"Milli birlik etnik bölgüdən üstündür" – Səxavət Soltanlı

113 baxış

Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı Azərbaycanda etnik mənsubiyyətlə bağlı aparılan müzakirələrə münasibət bildirib.

Sozcu.az xəbər verir ki, o, Azərbaycanın ərazi bütövlüyü qədər xalqın mənəvi və ictimai bütövlüyünün də qorunmasının vacibliyini vurğulayıb.

Səxavət Soltanlı qeyd edib ki, cəmiyyətdəki müxtəlifliyi kiçik faizlərlə təqdim etmək istər-istəməz ayrı-seçkiliyə rəvac verir və milli birliyə xələl gətirə bilər. Onun fikrincə, diqqət etnik qrupların sayına deyil, onların cəmiyyətə inteqrasiyasına və birgə yaşayış ənənələrinə yönəlməlidir.

O bildirib ki, Azərbaycanda hər il nikahların təxminən 6-8 faizinin müxtəlif etnik mənsubiyyətə malik insanlar arasında bağlanması cəmiyyətin artıq qaynayıb-qarışdığını göstərən mühüm göstəricidir.

"Bu gün hansı etnik qrupun neçə faiz təşkil etdiyini müzakirə etmək yumşaq desək, məsuliyyətsizlik və naşılıqdır. Biz vətən uğrunda canından keçən şəhidləri etnik kimliklərinə görə ayırmadığımız kimi, vətəndaşlarımızı da bu meyar əsasında qiymətləndirməməliyik", – deyə o vurğulayıb.

Səxavət Soltanlı əlavə edib ki, Azərbaycan bütün vətəndaşların ortaq vətənidir və cəmiyyətin hər bir üzvü bu bütövlüyün ayrılmaz hissəsidir. Onun sözlərinə görə, xalçanın ilmələri bütöv naxışı yaratdığı kimi, ölkənin bütün vətəndaşları da Azərbaycanın gücünü və birliyini formalaşdırır.

Məqalə şəkli
Paylaş:

Əlaqəli məqalələr