Sünni-şiə birliyi Cümhuriyyət dövründə formalaşdırılırdı – Ceyhun Nəbi

123 baxış

Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, araşdırmaçı Ceyhun Nəbi Azərbaycanda sünni-şiə münasibətləri və məzhəblərarası ziddiyyətlərlə bağlı fikirlərini bölüşüb.

Ceyhun Nəbi bildirib ki, bəzi şəxslər Azərbaycanda sünni-şiə qarşıdurmasının və məzhəblərarası ziddiyyətlərin guya sovet hakimiyyəti qurulduqdan sonra aradan qalxmağa başladığı barədə fikir formalaşdırmağa çalışırlar. Onun sözlərinə görə, bu, kökündən yanlış yanaşmadır və sovet hakimiyyətinə müsbət imic qazandırmaq məqsədi daşıyan təbliğatdan başqa bir şey deyil.

Araşdırmaçı hesab edir ki, Azərbaycanda məzhəblərarası ziddiyyətlər sovet hakimiyyətindən əvvəl, millət düşüncəsinin ümmət düşüncəsini üstələməyə başladığı dövrdən etibarən zəifləməyə başlayıb.

O qeyd edib ki, müxtəlif məzhəblərə mənsub Rusiya müsəlmanları məzhəb fərqlilikləri üzərindən deyil, ümummüsəlman məntiqi ilə çıxış edərək bir neçə dəfə qurultaylar keçirib, Rusiya müsəlmanlarının hüquqlarının təmin olunması istiqamətində addımlar atıblar.

Ceyhun Nəbiyə görə, zaman keçdikcə dini əsasda təşkilatlanmış müsəlman zümrəsi bir sıra zərərli anlayışları kənara qoyaraq milli ideya ətrafında birləşməyə başlayıb.

O, Şeyxülislam Məhəmməd Pişnamazzadənin fəaliyyətini də bu baxımdan nümunə göstərib. Bildirib ki, şiə məzhəbinə mənsub Pişnamazzadə mənsub olduğu coğrafiyanın gələcəyini və təhlükəsizliyini sünni məzhəbinin hakim olduğu Osmanlı imperiyası ilə yaxınlaşmaqda görürdü. Bu məqsədlə Osmanlı rəsmilərinə bir neçə dəfə məktub ünvanlayaraq onları Qafqaza dəvət etmişdi.

“Burada məzhəb anlayışı və fərqliliyi arxa plana keçir, ortaq dil, adət-ənənə və genetik bağların olduğu Osmanlı ilə birləşmək istəyi ön plana çıxırdı”, – deyə araşdırmaçı vurğulayıb.

Ceyhun Nəbi 1917-ci il aprelin 15–20-də Bakıda, “İsmailiyyə” binasında keçirilən Qafqaz müsəlmanlarının qurultayını da xatırladıb. Qurultayda sünni və şiə icmalarının birliyini nümayiş etdirmək məqsədilə şeyxülislam və müfti bir-birini qucaqlayaraq məzhəb ayrı-seçkiliyinə son qoyulduğunu bəyan etmişdilər. Mənbələrdə də həmin qurultayın əsas məqsədlərindən birinin müsəlmanlar arasındakı ixtilafları aradan qaldırmaq və birlik yaratmaq olduğu qeyd olunur.

Araşdırmaçı bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətinin elan edilməsindən sonra bu istiqamətdəki təşəbbüslər daha da inkişaf etdirilib.

1918-ci il sentyabrın 1-də şiə və sünni ruhani idarələrinin vahid “Məşixət” qurumunda birləşdirilməsi də bu siyasətin mühüm addımlarından biri olub. Tarixi mənbələrə görə, yeni quruma həm şiə, həm də sünni ruhanilər daxil edilmiş, bununla da dini işlərin idarə edilməsində ikili ruhani rəhbərliyi aradan qaldırılmışdı.

Ceyhun Nəbi vurğulayıb ki, “Məşixət-i İslamiyyə” idarəsi Osmanlıdakı ruhani idarəçilik modelinə uyğun olaraq formalaşdırılmışdı və şeyxülislamla müftinin birgə rəhbərliyi əsasında fəaliyyət göstərirdi.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə atılan bu addımlar sovet hakimiyyətindən əvvəl sünni-şiə ayrılığının aradan qaldırılması istiqamətində ciddi siyasi və ictimai iradənin mövcud olduğunu göstərir.

“Azərbaycanda məzhəblərarası yaxınlaşmanı sovet hakimiyyətinin xidməti kimi təqdim etmək tarixi prosesləri təhrif etməkdir. Bu proses sovetlərdən əvvəl başlamışdı və milli şüurun güclənməsi ilə əlaqəli idi”, – deyə Ceyhun Nəbi bildirib.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış “Məşixət-i İslamiyyə” qurumu 1920-ci il aprelin 28-də bolşeviklərin Azərbaycanı işğalından sonra ləğv edilib.

Paylaş:

Əlaqəli məqalələr