Sumqayıt hadisələrinə görə güllələnən Əhməd Əhmədov kim idi?

22 baxış

1988-ci ilin Sumqayıt hadisələri ilə bağlı ölüm hökmünə məhkum edilərək güllələnən Əhməd Əhmədovun işi uzun illərdir mübahisə doğuran məsələlərdən biri olaraq qalır.

Sozcu.az xəbər verir ki, bu barədə Namiq Həsənov məlumat paylaşıb.

Məlumata görə, Əhməd Əhmədov 1964-cü ildə Sumqayıtda fəhlə ailəsində anadan olub. 1979-cu ildə şəhərdəki 25 nömrəli məktəbin 8-ci sinfini bitirib, daha sonra 7 nömrəli şəhər texniki peşə məktəbində təhsil alıb.

1982-ci ildə hərbi xidmətə çağırılan Əhmədov 1985–1988-ci illərdə bir neçə iş yerində çalışıb. Təhsil aldığı məktəbdən və işlədiyi müəssisələrdən ona müsbət xasiyyətnamələr verilib. Bildirilir ki, onun əvvəllər hər hansı inzibati və ya ictimai cəzası olmayıb.

Orta texniki peşə təhsili olan Əhmədov Sumqayıt hadisələri zamanı Xovlu-iplik fabrikində fəhlə işləyib. Hadisələrdən qısa müddət əvvəl nişanlandığı və valideynlərinin 1988-ci ilin yayında onu evləndirməyi planlaşdırdığı qeyd olunur.

Məlumata görə, Əhməd Əhmədov fevralın 29-da axşam işdən evə qayıdarkən şəhərdə keçirilən kütləvi aksiyalara qoşulub. Lakin onun hər hansı qətldə iştirak etdiyini təsdiqləyən faktların olmadığı bildirilir.

1988-ci il martın 12-də Sumqayıtda həbslər həyata keçirən prokurorluq əməkdaşları Əhmədovun yaşadığı evə də gəliblər. O, Sumqayıtın 41a məhəlləsində yeddi erməninin ölümündə təşkilatçı və iştirakçı olmaqda təqsirləndirilib.

Əhmədovun işi SSRİ Ali Məhkəməsində araşdırılıb. 1988-ci il noyabrın 18-də məhkəmənin hökmü ilə ona müstəsna cəza növü – güllələnmə yolu ilə edam cəzası verilib. Hökmün təxminən 17 ay sonra icra edildiyi bildirilir.

Mənbədə qeyd olunur ki, Əhməd Əhmədovun hadisələrin əsas təşkilatçısı olduğunu sübut etmək üçün istintaq zamanı onun geyimi ilə bağlı da dəlil irəli sürülüb. İddia olunub ki, hadisə günü onun üzərində boz kostyum olub, lakin sonradan qan ləkələri olan qara kostyumda olması ilə bağlı ifadə alınıb.

Sumqayıt hadisələri zamanı 26 erməninin öldürüldüyü bildirilir. Onlardan altısının Eduard Qriqoryan tərəfindən öldürüldüyü güman edilir. Qriqoryana 12 il həbs cəzası verildiyi və bir neçə ildən sonra azadlığa buraxıldığı qeyd olunur.

Əhməd Əhmədovun ailəsinə sonradan onun cəzasının dəyişdirilməsi ilə bağlı məktub da göndərilib.

1989-cu il mayın 27-də Azərbaycan SSR Prokurorluğu Əhməd Əhmədovun valideynlərinə məktub göndərərək SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə güllələnmə cəzasının həbs cəzası ilə əvəz edildiyini bildirib. Lakin sonradan bu məlumatın həqiqətə uyğun olmadığı üzə çıxıb.

Əhmədovun qardaşı Əhmədağanın sözlərinə görə, 1989-cu ilin sonlarında Azərbaycan SSR Prokurorluğunun cinayət işlərinə məhkəmələrdə baxılması üzrə nəzarət şöbəsinin prokuroru Cavanşir İsmayılovdan da ailəyə məktub daxil olub. Məktubda Əhməd Əhmədovun ölüm hökmünün SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə həbs cəzası ilə əvəz edildiyi bildirilib.

Məlumata görə, sonradan aparılan araşdırmalar bu məktubun həqiqətə uyğun olmadığını göstərib.

Əhmədovun ölüm hökmünə məhkum edilməsindən sonra Azərbaycandan SSRİ-nin ali hakimiyyət orqanlarına onun cəzasının dəyişdirilməsi ilə bağlı yüzlərlə müraciət göndərildiyi, lakin bu müraciətlərə cavab verilmədiyi bildirilir. SSRİ xalq deputatı A. Mnikovun Mixail Qorbaçova Əhmədovun cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciətinin də nəticəsiz qaldığı qeyd olunur.

1990-cı il aprelin 4-də SSRİ Ali Məhkəməsi Əhməd Əhmədovun vəkili Y. Məmmədovu hüquqi yardım göstərmək üçün Moskvaya dəvət edib. Ailəyə Əhmədovun hökmünün dəyişdirilə biləcəyi barədə məlumat verilib.

Lakin vəkil Y. Məmmədov SSRİ Ali Məhkəməsinə, Prokurorluğuna və ölkə prezidentinə şikayət ərizəsi təqdim etmək üçün Moskvaya çatdıqdan bir gün sonra – aprelin 6-da Əhməd Əhmədovun edam edildiyi bildirilir.

Əhməd Əhmədovun günahsız olduğunu düşünən şəxslər bu gün də onun işinə yenidən hüquqi və tarixi qiymət verilməsini vacib hesab edirlər.

Əhməd Əhmədovun yaşadığı həyətdə onun xatirəsinə bulaq da inşa edilib.

Paylaş:

Əlaqəli məqalələr