Natiq Cəfərli: “AQTA-nın işçiləri Tükəzban xalanın bildiyinin 1 faizini belə bilmirlər”
İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda iqtisadiyyat sahəsində fəaliyyət göstərən bəzi dövlət qurumlarının öz fəaliyyətlərinin əsas mahiyyətini düzgün anlamadığını bildirib.
Sozcu.az xəbər verir ki, Natiq Cəfərli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Ekspert qeyd edib ki, iqtisadiyyatla məşğul olan rəsmi qurumların və həmin qurumlarda çalışanların bir qismi öz əsas vəzifəsini nəzarət etmək kimi başa düşür:
“Azərbaycandakı əksər iqtisadiyyatla məşğul olan rəsmi qurumlar, o qurumlarda çalışanlar iqtisadiyyatın, fəaliyyətlərinin məğzini, fəlsəfəsini bilmirlər. Düşünürlər ki, onların vəzifəsi nəzarətdir, anlamırlar ki, əsas işləri vətəndaşa xidmətdir”.
Natiq Cəfərli Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ev şəraitində hazırlanan və bazara çıxarılan qida məhsullarına sertifikat tələbi ilə bağlı açıqlamasını da tənqid edib.
O bildirib ki, yeni qaydalar xüsusilə bazarlarda ev üsulu ilə hazırlanan konservləşdirilmiş məhsullara, mürəbbələrə və digər qida məhsullarına aid ediləcək və sertifikatı olmayan məhsullarla bağlı həm hazırlayan, həm də satan şəxslərin məsuliyyətə cəlb olunması nəzərdə tutulur.
Ekspert AQTA-nın qərarın məqsədini əsaslandırarkən verdiyi açıqlamaya diqqət çəkib:
“Yeni mexanizm çərçivəsində ilk növbədə, ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan və bazara çıxarıla bilən qida məhsullarının dairəsi dəqiqləşdiriləcək. Həmin məhsulların hazırlanması, saxlanılması, daşınması və istehlakçılara təqdim olunması zamanı müvafiq tələblər müəyyənləşdiriləcək”.
Cəfərli bu yanaşmanı tənqid edərək bildirib ki, söhbət illərdir ailə təsərrüfatlarında hazırlanan məhsullardan gedir:
“Yəni, AQTA deyir ki, nədən turşu, nədən mürəbbə hazırlamalı olduğunuzu biz müəyyən edəcəyik, onların siyahısını dəqiqləşdirəcəyik. Hazırlanması, saxlanılması və daşınması qaydalarını AQTA olaraq biz müəyyən edəcəyik”.
İqtisadçı ekspert daha sonra ironik şəkildə sual edib:
“Məşhur siyasətçi demiş, ey AQTA, mürəbbə və turşunu hazırlama və saxlama qaydalarını sizin gənc, ingilisdilli və rusdilli ‘qaqaşlardan’ ibarət işçilərinizmi yaxşı bilir, yoxsa bu işlə onillərdir məşğul olan Tükəzban xalamı?!”
Cəfərli qeyd edib ki, ailə təsərrüfatlarında bu məhsulların hazırlanması nəsildən-nəslə ötürülən təcrübəyə əsaslanır:
“Tükəzban xala bu işi anasından, nənəsindən öyrənib, sizin işçilərə isə AB ölkələrindən gələn Mişel, Hans treninq keçib, xalanın bildiyinin heç 1 faizini belə siz bilmirsiniz, öyrənə də bilməzsiniz – bu bir”.
Ekspert hesab edir ki, bazarda keyfiyyətə nəzarətin mühüm mexanizmlərindən biri də istehlakçı və rəqabətdir.
“İkincisi, ey AQTA, Tükəzban xala bişirdiyi mürəbbəni, düzəltdiyi turşunu, tutalım, kafeyə, restorana satır, dünyada çoxdan qəbul edilmiş bir qayda var – ən yaxşı nəzarətçi müştəridir, ən yaxşı tənzimləyici rəqabətdir”, – deyə o bildirib.
Cəfərli nümunə olaraq qeyd edib ki, kafedə istifadə edilən məhsul keyfiyyətsiz olarsa, həmin müəssisə öz müştərilərini itirə bilər:
“Tükəzban xaladan mürəbbə alan Adil dayı öz kafesinin, müştərisinin düşməni deyil axı ki, zay məhsul alsın, müştəri itirsin – elə deyil?!”
Ekspertin fikrincə, əlavə sertifikatlaşdırma və tənzimləmə mexanizmləri kiçik istehsalçıların xərclərini artıra bilər. O hesab edir ki, bunun nəticəsində məhsulların qiymətində artım baş verə bilər:
“Yaxşı, AQTA-nın bu addımından sonra nə dəyişəcək – bəli, mənasız aşırı tənzimləmə, sertifikatlaşma işə düşəcək, cərimə ‘qılıncı’ həmən ‘qınından’ çıxacaq, Tükəzban xalanın sertifikat alması üçün xərci artacaq, o da məcburən Adil dayıya 2 kq balondakı mürəbbəni əvvəl 20 manat satırdısa, indi 30 manata satacaq”.
Natiq Cəfərli bunun digər mərhələdə ictimai iaşə xidmətlərinin qiymətlərinə də təsir göstərə biləcəyini vurğulayıb:
“Adil dayının kafesinə gələn müştəri əvvəl çay masasına 7-8 manat ödəyirdisə, indi 10-11 manat ödəməli olacaq – DƏYİŞƏN HEÇ NƏ OLMAYACAQ haaa, sadəcə, qiymətlər artacaq”.
İqtisadçı ekspert sonda bu yanaşmanın iqtisadi mahiyyətinin düzgün qiymətləndirilməli olduğunu bildirib:
“Ona görə əvvəldə yazdım ki, bu sahə ilə məşğul olan məmurların əksəriyyəti iqtisadiyyatı bilmir, fəaliyyətlərinin fəlsəfəsini anlamırlar. Yəni, oturun, iki...”


















