Türkiyə İsrailə meydan oxudu: "Netanyahu cavab verəcək"
Türkiyə Xarici İşlər Nazirliyi İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı rəsmən tanımaq barədə qəbul etdiyi qərara sərt etiraz edib.
Sozcu.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda İsrailin bu addımının tarixi və hüquqi həqiqətlərlə deyil, siyasi məqsədlərlə izah olunduğu bildirilib.
Bəyanatda qeyd edilir ki, bütün dünyanın gözü qarşısında Qəzzada Fələstin xalqına qarşı ağır cinayətlər törətməkdə ittiham olunan İsrail hökuməti 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qərarla beynəlxalq ictimaiyyətin diqqətini öz üzərindən yayındırmağa çalışır.
"1915-ci il hadisələri ilə bağlı hüquqi və tarixi faktlara məhəl qoyulmayan bu bədxah təşəbbüs, Netanyahu hökumətinin düşdüyü çıxılmaz vəziyyətin növbəti göstəricisidir", - deyə bəyanatda vurğulanıb.
Türkiyə XİN bildirib ki, Ankara İsrailin regionda sabitliyi pozan siyasətinə qarşı mübarizəsini davam etdirəcək və Fələstin xalqına qarşı törədilən cinayətlərin beynəlxalq hüquq çərçivəsində cavablandırılması üçün fəaliyyətini qətiyyətlə sürdürəcək.
Qeyd edək ki, İsrail hökuməti qondarma "erməni soyqırımı"nın rəsmən tanınması ilə bağlı qərarı yekdilliklə qəbul edib. Müvafiq qətnamə ölkənin xarici işlər naziri Gideon Saar tərəfindən Nazirlər Kabinetinin müzakirəsinə təqdim olunub.




