İran cəzalandırır, Azərbaycan isə susur? – Elxan Şahinoğlu
Politoloq İranın Günaz TV ilə bağlı qərarını xatırladaraq, Azərbaycana qarşı təbliğat aparan xarici media qurumları ilə əməkdaşlıq məsələsinin də hüquqi müstəvidə dəyərləndirilməsini təklif edir.
İran Kəşfiyyat Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən iranlıların təsis etdiyi müxalif media orqanlarının, bir sıra xarici ölkələrin İranla əlaqəli media qurumlarının və iranlı media fəallarının adlarını açıqlayıb. Siyahıda Güney Azərbaycan Televiziyası (Günaz TV) da yer alıb.
Sozcu.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Politoloqun sözlərinə görə, bu qərar Günaz TV-yə müsahibə verən, mesaj yazan, foto və video göndərən şəxslərin "casusluğa görə cəzanın artırılması haqqında qanunun 4-cü maddəsi" əsasında ağır cəzalandırıla biləcəyi ilə bağlı xəbərdarlıq deməkdir.
Elxan Şahinoğlu xatırladıb ki, İkinci Qarabağ müharibəsi zamanı Güney Azərbaycanda yaşayan soydaşlarımız işğalçı Ermənistana İran ərazisi vasitəsilə daşınan hərbi yüklərin foto və videolarını Günaz TV-yə göndərirdilər. Onun sözlərinə görə, həmin görüntülər yayımlandıqdan və Rusiya hərbi texnikasının İran üzərindən Ermənistana daşınması ifşa edildikdən sonra Tehran kəskin reaksiyalarla üzləşdi və bu proses dayandırıldı.
Politoloq qeyd edib ki, İran hakimiyyətinin hazırkı məntiqinə əsasən, həmin materialları Günaz TV-yə göndərən şəxslər də cəzalandırıla bilər.
Şahinoğlu bildirib ki, Günaz TV Güney Azərbaycanda peyk antenaları vasitəsilə geniş izlənilir, tamaşaçılar kanala mesajlar yazır, zəng edir, müxtəlif proqramlarda iştirak edirlər. Onun fikrincə, İran rejimi bu əlaqələri məhdudlaşdırmağa çalışır.
Politoloq bunun fonunda sual edib ki, Azərbaycan da oxşar hüquqi mexanizmləri nəzərdən keçirməlidirmi. O bildirib ki, başda İranın "Səhər" telekanalı olmaqla, Azərbaycana qarşı təbliğat və dezinformasiya yayan xarici media qurumlarına müsahibə verən, foto və video göndərən şəxslərin hüquqi məsuliyyəti məsələsi müzakirə oluna bilər.
Elxan Şahinoğlu əlavə edib ki, "Səhər" telekanalının əməkdaşları mütəmadi olaraq azərbaycanlı siyasi ekspertlərlə əlaqə saxlayır, onlardan rəy almağa çalışırlar. Politoloqun fikrincə, bu fəaliyyət milli informasiya təhlükəsizliyi kontekstində hüquqi baxımdan qiymətləndirilməlidir.












