Rusiyanın Azərbaycana təklif etdiyi “Pantsir-S1”in ciddi qüsurları üzə çıxdı

12 baxış

Hərbi ekspert: “Pantsir-S1” müasir müharibələr üçün effektiv silah deyil.

Rusiyanın Azərbaycana “Pantsir-S1” hava hücumundan müdafiə komplekslərini təklif etməsi hərbi ekspertlər arasında müzakirələrə səbəb olub. Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov hesab edir ki, bu sistemin ciddi texniki çatışmazlıqları var və müasir müharibə şəraitində yüksək effektivlik nümayiş etdirmir.

Sozcu.az xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov bu barədə Axar.az-a açıqlamasında danışıb.

Ekspertin sözlərinə görə, “Pantsir-S1” kompleksinin müəyyən üstünlükləri olsa da, onun döyüş meydanında nümayiş etdirdiyi nəticələr və mövcud çatışmazlıqları ciddi suallar doğurur.

Ü.Cəfərov bildirib ki, “Pantsir-S1” ən yeni texnologiya hesab edilə bilməz və Azərbaycanın ehtiyac duyduğu hava hücumundan müdafiə sistemləri daha müasir olmalıdır.

Onun fikrincə, PUA-lar və yüksək dəqiqlikli silahların geniş tətbiq olunduğu müasir döyüş şəraitində “Pantsir-S1” sistemlərinin effektivliyi məhduddur. Ekspert Ukraynada davam edən müharibənin bu komplekslərin zəif tərəflərini üzə çıxardığını vurğulayıb.

Ü.Cəfərov sistemin konstruksiyasında da problemlərin olduğunu qeyd edib. Onun sözlərinə görə, kompleksin dizaynında plastik materiallardan istifadə edilməsi, kiçik ölçülü və radar görünmə göstəriciləri aşağı olan dronların aşkarlanması və məhv edilməsində çətinliklər yarada bilər.

Hərbi ekspert əlavə edib ki, “Pantsir-S1” komplekslərinin Ukrayna müharibəsində bir hissəsinin məhv edilməsi də onların kamikadze dronları və radiolokasiya əleyhinə raketlər qarşısında həssaslığını göstərir.

Ü.Cəfərov hesab edir ki, kompleksin mövcud çatışmazlıqları aradan qaldırılarsa, Rusiyanın təklifini müzakirə etmək olar. Lakin indiki vəziyyətdə bu sistemləri müasir müharibələr üçün yüksək effektiv silah hesab etmək düzgün deyil.

Paylaş:

Əlaqəli məqalələr