Səxavət Soltanlıdan kart limitinə etiraz: “Əsas zərbə kasıb insanlara dəyəcək”
Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı kartdan-karta köçürmələrə tətbiq edilən gündəlik 5 əməliyyat limiti ilə bağlı tənqidi fikirlər səsləndirib.
Sozcu.az xəbər verir ki, Səxavət Soltanlı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, gündəlik 5 dəfə kart limiti əsasən aztəminatlı vətəndaşlar üçün ciddi problemlər yarada bilər.
“Son tənzimləmələrlə kartdan-karta köçürmələrə qoyulan gündəlik 5 dəfə və aylıq 20 000 AZN limiti kölgə iqtisadiyyatına qarşı nəzərdə tutulsa da, nəticədə əsas zərbə zəhmətkeş və kasıb insanlara dəyə bilər”, – deyə o qeyd edib.
Səxavət Soltanlının sözlərinə görə, aylıq 20 min manatlıq limit müəyyən qədər başadüşülən olsa da, gün ərzində 2-3, 3-5 manatlıq köçürmələrlə dolanan vətəndaşların əməliyyat sayının məhdudlaşdırılması məntiqsizdir.
O, bazarda çalışan arabaçı, ayaqqabıçı, dərzi, kuryer, eləcə də kənd təsərrüfatı məhsullarını satan kəndlilərin bu məhdudiyyətdən çətinliklə üzləşə biləcəyini vurğulayıb.
“Aradan qaldırılmalıdır”, – deyə Müsavat Partiyası başqanının müavini bildirib.
Səxavət Soltanlı hesab edir ki, aylıq dövriyyəsi 500-600 manat olan şəxsin əməliyyat sayına görə böyük sahibkarla eyni meyarla qiymətləndirilməsi düzgün deyil.
O, problemin alternativ həll yollarının olduğunu da qeyd edib. Məsələn, əməliyyat sayının deyil, məbləğin limitlənməsini təklif edib.
“15-20 AZN-dək olan kiçik köçürmələr üçün günlük 5 dəfə limiti ləğv edilə və ya say 15-20-yə qaldırıla bilər. Əvəzində gün ərzində daxil olan ümumi məbləğə limit qoyula bilər”, – deyə Soltanlı yazıb.
Onun fikrincə, başqa bir variant kimi gündəlik say məhdudiyyəti tamamilə götürülə və vətəndaşa gündəlik və aylıq məbləğ limiti tətbiq edilə bilər.
“Qanunsuz böyük dövriyyələrin qarşısını almaq üçün kiçik məbləğlərlə dolanan vətəndaşı çətinliyə salmaq yox, məbləğə görə diferensial yanaşma tətbiq etmək lazımdır.
Sizcə də limit sayla yox, məbləğlə ölçülsə daha ədalətli olmaz?” – deyə Səxavət Soltanlı fikirlərini yekunlaşdırıb.


















