Hansı sənədsiz evlərə çıxarış veriləcək? – Detallar

124 baxış

Azərbaycanda uzun illərdir müzakirə olunan sənədsiz evlərin qeydiyyata alınması məsələsi yenidən gündəmə gəlib. Hazırda bununla bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi istiqamətində Milli Məclisdə müzakirələr aparılır.

Sozcu.az xəbər verir ki, BAKU.WS-in yaydığı məlumata görə, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, hazırda sənədsiz evlərə amnistiya tətbiqi ilə bağlı yekun qərar verilməyib.

Onun sözlərinə görə, əsas məqsəd ilk növbədə bu kateqoriyaya aid evlərin hüquqi qeydiyyatını mümkün edəcək qanunvericilik bazasını formalaşdırmaqdır.

Vüqar Oruc qeyd edib ki, amnistiya tətbiq olunacağı halda proses mərhələli şəkildə həyata keçirilə bilər. İlk mərhələdə şəhərsalma normalarına uyğun tikilmiş, lakin müxtəlif səbəblərdən çıxarış ala bilməyən yaşayış evlərinin qeydiyyata alınması nəzərdə tutula bilər.

Ekspertin sözlərinə görə, magistral yolların, neft və qaz kəmərlərinin, yüksək gərginlikli elektrik xətlərinin, eləcə də digər mühafizə zolaqlarının üzərində və ya yaxınlığında yerləşməyən evlərə prioritet qaydada çıxarış verilməsi mümkündür.

O bildirib ki, illər əvvəl bir çox vətəndaş yaşayış üçün nəzərdə tutulan torpaq sahələrinin baha olması səbəbindən kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikib. Həmin şəxslər uzun illərdir bu evlərdə yaşayır, kommunal xidmətlərdən istifadə edir və bütün ödənişləri həyata keçirirlər. Buna baxmayaraq, onların mülkiyyət hüquqları hələ də tam rəsmiləşdirilməyib.

Vüqar Orucun fikrincə, sənədsiz evlərin dövlət reyestrində qeydiyyata alınması və çıxarışla təmin edilməsi həm vətəndaşların mülkiyyət hüquqlarının qorunmasına, həm də daşınmaz əmlak bazarının şəffaflığının artırılmasına, vergi daxilolmalarının genişlənməsinə və iqtisadi aktivliyin yüksəlməsinə müsbət təsir göstərəcək.

Qeyd edək ki, ekspertlərin qiymətləndirməsinə görə, Azərbaycanda sənədsiz yaşayış evlərinin sayı yüz minlərlədir. Bu səbəbdən məsələnin həlli minlərlə ailə üçün böyük əhəmiyyət daşıyır.

Paylaş: