“Bu təhlükəli proses dərhal dayandırılmalıdır” – Tural İrfandan Səfəvilər mesajı
İlahiyyatçı Tural İrfan Səfəvilər, məzhəbçilik, “Təbərra” anlayışı və son günlər bu mövzuda sosial şəbəkələrdə gedən müzakirələrlə bağlı geniş yazı yayıb.
Sozcu.az xəbər verir ki, Tural İrfanın yazısını olduğu kimi təqdim edirik:
İranın molla rejimi Cəməl, Suffeyn, Kərbəla savaşından müsəlmanları parçalamaq üçün, Çaldıran savaşından da türkləri parçalamaq üçün məharətlə istifadə edir. Birincilər yada salınanda dini camiə, ikinci yada salınanda həm dini həm də dünyəvi camiə bir-birinə dəyir. Daxili münaqişələri yaşatmaq, bu günə sürüyüb gətirmək bax belədir.
Yəhya Rəhim Səfəvinin bir neçə gün öncə diyirlədiyi təkərə düşüb hara gedirsiniz? Artıq biri yazıb ki, əks fikirdə olanları şaqqalamaq, yaza bilməsin deyə sağ əlini biləkdən kəsmək lazımdır. Digəri yazıb ki, filan şahı qəbul etməyənlər bicdir və atalarını tanımırlar. Bir alim efirdən Sultan Səlimə açıq lənət oxuyur... Bu və bu kimi çoxsaylı faktlar o dövrün şəriət ehkamlarına əsaslanan sistemə, ənənəyə keçidi tərənnüm edir. Xətalı tendensiyadır.
“Kərimə dövləti”ni tərənnüm edən, indi həbsdə olan irançıların başçısı da dünyəvi sistemdən İranın teokratik modelinə keçid mərhələsini Səfəvilərin dini - məzhəbçi ideologiyası üzərindən mümkün ola biləcəyini ifadə edirdi. Məzhəbçilik təəssübü üzündən, təhtəlşüurda yatan xanlıqlar dövrünün bölücülük nostalgiyasını təzahür etdirməyə zəmin axtaran əyalətçilik zehniyyətindən qurtula bilməyərək cəmiyyəti uçuruma gətirmək lazım deyil. Artıq ölkəmizdəki irançılar yazır ki, obraz olaraq Nadir şah ona görə uyğun deyil ki, o məzhəbçi ideologiyadan millətçi, dünyəvi sistemə keçid edirdi... Onda məgər biz Səfəviləri məhz dini, məzhəbçi ideoloji xətt izlədikləri üçünmü qabağa salırıq?
Hər halda Səfəviləri yaşatmaq məsələsində üç mövqe, üç zümrə var. Biri sovet təsəvvüründə qalmış, o dövrün senzurasından keçmiş ədəbiyyat əsasında təsəvvürə malik olan, məsələnin ideoloji, dini, məzhəbi, milli yönlərini demək olar ki, dərindən, hərtərəfli araşdırmamış yaxud bu məsələlər barədə sərhədli, məhdud bilgi əsasında fikir formalaşdırmış Oqtay Əfəndiyev kimi səmimi tarixçilər və bu yolu izləyən mədəni, vətənpərvər adamlar. İkinci qrup heç səcdə etdikləri şahın doğum tarixini, bircə bayatısını da bilməyən, müdafiə etmək istədikləri uğrunda içindəki bütün nifrəti, kini, xurafi inancdan doğan ədavəti fərqli fikir sahiblərinin üstünə tökməyə bəhanə axtaran, ümumiyyətlə tarixdən, dindən xəbərsiz məzlum və məşum fanatlar. Üçüncü əsas qrup isə Nardaran hadisələrinin, deputatın timsalında dövlətə qarşı, səfirliyimizə qarşı terrorun təşkilatçı və iştirakçılarının, Taleh Bağırzadənin, Azər Səricanovun, bir az da dərinə getsək SEPAH komandiri, İranın ali dini liderinin müşaviri Yəhya Rəhim Səfəvinin, hakimiyyətdə olduğu dövrdə ASALA terror təşkilatını bəsləyən Bəşşar Əsədin mövqeyində olanlardır.
Birinci zümrə Səfəvilərə sadəcə tariximizin bir parçası, bir qədər də mübaliğəli formada bani, qurucu, böyüdücü və sair orbazı verib mühafizəkar təsəvvürdə olanlardır ki, illərdir bu yanaşma var. Bunlar, sanki Səfəvilərdən nə əvvəl, nə də sonra yer üzündə əsla dilimiz, dövlətimiz, ərazimiz olmayıbmış kimi təsəvvürə malik olanlardır. İkinci zümrə də bütün zamanlarda olub, öz ağlı, mövqeyi, savadı olmayıb ağıza baxanlar. Kim hansı səmtə getdisə yüyürüb hamıdan qabağa düşənlər. Səfəvilər dövrünün təbiri ilə desək “Təbərrain”lər. Söyüş, lənət, nifrin edən, ara qızışdırmaq üçün ortaya salınmış fanatlar. Bunlar da fanatlıqlarından, savadsızlıqlarından təhlükəli planlara alət edildikdə ciddi ziyan vura bilərlər. Lakin üçüncü qəbildən olanlar məzhəbçi teokratik orta əsr sistemini daşıyıb bu günə gətirmək və dünyəvi quruluşu dəyişib onunla əvəzləmək iddiasında olanlardır ki, bu ən ciddi və real təhdid yaradan qrupdur. Yəhya Rəhimin “biz Səfəvilərin varisiyik” deməsi təbii ki, bəzdəki məddah fədailərin təsəvvür etdiyi bütöv Azərbaycan qurmuş, dövlət dilini Azərbaycan dili etmiş (mübahisəlidir. Müəllif.), topun lüləsini qılıncı ilə kəsmiş qəhrəman şahdan yaxud onun yaratdığı Azərbaycandan getmir. Yahya Rəhimin dediyi miras sadəlövh təsəvvürlərdəki şeir, ədəbiyyat, “Dəhnamə” yaxud Azərbaycan dili deyil, fars şüubiyyəsinə dayanan Səfəvi dini - məzhəbçi, teokratik ideologiya irsidir ki, bu gün həmin rejim məhz o dayaqların, o təməllərin üstündə qurulub. Hazırda əsasən sosial şəbəkələrdə ikinci və üçüncü qrupun meydanda olduğunu görürük. İkinci fanat, bəzən də sadəlövh qrupun da bilərəkdən yaxud bilmədən üçüncü qəbildən olan təhlükəli tərəfin mövqeyinə xidmət etdiyini müşahidə edirik. Demək olar ki, bütün irançı, söyüşcü, təxribatçı qruplar profilinə sözü gedən tarixi simanın rəsmini qoyaraq Səfəvilərin teokratik məzhəbçi ideologiyası uğrunda “Təbərra” edirlər. Bu təhlükəli proses dərhal dayandırılmalıdır. Hansısa tarixi şəxsiyyətlərin orbazı altında, xaricdən verilən mesaj və tezislər əsasında xalqın həmrəyliyini, milli birliyini, tolerantlığını pozmaq hansı ad altında olursa olsun xəyanətdir. Tarixi bəhanə edib orta əsr dini, teokratik ideologiyalarını təbliğ etmək, sətiraltı, şüuraltı “kərimə dövləti” viruslarını aşılamaq, beyinlərə yeritmək İranın ölkəmizdə gəncləri narkotiklə məhvə apardığını Türkiyə seriallarının əxlaqımızı pozması propaqandası və dondurmaçını qovmaq səs-küyü yaratmaqla ört-basdır etməyə cəhdlər çox aydın görünür.
Əski tarixi dövlətlərin tarixini, mədəniyyətini əxz etməkdə müasir dünyəvi dövlətimiz üçün faydalı olanlarını götürməyi anlayışla qəbul etmək lazımdır. Lakin o dövrün məzhəbçi, feodal, teokratik sistemlərinin dini ideologiyasının dirçəldilməsi fəlakət olar. Bu, indiki İran, Əfqanıstan deməkdir. Hara gedirsiniz Yahya Rəhimin təkərinə düşüb?
Səfəvilərə pərəstiş məsələsində tarix və mədəniyyətdən o tərəfə keçmək ciddi yanlışlıq olar. Baxmayaraq ki, artıq keçilib. Çünki ondan sonra onların dini ideologiyası gəlir ki, həmin ideologiya məzhəbçi teokratik dövlət modeli idi ki, bu da bizim indiki hüquqi, sekulyar, demokratik dövlət quruluşumuza deyil, hazırki İranın vilayəti-fəqih doktrinasına, teokratik dövlət quruluşuna uyğun gəlir. Dinin siyasiləşməsi, məzhəbin dövlət ideologiyasına çevrilməsi bu saat regionda yalnız molla rejiminə lazımdır.
Türk soylarını qarışdırıb itirmək üçün siğəşünaslığın ərəb coğrafiyasından türk coğrafiyasına daşınması həmin teokratik sistemin fars məzhəbçiliyinin “yadigarı”dır. Din pərdəsi altında bu məsələ türk dövlətləri arasında yeganə olaraq Azərbaycandakı məzhəbçi dini camiə arasında olsa da yaşadılır, inancın tərkib hissəsi hesab olunur.
“Təbərra”, yəni Peyğəmbərin arvadına, qayınatasına, səhabələrinə ağır söyüş və lənətlər yağdırıb onları sevən bütün müsəlmanlara düşmən olmaq tələbi hətta inancın əsaslarına daxil edilib. Bu kimi “irsi” diriltmək, onsuz da dini camiədə yaşamaqda olan “Təbərra”nı 500 il geridən bu günə qaytarıb sosial şəbəkələrdə müasir üsullarla dünyəvi camiyə də daşıyıb yaşatmaq yalnız molla rejiminə xidmət etmirmi?
Neçə gündür “Təbərra” icra olunur. Səfəvilər zamanında Təbərra icra edən xüsusi dəstələr vardı. “Təbərra” ərəbcə bəri olmaq, düşmən olmaq, uzaqlaşmaq, nifrət etmək mənasında olsa da farsca “Təbər” balta deməkdir. Bu qrupların həm də əlində balta olurdu. Təbərra etdikləri şəxslər məlum ideologiyanı qəbul etmədikdə balta ilə təbərra edirdilər. Bu və bu kimi məsələlər orta əsrlər üçün bəlkə də xarakterik ola bilərdi, bəs onu bu günə daşımaq necə, lazımdırmı? Bu, dövlət siyasətimizin tərkibi olan tolerantlığa, dünyəvi hüquqa, sekulyarizmə tamamilə zidd deyilmi?
Bir neçə gündür məlum mövzu ətrafında mübahisələrdə tolerantlıq pozularaq məhz “Təbərra” üsuluna keçilib. O dövrdə qılınclarla icra olunmuş bu metod indi hələ ki, ilkin mərhələdə təhdid, təhqir, böhtan, suçlama, ittiham mərtəbəsindədir. Lakin bəzi təhlükəli, fanatik, radikal, ekstremist çağırışları nəzərə alaraq demək olar ki, proses daha ciddi mərhələyə keçid ala bilər. Ona görə bu mövzunu dərhal qapadıb obyektiv tarixçilərin öhdəsinə vermək lazımdır. Müzakirə də tarixdəki teokratik yaxud hər hansısa məzhəb ideologiyalı dövlətlə bağlı olarsa tarixçi ilə bərabər mütləq məzhəbsiz dinşünas, obyektiv ilahiyyatçı da olmalıdır. Çünki həmin dövlətin siyasi, tarixi, mədəni yönlərini tarixçi izah edərkən dini, ideoloji, məzhəbi yönlərini də dinbilən izah etməlidir. Keçmiş teokratik mehvərə söykənən tarixi dövlətlərimizi araşdırarkən tarixçilərin dini bilgisinin sadəcə məlumat səviyyəsində olması obyektiv nəticəyə gəlməyə imkan vermir.
Yəhya Rəhimin diyirlədiyi məzhəb təkərinə düşüb ixtilaflı yollarla ədavət hədəfinə diyirlənən sadəlövh soydaşlarımıza sadəcə acıyıram...


















