Razim Əmiraslanlı: “Vətəndaş öz ölkəsinin ərazisinə getmək üçün niyə portal vasitəsilə icazə almalıdır?”

124 baxış

Müsavat Partiyası başqanının müavini Razim Əmiraslanlı işğaldan azad edilmiş ərazilərə səfərlərlə bağlı mövcud qaydaları tənqid edib.

Sozcu.az xəbər verir ki, Razim Əmiraslanlı bununla bağlı paylaşımında bildirib ki, əgər vətəndaşlar portal vasitəsilə işğaldan azad edilmiş ərazilərə heç bir müşayiətçi, müşahidəçi və ya ANAMA əməkdaşı olmadan gedə, istədikləri kəndi, tarixi abidəni və digər yerləri sərbəst şəkildə ziyarət edə bilirlərsə, belə bir portal vasitəsilə əvvəlcədən icazə alınmasının məntiqi sual doğurur.

Onun sözlərinə görə, torpaqlarımızın işğaldan azad edilməsindən artıq 6 il keçməsinə baxmayaraq, Azərbaycan vətəndaşının öz ölkəsinin ərazisində sərbəst hərəkəti hələ də müxtəlif icazə və prosedurlarla məhdudlaşdırılır:

“Əlbəttə, təhlükəsizlik məsələləri nəzərə alınmalıdır. Mina və digər risklərin olduğu ərazilərdə təhlükəsizlik qaydaları və müəyyən məhdudiyyətlər başadüşüləndir. Amma təhlükəsizliyi təmin etməklə yanaşı, vətəndaşların hərəkət azadlığını da mümkün qədər genişləndirmək lazımdır.

Əgər vətəndaş müəyyən qaydalara riayət etməklə, müşayiət olunmadan gedib istədiyi kəndi və tarixi yerləri ziyarət edə bilirsə, onda vətəndaşın əvvəlcədən portal vasitəsilə icazə almasına nə ehtiyac var?”

Razim Əmiraslanlı qeyd edib ki, işğaldan azad edilmiş ərazilər Azərbaycanın ərazisidir və bu torpaqlar Azərbaycan vətəndaşlarının da vətənidir.

“İnsan öz kəndinə, şəhərinə, tarixi abidəsinə, ata-baba yurduna gedə bilmədikcə, həmin ərazi ilə mənəvi və sosial bağları da zəifləyir. Vətəndaş bilməlidir ki, bu torpaqlar yalnız xəritədə Azərbaycanın ərazisi deyil, onun da vətənidir və o torpaqlara sahib çıxmaq haqqı var”, – deyə Müsavat Partiyası başqanının müavini vurğulayıb.

O hesab edir ki, əsas məqsəd təhlükəsizlik tələbləri ilə vətəndaşların hərəkət azadlığı arasında optimal balans yaratmaq və işğaldan azad edilmiş ərazilərə səfərləri mümkün qədər asanlaşdırmaq olmalıdır.

Paylaş:

Əlaqəli məqalələr