Arif Hacılı: Sərdar Cəlaloğluna qarşı təhdidlər araşdırılmalıdır

126 baxış

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı Azərbaycanda etnik təmsilçilik məsələsi ilə bağlı fikirlərini bölüşüb.

O, bildirib ki, Azərbaycanda yaşayan, ölkəni öz vətəni sayan və onun maraqlarını müdafiə edən bütün millətlərin nümayəndələrinə hörmətlə yanaşır.

"Separatçılığı istisna etməklə, hər kəsin öz millətini sevmək və onun maraqlarını müdafiə etmək hüququna da hörmətlə yanaşmaq vacibdir", – deyə o qeyd edib.

Arif Hacılı daha sonra Milli Məclis və dövlət idarəçiliyində etnik təmsilçiliklə bağlı suallar qaldıraraq bildirib ki, bəzi məlumatlara görə, əhalidə payı az olan bir etnik qrupun nümayəndələri parlamentdə və yüksək dövlət vəzifələrində nisbətən daha geniş təmsil olunurlar. O hesab edir ki, bu məsələ ictimai müzakirə mövzusu olmalıdır.

Müsavat funksioneri əlavə edib ki, ölkədə azad seçkilər və qabiliyyətə əsaslanan təyinat sistemi mövcud olsaydı, belə vəziyyəti fərqli qiymətləndirmək mümkün olardı.

Arif Hacılı paylaşımında Müsavat Partiyasının sədri Sərdar Cəlaloğluna qarşı səsləndirilən təhdidlərə də münasibət bildirib. O qeyd edib ki, Sərdar Cəlaloğlunun milli məsələlərlə bağlı fikirləri mübahisəli ola bilər və bu mövqeyə qarşı polemika aparmaq normaldır.

Lakin Arif Hacılının sözlərinə görə, təhdid və hədə-qorxu yolverilməzdir və əgər belə hallar baş veribsə, onların müəllifləri qanun çərçivəsində müəyyən edilərək məsuliyyətə cəlb olunmalıdır.

Paylaş:

Əlaqəli məqalələr