi sabitliyi zəiflədir və humanitar problemləri daha da dərinləşdirir. Məhz buna görə də beynəlxalq hüquqa əsaslanan, ədalətli və dayanıqlı sülhün əldə olunması bütün tərəflərin maraqlarına xidmət edir".

Siyasi şərhçi onu da xüsusi vurğuladı ki, Azərbaycanın bu məsələdə mövqeyi ardıcıl və prinsipialdır: "Rəsmi Bakı hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunmasının, bütün münaqişələrin isə danışıqlar və sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bəyan edib. Bu baxımdan, sülh təşəbbüslərinin artması və diplomatik səylərin gücləndirilməsi həm region, həm də qlobal təhlükəsizlik baxımından müsbət siqnal hesab olunmalıdır. Ən vacib məsələ isə münaqişəni dayandırmaq, tərəflər arasında etimadı bərpa etmək və uzunmüddətli, ədalətli, davamlı sülhə nail olmaqdır. Məhz bu yanaşma regionda sabitliyin möhkəmlənməsinə, iqtisadi inkişafın sürətlənməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edəcək".

Paylaş:

Əlaqəli məqalələr