Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi

Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib. Sozcu.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb. Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib. Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. 1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub. Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub. 2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.

Meloni məni şoka saldı - Tramp

ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Ciorcia Melonini cəsarətsiz siyasətçi adlandırıb. Sozcu.az xəbər verir ki, Tramp onun İranla bağlı mövqeyini tənqid edib. "O, məni şoka salıb. Düşünürdüm ki, o cəsarətlidir, amma yanılmışam", - deyə Ağ Ev rəhbəri bildirib.

Azərbaycanda ağır qəza: baba və nəvə öldü

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Sfera.az-a istinadla xəbər verir ki, Cəlilabad rayon Alar kənd sakini idarə etdiyi "Hunday” markalı avtomobillə hərəkətdə olarkən, ötmə əməliyyatını düzgün yerinə yetirməyib və qarşıdan gələn Biləsuvar rayon Ovçubərə kənd sakini Elxan Feyziyə məxsus VAZ 2107 markalı avtomobillə toqquşub. Qəza zamanı VAZ 2107-də olan yaxın qohumlar - sürücü və onun azyaşlı nəvəsi ölüb. Sürücünün oğlu və yeznəsi isə ağır yaralanıb. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar Biləsuvar rayon mərkəzi xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Aprelin 14-də ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Azərbaycanla dəmir yolu heç vaxt bağlanmayacaq - Paşinyan

Aprelin 13-də Baş nazir Nikol Paşinyan Ermənistanın iri işəgötürənlərinin nümayəndələri ilə işçi yeməyində iştirak edib. Sozcu.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüşdə əsasən iqtisadi məsələlər müzakirə olunub. Paşinyan bildirib ki, Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı yeni inkişaf mərhələsi başlayır. O deyib: “Biz TRIPP layihəsinin işə salınması ilə bağlı bir sıra böyük hadisələr gözləyirik. Bu layihə mühüm əhəmiyyət daşıyır, çünki Ermənistan sonda blokadadan tam çıxacaq. Faktiki olaraq indi də Ermənistan blokadanı aşmış sayılır, çünki Azərbaycan ərazisindən artıq dəmir yolu yük daşımaları mümkündür və həyata keçirilir. Eyni zamanda Gürcüstan üzərindən də ixrac daşımaları TRIPP layihəsi işə düşənə qədər mümkündür. Vacib məqam ondan ibarətdir ki, siyasi razılaşmaya görə bu dəmir yolu heç vaxt bağlanmayacaq. Bu, həm idxal, həm də ixrac üçün etibarlı marşrutdur”,- deyə baş nazir bildirib.

NATO ABŞ-ın Hörmüz boğazı ilə bağlı planına qoşulmayacaq

NATO ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında İranın blokada planına qoşulmayacaq. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə bu gün ABŞ-ın NATO-dakı müttəfiqləri bildirib. Məlumata görə, bu qərar alyans daxilində onsuz da kövrək olan gərginliyi daha da artıracaq. (“Reuters“)

ABŞ-ın Hörmüzdə İrana qarşı blokadası qüvvəyə mindi

ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Vurğulanıb ki, bundan sonra İran limanlarına gedən və ya limanlardan çıxan bütün gəmilər ABŞ-ın hərbi blokadası ilə üzləşəcək. Bildirilib ki, İrana məxsus olmayan gəmilərin keçidinə icazə veriləcək. Qeyd edək ki, aprelin 11-də ABŞ və İran nümayəndələri arasında İslamabadda danışıqlar keçirilib və nəticəsiz başa çatıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp Hörmüzün blokadasına başlandığını açıqlayıb.

Bu İran gəmiləri məhv ediləcək - Trampdan xəbərdarlıq

İran gəmiləri Hörmüz boğazında blokadanı yarmağa çalışsalar, dərhal məhv ediləcəklər. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından keçidlə bağlı tətbiq edilən blokadadan danışarkən deyib. İranın 158 gəmidən ibarət hərbi donanmasının məhv edildiyini bildirən Tramp, sürətli qayıqlarla bağı da xəbərdarlıq edib: “Bu gəmilərdən hər hansı biri blokadamızı yarmağa çalışsa, dərhal məhv ediləcək”. Qeyd edək ki, ABŞ-ın bir az əvvəl ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib.

Macarıstan qayıdır!

Peter Magyarın partiyası konstitusion çoxluq qazanıb və bu, konstitusiya islahatlarını həyata keçirməyə imkan verəcək. Bu seçkilərdə Orbanı Trump, Putin, Robert Fitso, Vuçiç, Navrotski, Netanyahu və Çin açıq şəkildə dəstəkləyirdi və yaşanan məğlubiyyət həm də onların məğlubiyyətidir. Trampın dəstəyi yenə də əks effekt verdi. Orbanın Rusiyanın tövsiyəsi ilə seçki kampaniyasının mərkəzinə Ukrayna və Zelenski mövzusunu qoyması uğursuz oldu. Orban və xarici işlər naziri üçün cinayət işlərinin başlanması gözlənilir. Magyar iki əsas bəyanat verib: Macarıstan yenidən Aİ və NATO daxilində güclü müttəfiq olacaq. Ölkə öz maraqlarını müdafiə edən güclü tərəfdaş kimi çıxış edəcək, çünki Macarıstanın yeri Avropadadır. O bildirib ki, baş nazir kimi ilk səfəri Varşavaya, sonra Vyanaya, daha sonra isə Brüsselə olacaq. Həmçinin Macarıstanın Avropa Prokurorluğuna(European Public Prosecutor's Office) qoşulacağını və bunun Aİ fondlarından 17 milyard avrodan çox vəsaitin açılması üçün mühüm addım olacağını vəd edib. Kamran Cəfərov, politoloq

Bazar günü keçirilən imtahan: DİM nəticələrin açıqlanma tarixini dedi

2026-cı il aprelin 12-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları elan edilib. Sozcu.az xəbər verir ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.

Hava dəyişir: Bakıya yağış, bölgələrə qar yağacaq

Azərbaycanda aprelin 14-də havanın bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı ehtimalı var. Axşama doğru tədircən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Peter Macar Viktor Orban hökumətindən istefa tələb etdi: “Özünüz gedin!”

Müxalifətdə olan “Tisa” partiyasının lideri Peter Macar 12 aprel tarixində Macarıstanda keçirilən parlament seçkilərində konstitusiya çoxluğu ilə qalib gəldikdən sonra geniş çıxış edib və yeni hakimiyyətin ilk addımlarını açıqlayıb. Sozcu.az xəbər verir ki, Peter Macar baş nazir Viktor Orbanın dərhal könüllü şəkildə istefa verməsini və onun səlahiyyətlərini icra edən baş nazir statusuna keçməsini tələb edib, həmçinin qaliblərin əl-qolunu “bağlayacaq” qərarlar verməkdən çəkinməyə çağırıb. O, həmçinin prezident Tamaş Şuyokdan “Tisa”ya hökuməti formalaşdırmaq tapşırığını verməsini və daha sonra vəzifədən getməsini istəyib. Bundan əlavə, Macar Orbanın dövlət strukturlarındakı bütün təyin etdiyi şəxslərin – Ali Məhkəmə sədrinin, baş prokurorun, media tənzimləyici qurumun və antiinhisar orqanının rəhbərlərinin də istefa verməsini tələb edib. “Özünüz gedin. Bizi sizi vəzifədən uzaqlaşdırmağa məcbur etməyin!”, – deyə o bildirib. Yeni parlamentin işə başlamasından sonra Peter Macar səlahiyyətlər və balans sistemini bərpa edəcəyini, institutların müstəqilliyini qaytaracağını və Avropa Prokurorluğuna qoşulacağını vəd edib. Onun sözlərinə görə, Macarıstan yenidən Avropa İttifaqı və NATO-da etibarlı tərəfdaşa çevriləcək. O, ilk xarici səfərlərini Varşava, Vyana və Brüsselə etməyi planlaşdırır - bu səfərlər Orban dövründə dondurulan Avropa maliyyələşməsinin bərpasına da yönələcək. Polşa baş naziri Donald Tusk artıq Peter Macarı  qələbə münasibətilə təbrik edib. “Tisa”nın qələbəsi fonunda macar jurnalistlər xarici işlər naziri Peter Siyartonun ictimai görünüşdən itməsinə diqqət çəkiblər - o, Orbanın məğlubiyyəti etiraf etdiyi anda yanında görünməyib və 16 saatdan çox sosial şəbəkələrdə susqunluq saxlayıb. Siyarto Rusiya xarici işlər naziri Sergey Lavrovla mümkün əlaqələri və Aİ sammitlərindən Moskvaya məxfi məlumat ötürməsi iddiaları ilə bağlı yayılan xəbərlərdən sonra qalmaqalın mərkəzində olub.

Hesablama Palatası: Qurumlarda daxili nəzarət zəifdir, boşluqlar var

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat müzakirə olunub. Sozcu.az-ın məlumatına görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, dövlət qurumlarında daxili nəzarət zəifdir, tikinti və satınalmalarda boşluqlar var.    Onun sözlərinə görə, aparılan nəzarət tədbirlərinin nəticələri dövlət qurumlarında bir sıra sistemli problemlərin və əsas risklərin mövcudluğunu göstərir. Palata sədri bildirib ki, əsas problemlərdən biri qurumlarda daxili nəzarət mühitinin və daxili audit mexanizmlərinin ya zəif olması, ya da ümumiyyətlə işləməməsidir. Onun sözlərinə görə, bəzi hallarda isə nəzarət sisteminin ayrı-ayrı elementləri kifayət qədər effektiv fəaliyyət göstərmir. Vüqar Gülməmmədov vurğulayıb ki, daxili nəzarət kənar dövlət maliyyə nəzarəti üçün ilkin və əsas element hesab olunur. O qeyd edib ki, tikinti sahəsində görülən işlərin dəyərinin hesablanması metodologiyasında boşluqlar qalmaqdadır və bu məsələ uzunmüddətli problemlərdən biri kimi aktuallığını saxlayır. Bununla yanaşı, tikintisi başa çatmış və istifadəyə hazır olan obyektlərin istismara qəbulunda gecikmələr müşahidə olunur. Palata sədrinin sözlərinə görə, dövlət sektorunda əməyin ödənişi sahəsində qurumlararası disproporsiyalar da mövcuddur. Eyni zamanda, bəzi sahələr üzrə xərc normalarının olmaması və ya yenilənməməsi büdcə vəsaitlərinin səmərəsiz istifadəsinə və təyinatının dəyişdirilməsinə şərait yaradır. Vüqar Gülməmmədov bildirib ki, bir mənbədən satınalma üsulu bəzi hallarda vaxta qənaət etsə də, ehtimal olunan qiymətin hesablanmaması son nəticədə vəsaitlərin artıq xərclənməsi riskini artırır. O əlavə edib ki, nəticə əsaslı dövlət sifarişi münasibətlərinin tam formalaşmaması da problemlər sırasındadır. Bu isə dövlət vəsaitlərinin nəticəyə yönəlmədən xərclənməsinə gətirib çıxarır. Palata sədri həmçinin qeyd edib ki, bəzi hallarda hüquqi aktların tələblərinə əməl olunmur, aktiv və öhdəliklərin inventarizasiyası ya ümumiyyətlə aparılmır, ya da müəyyən edilmiş müddətlərə riayət edilmir. Bundan başqa, konsolidə edilmiş maliyyə hesabatlarının tərtibi zamanı müxtəlif qurumlar tərəfindən fərqli beynəlxalq standartların tətbiq edildiyi, bəzi qurumların isə yeni mühasibat uçotu standartlarına tam keçmədiyi diqqətə çatdırılıb. Vüqar Gülməmmədov sonda bildirib ki, mövcud hüquqi tənzimləmələrə baxmayaraq, fəaliyyətin qiymətləndirilməsi metodologiyası, gəlir və xərc nəticələrinin təhlili kimi mexanizmlər praktikada yetərincə tətbiq olunmur.

Satınalmaların 30%-i icra olunmur, daxili nəzarət zəifdir - İRAD

Satınalmaların 30%-i icra olunmur, daxili nəzarət zəifdir. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında Palatanın sədri Vüqar Gülməmmədov deyib.    Onun sözlərinə görə, 2025-ci ildə dövlət satınalmalarının vaxtında keçirilməsində ciddi problemlər müşahidə olunub. Satınalmalar rüblər üzrə qeyri-bərabər paylanıb və əsas cəmləşmə ilin sonuna təsadüf edib. “Satınalmaların 60%-i ilin birinci yarısında, 31,2%-i isə dördüncü rübdə həyata keçirilib”, – deyə Palata sədri bildirib. O qeyd edib ki, müsabiqə əsaslı satınalma aparmış 1430 təşkilatın 913-də (64%) bu proses yalnız ikinci rübdən başlayıb. Təxminən 130 təşkilat ilk satınalmanı iyun ayında, 70-dən çox təşkilat isə sentyabrda həyata keçirib. Vüqar Gülməmmədov əlavə edib ki, qurumların təqdim etdiyi ilkin məlumatların təhlili göstərir ki, hesabat ilində bağlanmış müqavilələrin təxminən 30%-i tam icra olunmayıb. Palata sədri satınalmaların nəticələrinin qiymətləndirilməsi sahəsində də ciddi çatışmazlıqların olduğunu vurğulayıb. Onun sözlərinə görə, demək olar ki, heç bir təşkilat bu istiqamətdə sistemli fəaliyyət göstərmir. Bundan başqa, nəzarət tədbirləri göstərib ki, qurumların cəmi təxminən 10%-ində daxili nəzarət sistemi etibarlı və səmərəli hesab oluna bilər. Bununla yanaşı, Vüqar Gülməmmədov son illərdə dövlət satınalmaları sahəsində şəffaflığın artırılması və izlənəbilirliliyin gücləndirilməsi istiqamətində müəyyən islahatların həyata keçirildiyini də qeyd edib.

Satınalmalarda şübhəli məqamlar aşkarlanıb - HESABAT

Satınalmaların yarıdan çoxu bir mənbədən həyata keçirilib. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında Palatanın sədri Vüqar Gülməmmədov deyib.    Vüqar Gülməmmədov bildirib ki, 2025-ci ildə keçirilmiş nəzarət tədbirləri çərçivəsində 3560 satınalma (3,8 milyard manatlıq) araşdırılıb və 32 auditdə qanunvericiliyin pozulması halları aşkarlanıb. Onun sözlərinə görə, satınalmaların yarıdan çoxu – 2119-u (təxminən 2 milyard manatlıq hissə) müsabiqəsiz, yəni bir mənbədən satınalma üsulu ilə həyata keçirilib. Palata sədri əlavə edib ki, 13 qurumda 30 halda müqavilələrdən artıq xərclərə yol verilib. O vurğulayıb ki, satınalma müqavilələrində qiymət dəyişiklikləri ilə bağlı pozuntular ümumi halların təxminən üçdə birini təşkil edir və bu, risklərin mövcudluğunu göstərir.

Büdcə idarəetməsində nöqsanlar aşkarlanıb

2025-ci ildə 36 auditdə büdcə idarəetməsində nöqsanlar aşkarlanıb. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında Palatanın sədri Vüqar Gülməmmədov deyib.    Onun sözlərinə görə, 2025-ci ilin iş planına uyğun keçirilmiş 36 audit və analitik fəaliyyət zamanı büdcə vəsaitlərinin idarə edilməsində müxtəlif nöqsanlar müəyyən edilib. Bu nöqsanlar əsasən gəlir və xərc planlarının proqnozlaşdırılması, vəsaitlərin icrası, əməyin ödənişi və xərclər üzrə normativ və prosedurlara əməl olunmaması ilə bağlı olub. Palata sədri bildirib ki, dövlət vəsaitlərinin planlaşdırılması və icrası prosesinin müxtəlif mərhələlərində problemlər qalmaqdadır. O qeyd edib ki, bəzi təşkilatların proqnozlaşdırma prosesinə lazımi diqqət ayırmaması icra faizinin aşağı olmasına, vəsaitlərin təyinatının dəyişdirilməsinə və bəzi hallarda kassa icrası göstəricilərinin təhrifinə səbəb olur. Bununla yanaşı, əvvəlki illərlə müqayisədə xəzinədənkənar qalıqların azalması müsbət hal kimi qiymətləndirilib.

Yoxlamalar zamanı 299,1 milyon manat pozuntu üzə çıxarılıb - Palata

Hesablama Palatası 2025-ci ildə Azərbaycanda büdcə icrası və layihəsi üzrə 299,1 milyon manatlıq uyğunsuzluq aşkarlayıb. Sozcu.az xəbər verir ki, bu barədə "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat"da bildirilir. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir. Hesabat əsasən, 2024-cü ilin dövlət büdcəsinin icrasına rəy üzrə uyğunsuzluqlar arasında dövlət büdcəsi gəlirlərinin iki uçotu üzrə fərq 6,8 milyon manat təşkil edib. Xərclərin funksional təsnifatında uyğunsuzluqlar 290 milyon manat, tanınmayan gəlirlər isə 2,4 milyon manat olub. Eyni zamanda, ləğv edilmiş hüquqi aktlara görə tutulmuş dövlət rüsumlarının məbləği 5,3 milyon manat göstərilib, bölgüsü aparılmamış xərclərin təyinatı üzrə istifadə edilməməsi və ya uyğun olmayan istiqamətlərə yönəldilməsi isə 45 milyon manat təşkil edib. 2026-cı ilin dövlət büdcəsinin layihəsinə rəy üzrə hesablamalarda da uyğunsuzluqlar müəyyən edilib. Belə ki, xərclərin VBT-yə uyğun nəzərdə tutulmaması ilə bağlı uyğunsuzluqlar 236,3 milyon manat olub. Bundan əlavə, layihəyə təsir edən uyğunsuzluq məbləği 160,4 milyon manat təşkil edib. İqtisadi təsnifat üzrə icmal büdcə xərclərində uçota alınan ümumi uyğunsuzluq məbləği isə 299,1 milyon manat göstərilib. Hesabata əsasən, büdcə prosesi üzrə ümumilikdə 136 tövsiyə verilib. Onlardan 60-ı 2024-cü ilin dövlət büdcəsinin icrasına rəy, 7-si Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrasına rəy, 38-i 2026-cı ilin dövlət büdcəsinin layihəsinə rəy, 11-i İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəy, 12-si DSMF-nin 2026-cı il büdcəsinin layihəsinə rəy, 8-i isə Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəy üzrə təqdim edilib.

Pezeşkian ABŞ ilə razılqda ŞƏRTLƏRİNİ AÇIQLADI

"Əgər Vaşinqton beynəlxalq normalara riayət edərsə və Tehranın qırmızı xətlərini nəzərə alsa, İran ABŞ ilə ədalətli bir razılığa gələ biləcək". Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Məsud Pezeşkian deyib. O, bildirib ki, bizim qırmızı xəttimiz İran xalqının milli maraqları və hüquqlarıdır: "İran regionda sülhü və davamlı təhlükəsizliyi təmin edəcək balanslı və ədalətli bir razılığa gəlməyə tam hazırdır".

Nigeriyada bazara zərbə endirildi: 200 nəfər öldü

Nigeriya hərbçilərinin ölkənin şimal-şərqindəki Yobe ştatında bazara endirdiyi aviazərbə nəticəsində ən azı 200 nəfər həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb. Qeyd olunur ki, zərbə "Boko Haram" terror qruplaşmasının yaraqlılarının yerləşdiyi Cilli kəndindəki bazara endirilib.

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

ABŞ İranla danışıqlardan sonra Hörmüz boğazında blokada tətbiq etməyə hazırlaşır, lakin Böyük Britaniya bu əməliyyata qoşulmayacaq. Bu barədə "Sky News" məlumat yayıb.

KİV: İran uranın zənginləşdirilməsini dayandırmaqdan imtina edib

İran ABŞ-la danışıqlarda uranın zənginləşdirilməsini dayandırmaq tələbini qəbul etməyib. Bu barədə "Reuters" məlumat yayıb. Məlumata görə, Tehran həmçinin Hörmüz boğazını tam açmaqdan və regiondakı müttəfiq qüvvələrə dəstəyi dayandırmaqdan imtina edib.

ABŞ Prezidenti: İranı bir günə məhv edə bilərdim

ABŞ İranı bir gün ərzində tam məhv edə bilər. Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”-a müsahibəsində bildirib. “İranı bir günə məhv edə bilərdim. Bir saat ərzində onların bütün enerji sistemini - hər şeyi, bütün elektrik stansiyalarını sıradan çıxara bilərdim. Ancaq bu, çox ciddi məsələdir”, — deyə Donald Tramp vurğulayıb.

ABŞ Hörmüz boğazının minalardan təmizlənməsinə başlayır

ABŞ hərbi qüvvələri Hörmüz boğazının minalardan təmizlənməsinə hazırlıq işlərinə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Frank E. Peterson" və "USS Michael Murphy" esminesləri Hörmüz boğazından keçərək Fars körfəzində əməliyyata başlayıb. Qeyd olunub ki, bu addım boğazın minalardan tam təmizlənməsinə yönəlmiş genişmiqyaslı missiyanın tərkib hissəsidir.

Vətən müharibəsi qazisi gənc yaşda vəfat etdi - FOTO

44 günlük Vətən müharibəsinin qazisi Ülvi Xasayzadə gənc yaşında vəfat edib. Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.  Qazinin ölüm səbəbi açıqlanmayıb.  Aprelin 16-da onun 27 yaşı tamam olacaqdı. Qeyd edək ki, 1999-cu il təvəllüdlü Xasayzadə Ülvi Əlisəfa oğlu əslən Qubadlının Dəmirçilər kəndindəndir. O, Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib, qəhrəmanlıq, igidlik və şücaət göstərib.  Prezident İlham Əliyevin sərəncamları ilə "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Ü Xasayzadə evin tək övladı və subay idi. Allah rəhmət eləsin!