Müsavat Partiyası Məclisinin iclası keçirilib
İyunun 20-də Müsavat Partiyası Məclisinin sessiyası keçirilib.
Məclisin sədri Arif Hacılı sessiyanın gündəliyini səsə qoyub.
Partiya başqanı İsa Qəmbər ölkədə və regionda baş verən hadisələrlə bağlı məruzə ilə çıxış edib. İsa Qəmbər Ermənistanda keçirilən seçkilərdə rusiyapərəst qüvvələrin məğlub olmasını müsbət hal kimi qiymətləndirib.
Başqan Ukrayna ordusunun Rusiya işğalına qarşı mübarizədə əldə etdiyi son uğurların da dünyada gedən proseslərə müsbət təsir edəcəyini vurğulayıb.
İsa Qəmbər daha sonra ABŞ ilə İran arasında imzalanan memorandumdan danışıb: "İran bu müharibədə özünü qalib elan etdi. ABŞ-da və bütün dünyada bu razılaşmanın Vaşinqtonun marağına uyğun olub-olmadığı haqda diskusiya açılıb. Mən isə hesab edirəm ki, bu məsələ hələ bitməyib".
"Müsavat Partiyasının bu məsələ ilə bağlı beş prinsipdən ibarət mövqeyi qüvvəsində qalır. Biz regionda sülhün tərəfdarıyıq, münaqişənin beynəlxalq hüquq əsasında və diplomatik yol ilə həllini, Güney Azarbaycanda yaşayan on milyonlarla soydaşımızın təhlükəsizliyinin və huquqlarının təmin olunmasını zəruri sayırıq. Güneyli liderlərin iştirakı ilə toplantı keçirmək təşəbbüsümüz də qüvvəsində qalır" - deyə başqan qeyd edib.
İsa Qəmbər daha sonra bildirib ki, dünyada baş verən hadisələr və dəyişiklər hər kəsə mesaj olmalıdır: "Təəssüf ki, Azərbaycan hakimiyyəti bu mesajlardan düzgün nəticə çıxarmır. İctimai fəallara və jurnalistlərə qarşı məhkəmələrdə, onlara ağır cəzaların istənilməsi hakimiyyətin yenə də yanlış yolda olmasının göstəricisidir. Müsavat Partiyası olaraq bizim vəzifəmiz həqiqətləri deməyi davam etdirməkdir. Müsavata cəmiyyətin diqqəti artıb. Müsavata qarşı dəstəklə bərabər partiyamıza qarşı hücumlar da artıb. Bu, bizim düz yolda olmağımızla əlaqədardır. Biz dəyərlər uğrunda haqlı mübarizəmizi davam etdirəcəyik".
Təhsil komissiyasının sədri Hidayət Allahverdi rəhbərlik etdiyi komissiyanın fəaliyyəti barədə Məclisə hesabat verib.
Daha sonra çıxış edən Arif Hacılı Azərbaycan hakimiyyətinin ölkənin problemlərini aradan qaldırmaq üçün addımlar atmadığını bildirib. Məclis sədri ölkənin quru sərhədlərinin bağlı saxlanılmasını, ölkədəki durğunluğu, korrupsiya və rüşvətxorluğu tənqid edib. Arif Hacılı bildirib ki,
Azərbaycanda ÜDM-in artım göstəricisinin sıfıra düşməsi və uşaq doğumunun minimuma enməsi ölkədə böhranın dərinləşməsindən xəbər verir. O, belə bir durumda Müsavat Partiyasının qarşısında duran vəzifələrdən danışıb.
Sessiyada Divan üzvləri Razim Əmiraslanlı, Mirbaba Babayev, Almaz Əliqızı, Gülağa Aslanlı, Nüşabə Sadıxlı, Mustafa Hacıbəyli, Məclis üzvləri Limunət Əmrahlı, Bakıxan Qəribli, Osman Kazımov və Azər Əsgər çıxış ediblər.






