Zelenski: Müharibəni qışdan əvvəl bitirməyə çalışacağıq
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin 2026-cı ilin qışından əvvəl başa çatması üçün bütün imkanlardan istifadə edəcəklərini bildirib.
Sozcu.az xəbər verir ki, bu barədə Zelenski Kiyevdə Ukrayna səfirləri ilə keçirdiyi görüşdə danışıb.
Prezident qeyd edib ki, Rusiyanı mümkün qədər tez sülhə məcbur edəcək daha aydın fəaliyyət planı müəyyənləşdirilib.
"Bu il sizin vəzifəniz Ukrayna hökumətinin tərəfdaşlarla xarici əlaqələrinə maksimum dəstək verməkdir", – deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, diplomatik səylərin, Rusiyaya qarşı tətbiq olunan uzunmüddətli sanksiyaların və beynəlxalq təzyiqlərin nə vaxt tam nəticə verəcəyini dəqiq proqnozlaşdırmaq mümkün olmasa da, məqsəd Moskvanı sülhdən başqa seçim qarşısında qoyacaq təzyiq səviyyəsinə nail olmaqdır.
Zelenski bildirib ki, Ukrayna bunun payızda, qış gəlməzdən əvvəl baş verməsi üçün çalışacaq. Bununla yanaşı, o, Rusiya Prezidenti Vladimir Putinin müharibəni uzatmağa çalışdığını, yeni səfərbərlik və hücum planları hazırladığını iddia edib.
Ukrayna lideri əlavə edib ki, Kiyev beynəlxalq təzyiqi artırmaq və Rusiya ərazisinə zərbələr endirməklə münaqişənin başa çatmasına nail olmağa çalışacaq.

















