Paşinyan Qarabağ bəyanatına görə peşman olmadığını dedi
Ermənistanın Baş naziri Nikol Paşinyan 2019-cu ildə Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə bağlı açıqlama verib.
Sozcu.az xəbər verir ki, Teleqrafın məlumatına görə, Paşinyan brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, indiyədək heç vaxt dediyi sözlərə görə məsuliyyətdən yayınmayıb.
Baş nazir qeyd edib ki, həmin ifadəni sonradan dəfələrlə özü də xatırladıb.
“Həmin bəyanatın nəticəsində indiki mərhələyə gəlib çatdıq və bu, yaxşı mərhələdir. Əgər mən bunu deməsəydim, hələ də həmin tələdə qalacaqdıq, əsir vəziyyətində yaşayacaqdıq, çünki baş verənlərin əsl mahiyyətini anlaya bilməyəcəkdik”, – deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, uzun illər Ermənistan cəmiyyətində Qarabağla bağlı yanlış təsəvvür formalaşıb:
“Bütün bunlar xülyadır. Bizə elə gəlirdi ki, guya Qarabağ bizim idi və onu “itirmişik”. Əslində isə Ermənistanın özünü itirmək təhlükəsi ilə üz-üzə idik”, – deyə Ermənistanın Baş naziri vurğulayıb.
