Kişilər estetik əməliyyatları həqiqətən xoşlamır? – İradə İsaqdan müzakirə yaradacaq yazı
Tanınmış jurnalist İradə İsaq estetik əməliyyatlarla bağlı cəmiyyətdə formalaşmış stereotipləri tənqid edən maraqlı paylaşım edib.
Sozcu.az xəbər verir ki, jurnalist "kişilər estetik xoşlamır" fikrinin reallığı tam əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, estetik klinikalarda müşahidə olunan mənzərə bunun əksini göstərir və bir çox hallarda qadınların estetik müdaxilələrə üz tutmasının arxasında məhz həyat yoldaşlarının və ya əks cinsin gözləntiləri dayanır.
İradə İsaq qeyd edir ki, bəzi kişilər ictimaiyyət qarşısında estetikə qarşı olduqlarını desələr də, öz həyat yoldaşlarının görünüşündə dəyişiklik etməsini istəyənlər də az deyil. O, qadınların görünüşü ilə bağlı lağ edilməsinin və psixoloji təzyiqlərin onları estetik əməliyyatlara sövq etdiyini vurğulayır.
Jurnalist hesab edir ki, estetik sahəsinin inkişafında təkcə qadınların istəyi deyil, kişilərin tələbatı da mühüm rol oynayır. O, bu mövzuda cəmiyyətin açıq və səmimi müzakirəyə ehtiyacı olduğunu bildirib.
İradə İsaq paylaşımını belə yekunlaşdırıb:
"Dünya iki şeyin üzərində işləyir: tələb və təklif. Qalanı isə əfsanədir."










