Mustafa Hacıbəyli: Albert Aqarunov ölümündən sonra da düşmənin hədəfindədir

105 baxış

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov barədə sosial şəbəkələrdə vicdansız bir təbliğat aparılır.

Sozcu.az xəbər verir ki, bunu Qarabağ qazisi Mustafa Hacıbəyli sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, Mustafa Hacıbəyli Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, Şuşanın müdafiəsində döyüşüb və müharibə əlilidir.

"Süni intellekt vasitəsilə feyk video hazırlayıblar (şərh bölümündə). Videoda İsrailə köçmüş Bakı sakininin Azərbaycan ordusunda xidmətdən yayınmaq üçün məmura rüşvət təklif etməsi səhnəsi qurulub.

Ardınca isə Albert Aqarunovun guya hərbi xidmətdən yayınmaq məqsədilə İsrail hökumətinə müraciət etdiyi iddia olunur.

Araşdırdım. İstinad etdikləri Globes qəzetinin saytında 2022-ci ildə Albert Aqarunov haqqında həqiqətən məqalə dərc olunub. Lakin həmin məqalədə onun xidmətdən yayınmaq istəməsi barədə bir kəlmə də yoxdur. Əksinə, yazılır ki, ailəsi İsrailə köçməyə hazırlaşsa da, Albert "bu ölkə mənimdir" deyərək Azərbaycanda qalıb və milli ordumuza qoşulub.

Məqalədə onun 1987–1989-cu illərdə sovet ordusunda xidmət etdiyi, həmin dövrdə bölüyü ilə birlikdə Ermənistanda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunduğu qeyd edilir. Videoda bunu guya hansısa ifşa kimi təqdim etməyə çalışırlar. Sovet ordusunda xidmət edən hansısa əsgər hərbi hissəsinin harasa göndərilməsinə etiraz edə bilərdi?

Onun özünün vaxtıyla verdiyi səmimi müsahibəni də, bir məkrli planın tərkib hissəsi kimi təqdim edir, hətta həyasızcasına Qarabağda döyüşdüyünü və həlak olduğunu şübhə altına almağa çalışırlar.

Məncə, bu kampaniyanın arxasında dini fanatiklərdən daha çox Rusiya və İran yönlü təbliğat şəbəkələri dayanır. Təsadüfi deyil ki, bu böhtanı yayan "Yağlı xəbər" adlı Facebook hesabının məlumat bölümündə rəqəmsal kontentin ünvanı kimi Moskva göstərilir. Səhifədə bir qayda olaraq İran çalmalılarının propaqandası aparılır. Məqsədləri Azərbaycan xalqını daxildən bölmək, əməkdaşlıq etdiyi dövlətlərlə üz-üzə qoymaqdır. Düşmən həmin düşməndir və qəhrəmanımız Albert Aqarunov ölümündən sonra da düşmənin hədəfindədir.

Albert Aqarunovun hekayəsi sadəcə bir yəhudi tankçının müsəlman ölkəsinin ərazi bütövlüyü uğrunda döyüşüb həlak olması hekayəsi deyil.

Albert Aqarunov 1992-ci il mayın 8-də Şuşada "aşağı zapravka" ərazisində məni və əsgər yoldaşlarımı mühasirədən çıxarıb, ölümdən qurtarıb, amma onun hekayəsi bundan da qat-qat böyükdür.

Albert Aqarunovun hekayəsi Qarabağ müharibəsinin mahiyyətini göstərir. Qarabağ uğrunda savaş təkcə etnik və ya dini qarşıdurma deyildi; bu, haqq və ədalət uğrunda mübarizə idi. Həmin mübarizədə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri – talışlar, ləzgilər, avarlar, kürdlər, saxurlar, ingiloylar, udinlər, tatlar, yəhudilər və başqaları bizimlə çiyin-çiyinə dayanıblar.

Albertə qarşı aparılan təbliğat əslində Azərbaycanın bu birgə mübarizə və həmrəylik hekayəsinə qarşı aparılan təbliğatdır.

Azərbaycan qanunvericiliyi məzarın təhqir olunmasına görə məsuliyyət nəzərdə tutur. Bir müddət əvvəl Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edən əcnəbi də buna görə cəzalandırılmışdı. Ancaq şəhidlərin xatirəsinin bilərəkdən ləkələnməsinə, onların haqqında böhtan və qarayaxma kampaniyalarının aparılmasına görə ayrıca hüquqi məsuliyyət nəzərdə tutulmayıb. Bu boşluğun aradan qaldırılması barədə düşünməyin vaxtı çoxdan çatıb.

P.S. Bütün şəhidlərin yeri gözümüzün üstündədir.

Paylaş: