Azərbaycanda saytlar üçün yeni təhlükə: Domenlər ləğv oluna bilər
Azərbaycanda "az" domen zonasında fəaliyyət göstərən internet resursları ilə bağlı yeni tələblər müəyyənləşdirilir.
Sozcu.az xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, informasiya infrastrukturu subyektləri kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə mütəmadi risk qiymətləndirilməsi aparmalı, təhlükəsizlik auditləri keçirməli və aşkarlanan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görməlidirlər.
Sənədə görə, informasiya infrastrukturu subyektlərinin müraciəti əsasında kibertəhlükəsizlik və proaktiv kibertəhlükəsizlik tədqiqatı xidmətləri Milli CERT tərəfindən ödənişli əsaslarla göstəriləcək. Xidmət haqqı tərəflər arasında bağlanacaq müqavilə ilə müəyyən ediləcək.
Dəyişikliklərə əsasən, "gov.az" domenləri istisna olmaqla, "az" ölkə kodlu yüksəksəviyyəli domen zonasında yerləşən internet informasiya ehtiyatlarının sahibləri Milli CERT-in kibertəhlükəsizliklə bağlı göstərişlərini yerinə yetirmədikdə onların domen qeydiyyatına xitam verilə və ya texniki xidməti dayandırıla bilər.
Bu məqsədlə Milli CERT domen qeydiyyatını həyata keçirən qurumdan domenin qeydiyyatının ləğv edilməsini və ya ona texniki xidmətin dayandırılmasını tələb etmək hüququ qazanacaq. Zərurət yarandıqda bu tələb məhkəmə qaydasında da irəli sürülə biləcək.
Maliyyə bazarlarında fəaliyyət göstərən nəzarət olunan subyektlərlə bağlı isə Milli CERT müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Mərkəzi Bankına müraciət edə biləcək.
Təklif olunan dəyişikliklər kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin qarşısının alınması, eləcə də onların nəticələrinin aradan qaldırılması məqsədini daşıyır.

