Türkiyəni hədəfə almaq Azərbaycana nə qazandıracaq?” – Vaqif Hacıbəylidən açıqlama
Vaqif Hacıbəyli: “Türkiyə kimi qüdrətli bir ölkəyə qarşı hikkəli davranış əks effekt verir”
Hüquqşünas Vaqif Hacıbəyli Azərbaycan və Türkiyə arasında münasibətlərlə bağlı son müzakirələrə münasibət bildirib.
Sozcu.az xəbər verir ki, Vaqif Hacıbəyli Azərbaycan iqtidarının Türkiyə əleyhinə başladığını hesab etdiyi kampaniyanın getdikcə daha xoşagəlməz xarakter aldığını qeyd edib.
Hüquqşünasın sözlərinə görə, Azərbaycan iqtidarı əvvəllər Rusiya və İrana qarşı rəsmi səviyyədə tənqidi kampaniyalar aparsa da, sonradan münasibətlərin normallaşması istiqamətində addımlar ataraq prosesin nəzarətdən çıxmasına imkan verməyib.
O bildirib ki, Türkiyə ilə bağlı yaranmış vəziyyət fərqli xarakter alır və Türkiyə tərəfi də artıq rəsmi səviyyədə sərt mövqe nümayiş etdirir. Hacıbəyli bunu Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bakıdakı mövqeyi ilə əlaqələndirib.
“Azərbaycan iqtidarının ‘oturun oturduğunuz yerdə’ tipində hikkəli davranışı müəyyən dövrdə ölkə içində siyasi effekt verə bilər, lakin Türkiyə kimi qüdrətli bir ölkəyə qarşı bu tipli davranışın əks effekt verdiyi göz qabağındadır”, – deyə hüquqşünas vurğulayıb.
Vaqif Hacıbəyli “Biz kiçik qardaş deyilik” tezisinə də münasibət bildirib. O, Türkiyədə bəzi insanların azərbaycanlılara yuxarıdan aşağı baxması hallarını özünün və yaxınlarının da yaşadığını qeyd edib. Bununla belə, Azərbaycanda Türkiyə vətəndaşlarına münasibətdə hər zaman lazımi hörmətin göstərilmədiyini deyib.
Hüquqşünas Qarabağdakı layihələrin Türkiyə şirkətlərinə verilməsi ilə bağlı müzakirələrə toxunaraq bildirib ki, onun fikrincə, söhbət bütövlükdə Qarabağın deyil, bəzi gəlirli layihələrin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yaxın şirkətlərə verilməsindən gedir.
O, Türkiyənin vaxtilə Azərbaycanı satdığı barədə səsləndirilən fikirlərlə də razılaşmadığını ifadə edib. Hacıbəyli Məmməd Əmin Rəsulzadənin Azərbaycanın müstəqilliyi ilə bağlı mövqeyini və Qafqaz İslam Ordusunun 1918-ci il sentyabrın 15-də Bakını azad etməsini xatırladıb.
Vaqif Hacıbəyli 1995-ci ilin mart hadisələri ilə bağlı Türkiyənin dövlət səviyyəsində Azərbaycanda çevriliş etmək istədiyi barədə iddiaları da rədd edib. O, həmin dövrün hadisələri ilə bağlı istintaq materialları ilə tanış olduğunu, sabiq xarici işlər naziri Tofiq Qasımovun ictimai vəkili kimi Ali Məhkəmədə 20 gün ərzində sənədləri araşdırdığını bildirib.
Hacıbəyli, həmçinin həmin dövrdə 32 siyasi partiyanın birləşdiyi “Dəyirmi Masa”nın təmsilçisi kimi prezident aparatında danışıqlar apardığını və bu danışıqların stenoqramını qəzetdə dərc etdirməklə siyasi müxalifətə qarşı repressiya planını ifşa etdiyini iddia edib.
O, 1995-ci ilin mart hadisələri zamanı Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin və Heydər Əliyevin roluna da toxunub, Türkiyə kəşfiyyatının Azərbaycandakı hadisələrin gedişatını izlədiyini bildirib.
Hüquqşünas sonda Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşacağına ümid etdiyini vurğulayıb. O, Türk Dövlətləri Təşkilatının 2026-cı il oktyabrın 30-da Ankarada keçiriləcək XIII Zirvə Görüşündə Azərbaycanın ən yüksək səviyyədə təmsil olunmasının və iki ölkə arasında yaranmış fikir ayrılıqlarının aradan qaldırılmasının vacibliyini qeyd edib.


















