“Məktəbli avtobusları” layihəsinin aqibəti necə oldu? - “Valideyn bilmir direktoru doyuzdursun...”
“Elm və Təhsil Nazirliyinin “məktəbli avtobusları” layihəsi özünü doğrultmadı. Bu layihə elə pilot mərhələsində ilişib qaldı. Səbəb isə çox sadədir. Elə qiymət müəyyən etmişdilər ki, valideyn uşağı taksi ilə aparıb-gətirsə, həmin servisdən ucuz olardı”.
Bu sözləri “Yeni Sabah”a təhsil məsələləri üzrə ekspert İlham Əhmədov deyib.
O qeyd edib ki, növbəti təhsil mövsümündə şagirdləri nəqliyyat sarıdan əziyyətli günlər gözləyir:
“Valideynin imkanı azdır. O bilmir məktəb direktorunu doyuzdursun, sinif rəhbərini doyuzdursun, yoxsa repetitoru. Metrodakı görülən işlər və tətbiq olunan məhdudiyyət hamıya məlumdur. Sentyabrdan tələbələr və işləyən vətəndaşlar kimi, şagirdlər də əziyyət çəkəcək.
Növbəti 1 ildə Bakının nəqliyyatını çox gərgin vəziyyət gözləyir. Şagirdlər daxil olmaqla, bütün sakinlər yerüstü nəqliyyata üz tutmalıdır. Onun vəziyyəti də məlumdur. Dəhşətli tıxaclar və sıxlıq! Bəzi məmurlar qərar qəbul edəndə tam düşünmürlər”.
Xatırladaq ki, ötən il oktyabrın 1-dən etibarən Bakı şəhərində pilot mərhələdə "Məktəbli avtobusları" layihəsi icraya başlanmışdı. Layihənin ilkin mərhələsi 8 dövlət və 3 özəl məktəbi - ümumilikdə 11 təhsil müəssisəsini əhatə edirdi. Sözügedən layihə, servis qiymətlərindən dolayı valideynlər tərəfindən ciddi tənqidlərlə qarşlanmışdı.


















