Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan
Keçmiş Azərbaycan SSR-in Ermənistanın nəzarətində olan anklavları, eləcə də hazırda Azərbaycanın nəzarətində olan Başkənd (Artsvaşen) kəndi məsələsindən imtina etmək mümkün deyil.
Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Anklav və eksklav məsələsinə gəldikdə isə bütün həll olunmamış məsələləri həll etməliyik. Bu məsələdə maraqlıyıq. Çünki Başkənd kəndi eksklav statusunda hazırda Azərbaycanın nəzarətindədir və Ermənistanın suveren ərazisi hesab olunur. Yəni hazırda anklav və eksklavlar məsələsindən imtina etdiyimizi və ya edə biləcəyimizi deyə bilmərəm. Bu problemlərin həlli üçün iki variant var. Birincisi, eksklav və ya anklav statusunda olan istənilən anklavın və ya eksklavın ərazisi, de-yure aid olduğu ölkənin ərazisi olaraq qalır. Yaxud, məsələn, ekvivalent ərazilərin qarşılıqlı dəyişdirilməsi ilə bağlı razılığa gələ bilərik”, - o bildirib.
Paşinyan Bakını Başkəndi Azərbaycan əskinaslarında və pasportlarında anklav, yəni Azərbaycana məxsus olmayan ərazi kimi ayrıca rənglə göstərdiyinə görə təqdir edib:
“Bu, çox vacib bir detaldır. Biz də Almatı Bəyannaməsinə müvafiq xəritələrə düzgün münasibət nümayiş etdirmək üçün eyni, qarşılıqlılıq prinsipinə əsaslanan yanaşma sərgiləməliyik”.






