Şahin Cəfərli ABŞ-da media ilə Tramp arasında gərginlikdən yazdı

21 baxış

Politoloq Şahin Cəfərli ABŞ-da Prezident Donald Trampın bəzi media qurumlarının jurnalistlərini Ağ Evə buraxmamaq qərarından sonra ölkənin aparıcı media qurumlarının nümayiş etdirdiyi həmrəyliyə diqqət çəkib.

Sozcu.az xəbər verir ki, Şahin Cəfərli sosial şəbəkə hesabında ABŞ-da baş verən son hadisələri şərh edib.

O bildirib ki, CNN, MS NOW və “Politico” jurnalistlərinin Ağ Evə buraxılmaması barədə Tramp administrasiyasının qərarından sonra ABŞ-ın digər böyük media qurumları həmkarlarına dəstək verib.

“Bu gün ölkənin 5 böyük yayım şəbəkəsi – CNN, ABC, CBS, NBC və Fox News prezidentin çıxışlarının canlı verildiyi ‘hovuz’ (pool) yayınlarını dayandırmaq barədə qərar qəbul ediblər”, – deyə politoloq qeyd edib.

ABŞ-da “pool” sistemi vasitəsilə prezidentin tədbirlərinin canlı görüntüləri hazırlanaraq digər media qurumlarının istifadəsinə təqdim olunur. Beş böyük televiziya şəbəkəsi prezidentin tədbirlərini növbəli şəkildə işıqlandırır.

Şahin Cəfərlinin sözlərinə görə, adıçəkilən şəbəkələrin birgə bəyanatında hakimiyyətin fəaliyyəti haqqında ictimaiyyətin dəqiq və müstəqil məlumat almasının həyati əhəmiyyət daşıdığı vurğulanıb:

“Bildirilir ki, hakimiyyətin fəaliyyəti haqqında ictimaiyyətin dəqiq və müstəqil məlumat ala bilməsi həyati maraqdır və heç bir administrasiya buna mane olmamalıdır”.

Politoloq xüsusilə Respublikaçılara yaxın mühafizəkar media qurumu kimi tanınan Fox News-un qadağaya məruz qalmış liberal media orqanlarına dəstək verərək bu həmrəyliyə qoşulmasını diqqətəlayiq hadisə kimi qiymətləndirib.

“Respublikaçılara yaxın mühafizəkar Fox TV-nin qadağaya məruz qalmış liberal media orqanlarına dəstək verərək Trampa qarşı boykota qoşulması xüsusilə diqqətəlayiq hadisədir”, – deyə Cəfərli bildirib.

Onun fikrincə, bu hadisə ABŞ mediasında ideoloji fərqlərdən daha üstün ortaq dəyərlərin mövcudluğunu göstərir:

“Bu həmrəylik onun təsdiqidir ki, ideoloji yönümündən asılı olmayaraq bütün ənənəvi ABŞ mediası söz və mətbuat azadlığının ortaq dəyər olduğunu və həmin dəyərlərin qorunmasının həyati əhəmiyyətini çox yaxşı dərk edir”.

Qeyd edək ki, CNN, MS NOW və Politico Ağ Evə girişlərinin məhdudlaşdırılmasından sonra Tramp administrasiyasına qarşı məhkəməyə müraciət edib. Media qurumları bu addımın ABŞ Konstitusiyasının Birinci Düzəlişi ilə qorunan mətbuat azadlığı hüquqlarını pozduğunu bildirirlər.

Şahin Cəfərli yazısında bu hüquqların ABŞ Konstitusiyasının 1791-ci ildə qəbul edilmiş Birinci Düzəlişində təsbit olunduğunu da xatırladıb.

Paylaş:

Əlaqəli məqalələr