Elşən Əlisoy: “Başqa rayonda ev vermək məcburi köçkünü öz yurduna qaytarmaq demək deyil”
Əslən Kəlbəcər rayonundan olan, Sözcu.az xəbər portalının təsisçisi Elşən Əlisoy məcburi köçkünlərlə bağlı qəbul edilən son qanun dəyişikliklərini tənqid edib. Onun fikrincə, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlara edilən dəyişikliklər məcburi köçkünlərin hüquqlarının tam təmin olunmasına xidmət etmir.
Elşən Əlisoy bildirib ki, qanuna əsasən, məcburi köçkün əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə və ya həmin regionda dövlət tərəfindən təklif olunan başqa yaşayış yeri ilə təmin edildikdə, yaxud həmin təklifdən imtina etdikdə məcburi köçkün statusunu itirir. Onun sözlərinə görə, məhz bu müddəa ciddi narahatlıq doğurur.
"İnsanlar 30 ildən artıqdır ki, öz ata-baba torpaqlarının həsrətini çəkirlər. Məcburi köçkünlərin əsas arzusu hər hansı rayonda ev almaq deyil, doğulduqları kəndə, şəhərə qayıtmaqdır. Kəlbəcər sakinini Suqovuşana, Şuşa sakinini başqa rayona köçürmək onların öz yurduna qayıtması demək deyil", – deyə o vurğulayıb.
Əlisoy hesab edir ki, qanunda nəzərdə tutulan mexanizm vətəndaşın seçim hüququnu məhdudlaşdırır. Onun fikrincə, dövlətin təklif etdiyi yaşayış yerini qəbul etməyən şəxsin məcburi köçkün statusundan məhrum edilməsi hüquqi baxımdan mübahisəlidir.
Sözcu.az-ın təsisçisi qeyd edib ki, xüsusilə Şuşa, Kəlbəcər və Laçın kimi strateji və iqtisadi baxımdan yüksək dəyərə malik rayonların sakinlərinin hüquqları ayrıca nəzərə alınmalıdır:
"Əgər dövlət Şuşa və Kəlbəcər kimi həm tarixi, həm də turizm baxımından böyük iqtisadi potensiala malik ərazilərdə yeni layihələr həyata keçirirsə, həmin ərazilərin sakinlərinə başqa rayonda ev verməklə məsələni həll etmiş saymaq olmaz. Belə hallarda ya insanlar öz doğma torpaqlarına qaytarılmalı, ya da onlara itirdikləri əmlakın və torpağın real dəyərinə uyğun əlavə kompensasiya ödənilməlidir."
Elşən Əlisoyun sözlərinə görə, məcburi köçkün probleminin həlli insanların başqa bölgələrə yerləşdirilməsi deyil, onların öz doğulduqları rayon və kəndlərə təhlükəsiz, ləyaqətli və könüllü şəkildə qayıdışının təmin edilməsidir.
"Bu qanun indiki redaksiyada məcburi köçkünlərin hüquqlarının tam bərpasını təmin etmir. Əksinə, bir çox hallarda onların seçim imkanlarını məhdudlaşdırır və doğma torpaqlarına qayıtmaq hüququnun mahiyyətini zəiflədir", – deyə Elşən Əlisoy bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı dəyişikliklərə əsasən, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlara yeni müddəalar əlavə edilib. Dəyişikliklərə görə, məcburi köçkünə əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə və ya həmin regionda başqa yaşayış yeri təklif olunduqda, həmin təklifdən imtina edən şəxs məcburi köçkün statusunu itirəcək. Həmçinin qanun qüvvəyə minənədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə mənzillə təmin olunmuş şəxslərin də məcburi köçkün statusu qanunun qüvvəyə mindiyi tarixdən etibarən ləğv edilir.
Anar Rəsullu

















