İqbal Ağazadə: Azərbaycanı etnik zəmində parçalamaq istəyənlərə imkan verməməliyik

57 baxış

Ümid Partiyasının sədri İqbal Ağazadə sosial şəbəkə hesabında Azərbaycanın milli birliyi, etnik münasibətlər və vətəndaş həmrəyliyi ilə bağlı geniş paylaşım edib. O bildirib ki, Azərbaycan bütün vətəndaşlarının ortaq Vətənidir və burada yaşayan bütün xalqlar ölkənin bərabərhüquqlu sahibidir.

Partiya sədri qeyd edib ki, ölkədə yaşayan talış, ləzgi, avar, tat, kürd, saxur, ingiloy, yəhudi və digər xalqlarla türklər tarix boyu birgə yaşayıb, ortaq dəyərlər formalaşdırıblar və bu birliyin qorunması vacibdir.

İqbal Ağazadə yazısında "türk" və "azərbaycanlı" anlayışları, Konstitusiyada milli mənsubiyyətin ifadə olunması, tarixi proseslər və etnik kimliklə bağlı şəxsi baxışlarını da bölüşüb. O, bu məsələlərin siyasi manipulyasiya predmetinə çevrilməsinin doğru olmadığını vurğulayıb.

Siyasətçi, həmçinin bəzi xarici dairələrin Azərbaycanda etnik zəmində qarşıdurma yaratmaq cəhdlərinin təhlükəli olduğunu qeyd edərək, cəmiyyəti belə təşəbbüslərə qarşı ayıq olmağa çağırıb. Onun sözlərinə görə, Azərbaycanı sevən, onun ərazi bütövlüyünü və dövlətçiliyini qoruyan hər kəs bu ölkənin bərabərhüquqlu vətəndaşıdır.

İqbal Ağazadə sonda vurğulayıb ki, hər kəs öz ana dilini, milli mədəniyyətini və adət-ənənələrini yaşatmalı, lakin bu sevgi heç vaxt Azərbaycana qarşı yönəlməməlidir. O bildirib ki, ölkənin gücü və gələcəyi milli həmrəylikdən və vətəndaş birliyindən keçir.

Paylaş:

Əlaqəli məqalələr