Səxavət Soltanlı: “ABŞ-da qarşıdurma dərinləşərsə, Qərbin rəqibləri fürsət qazanacaq”

65 baxış

Səxavət Soltanlı: “ABŞ-da qarşıdurma dərinləşərsə, bu, Qərbin rəqibləri üçün yeni fürsətlər yarada bilər”

Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrini və bu nəticələrin dünya siyasətinə mümkün təsirlərini şərh edib.

Sozcu.az xəbər verir ki, Səxavət Soltanlı bildirib ki, Demokratların aralıq seçkilərdə qalib gəlməsi avtomatik olaraq hər şeyin yaxşılaşacağı anlamına gəlmir. Onun fikrincə, əksinə, qarşıdakı iki ildə siyasi vəziyyət daha da mürəkkəbləşə bilər.

Səxavət Soltanlı qeyd edib ki, Amerikanın və bütövlükdə dünyanın siyasi vəziyyətinin son iki illə müqayisədə yaxşı, yoxsa pis olacağını indidən proqnozlaşdırmaq çətindir. Bu, əsasən Donald Trampın, eləcə də Demokratlar və Respublikaçıların sərgiləyəcəyi siyasi davranışlardan asılı olacaq.

Onun sözlərinə görə, hazırda əsas məsələ ABŞ-nin qarşıdurma, yoxsa kompromis yolunu seçəcəyidir:

“Əgər Tramp Konqres və Senatla, Konqres və Senat isə Trampla qarşılıqlı şəkildə bir-birini bloklamaqla məşğul olarsa, yəni siyasi qarşıdurma daha da dərinləşərsə, bu, demokratik dünya üçün qarşıdakı iki ilin də itirilməsi, qeyri-proqressiv, Qərbin rəqibi olan qüvvələr üçün isə yeni fürsət pəncərəsinin açılması demək olacaq”.

Səxavət Soltanlı hesab edir ki, Respublikaçılar qarşıdakı seçkilərdə siyasi nüfuzlarını bərpa etmək məqsədilə Trampla ortaq məxrəcə gələ və kompromisə əsaslanan idarəçilik xətti formalaşdıra bilərlər. Bu halda ABŞ-də daxili siyasi sabitliyin və beynəlxalq qərarvermə qabiliyyətinin bərpası üçün zəmin yarana bilər.

O, vurğulayıb ki, Amerika siyasətində baş verən hər ciddi dəyişiklik qlobal miqyasda öz təsirini göstərir və son aralıq seçkilərin də beynəlxalq siyasi proseslərə təsirsiz ötüşəcəyini düşünmək düzgün olmaz.

Müsavat Partiyası başqanının müavininin fikrincə, bundan sonra baş verəcək prosesləri anlamaq üçün Donald Trampın atacağı addımları və Respublikaçıların onun siyasi kursuna münasibətini diqqətlə izləmək lazımdır.

“Konqreslə prezident arasında qarşılıqlı bloklama siyasətinin dərinləşməsi ABŞ-nin beynəlxalq proseslərə təsir imkanlarını zəiflədə, bu isə Qərbin rəqibləri üçün əlavə manevr imkanları yarada bilər. Bu, ən arzuolunmaz ssenarilərdən biridir.

Əgər kompromis yolu seçilərsə, bizi tamamilə fərqli bir siyasi mənzərə gözləyir. Əks təqdirdə, demokratik və liberal dünyanın qarşılaşdığı problemlərin həlli, beynəlxalq siyasi sistemdə sabitliyin bərpası üçün daha iki il gözləməli olacağıq”, – deyə o bildirib.

Səxavət Soltanlı əlavə edib ki, ABŞ-də baş verənlər artıq təkcə Amerikanın daxili siyasi məsələsi deyil, həm də dünyanın gələcək siyasi istiqamətinə təsir göstərə biləcək prosesdir. Onun fikrincə, seçkilərin yekun nəticələrindən sonra əsas diqqət Donald Trampın verəcəyi reaksiyaya yönəlməlidir.

Paylaş:

Əlaqəli məqalələr