Ərəb turistlər niyə Azərbaycandan uzaqlaşır? – Turizmdə görünən və görünməyən problemlər
Son illər Azərbaycanın turizm sektorunun əsas hərəkətverici qüvvələrindən biri hesab olunan ərəb turistlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Bir vaxtlar Bakının mərkəzi küçələrində, Qəbələ, Quba, Şahdağ və digər turizm bölgələrində ailələri ilə istirahət edən ərəb turistlər artıq əvvəlki qədər görünmür. Bu vəziyyət istər hotellərdə, istər restoranlarda, istərsə də əyləncə sektorunda fəaliyyət göstərən sahibkarlar tərəfindən də hiss olunur.
Bəs bu azalmanın əsas səbəbi nədir?
İlk baxışdan diqqətlər Yaxın Şərqdə baş verən hərbi-siyasi gərginliyə yönəlir. İran, İsrail və ABŞ arasında yaşanan qarşıdurmalar regionda səyahət planlarına müəyyən təsir göstərib. Şübhəsiz ki, müharibə riski turist axınına təsirsiz ötüşmür. Lakin məsələni yalnız bununla izah etmək doğru olmaz.
Turizm üzrə ekspertlər hesab edirlər ki, Azərbaycanın qarşılaşdığı əsas problemlərdən biri qiymət siyasətidir. Son illər hotellərin, restoranların, nəqliyyatın və digər xidmətlərin qiymətlərinin əhəmiyyətli dərəcədə artması ölkəni xüsusilə ailəvi istirahət üçün seçən turistlər üçün daha az cəlbedici edib. Buna aviabiletlərin baha olması da əlavə olunanda Azərbaycan bir çox turist üçün rəqabət üstünlüyünü itirməyə başlayır.
Digər tərəfdən, region ölkələri turist cəlb etmək üçün daha çevik siyasət həyata keçirirlər. Gürcüstan və digər yaxın istiqamətlər daha münasib qiymətlər, əlçatan uçuşlar və fərqli turizm paketləri ilə bazarda üstün mövqe qazanmağa çalışırlar. Turist üçün əsas meyar artıq təkcə təhlükəsizlik deyil, həm də qiymət və xidmət keyfiyyətinin uyğunluğudur.
Burada turist profilləri arasındakı fərq də diqqət çəkir. Avropadan gələn turistlər daha çox Azərbaycanın tarixi, mədəni irsi və təbiəti ilə maraqlanırlar. Ərəb turistlər isə əsasən ailəvi istirahət, alış-veriş, restoranlar, əyləncə mərkəzləri və yay kurortlarına üstünlük verirlər. Məhz buna görə də ərəb turistlərin sayındakı azalma ən çox otellərin, restoranların, ticarət mərkəzlərinin və əyləncə sektorunun gəlirlərində hiss olunur.
Bir vaxtlar ərəb turistlərin ölkəyə axını cəmiyyətdə birmənalı qarşılanmırdı. Sosial şəbəkələrdə onların davranışları ilə bağlı müxtəlif müzakirələr aparılırdı. Lakin bu gün həmin turistlərin iqtisadi baxımdan turizm sektoruna nə qədər böyük töhfə verdiyi daha aydın görünür. Turizm yalnız hotellərin deyil, taksi xidmətlərinin, mağazaların, kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan sahibkarların da gəlirlərinə birbaşa təsir edir.
Əlbəttə, Azərbaycan turizminin taleyini yalnız ərəb turistləri müəyyən etmir. Lakin onların azalması sektorda mövcud problemləri üzə çıxaran ciddi siqnaldır. Əgər qiymət siyasəti, xidmət keyfiyyəti, beynəlxalq marketinq və nəqliyyat əlçatanlığı istiqamətində islahatlar aparılmazsa, Azərbaycanın regiondakı turizm rəqabətində mövqeyini qoruması daha da çətinləşə bilər.
Turizm yalnız təbii gözəlliklər və müasir hotellərlə inkişaf etmir. Turist ilk növbədə öz büdcəsinə uyğun qiymət, keyfiyyətli xidmət və rahat səyahət imkanları axtarır. Bu amillər təmin edilmədiyi halda, turist alternativ istiqamət seçməkdə tərəddüd etmir. Azərbaycan turizmi üçün əsas sual da məhz budur: ölkə dəyişən turizm bazarının tələblərinə nə qədər uyğunlaşa biləcək?
Elşən Əlisoy
Sozcu.az



