Bu yolla övladlarını evləndirməyə çalışanlar qanunu pozmuş sayılacaq - XƏBƏRDARLIQ

Ölkəmizdə bu ildən qohum evlilikləri rəsmən qadağan olunub. Lakin bəzi ailələr bu qaydanı yan keçməyin yollarını axtarır. Məsələn, övladını yaxın qohumla evləndirmək istəyən valideynlər “övladlıqdan imtina etdikdə bunun mümkün olub-olmayacağını” düşünürlər. Amma belə halda bu nikah yenə də qayda pozuntusu sayılmırmı? Qanun bu barədə nə deyir? Mövzunu “Yeni Sabah”a şərh edən hüquqşünas Ramil Vəliyev bir sıra məqamlara toxunub: “2025-ci ildən etibarən Azərbaycanda birinci dərəcəli qohumlar arasında nikah qadağan olunub. Bu qərar genetik risklərin, irsi xəstəliklərin qarşısını almaq, həmçinin cəmiyyətin sağlam inkişafını təmin etmək məqsədi daşıyır. Yeni ailə qanunvericiliyi artıq yalnız formal deyil, həm də faktiki qohumluq bağlarını nəzərə alır.  “Övladlıqdan imtina” ilə məhdudiyyəti yan keçmək mümkündürmü? Bəzi ailələrdə belə bir fikir var: övladlığa götürülən uşaqdan və ya doğma övladdan rəsmi sənədlə imtina edildikdə, sonradan onunla nikaha daxil olmaq hüquqi baxımdan mümkün ola bilər”. Müsahibimiz vurğulayıb ki, lakin qanunvericilikdə qohumluq faktı yalnız hüquqi sənədlə deyil, qan bağı ilə müəyyən olunur: “Yəni valideynin övladlıqdan imtina etməsi həmin şəxslərin bioloji qohumluğunu aradan qaldırmır. Hüquqi qeyd ləğv olunsa da, qan qohumluğu qalır və bu səbəbdən belə nikah yenə də qadağandır. Ailə Məcəlləsi qohum evliliklərini açıq şəkildə qadağan edir və bu zaman qohumluğun həm hüquqi, həm də bioloji əsasları nəzərə alınır. Məhkəmə təcrübəsi və beynəlxalq hüquq da göstərir ki, övladlıqdan imtina vasitəsilə bu qadağanı yan keçmək mümkün deyil. Bundan əlavə, belə bir addım cəmiyyətin mənəvi dəyərlərinə ziddir və etik baxımdan da qəbul edilmir. Övladlıqdan imtina yolu ilə qohum evliliyinə şərait yaratmaq hüquqi cəhətdən mümkün deyil və belə cəhdlər qanunun pozulması sayılacaq. Dövlət bu sahədə nəzarəti gücləndirir və qanunun tətbiqinə xüsusi diqqət yetirilir”.

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum

Gürcüstanın Şida Kartli bölgəsinin Kareli rayonunda Azərbaycanın SOCAR şirkətinə məxsus avtomobilə silahlı hücum olub. Sozcu.az xəbər verir ki, hadisə hakim “Gürcü arzusu” partiyasının ofisinin yaxınlığında qeydə alınıb. İlkin məlumatlara əsasən, insident zamanı xəsarət alan olmayıb. Detallar məlum deyil. Gürcüstan Daxili İşlər Nazirliyi insidentlə bağlı istintaqa başladığını açıqlayıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı bir nəfəri saxlayıblar. (Mənbə: Report)

40 min rəsmi narkoman – Azərbaycanda vəziyyət kritik həddə çatdı

“Necə ola bilər ki, illərlə buna qarşı mübarizə gedir, amma effektiv nəticə yoxdur. Əksinə, azalmır çoxalır. Demək metodoloji yanaşmanı dəyişmək lazımdır. Həm hüquq-mühafizə orqanları səviyyəsində, həm də cəmiyyətdə aparılan işlərlə. Bir yanaşma ki effekt vermir, demək dəyişməlidir. Hesab edirəm ki, hər iki istiqamətdə ciddi tədbirlər görmək lazımdır”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. O bildirib ki, Azərbaycanda narkomaniyanın geniş formada yayılmasının bir çox səbəbləri var: “Bu çox ciddi mövzudur. Azərbaycanda narkomaniyanın bu şəkildə yayılmasının bir çox səbəbləri var. Birinci səbəb odur ki, Azərbaycan elə ölkələrin arasında yerləşir ki, həmin dövlətlərdə narkomaniya çox yüksək səviyyədə yayılıb. Hətta İranın narkomaniya ilə mübarizə idarəsinin rəisi özü etiraf edir ki, rəsmi qeydiyyatdan keçən 3 milyona yaxın narkoktik istifadəçisi var. Oxşar vəziyyət, Rusiya, Türkiyə və Gürcüstanda da var. İkinci səbəb odur ki, Azərbaycan vaxtilə işğal altında olan və digər bölgələrində narkotik əkib-becərilməsi ilə bağlı faktlarla tez-tez qarşılaşırıq. Digər mühüm məqam ondan ibarətdir ki, biz narkomaniyaya qarşı daha effektiv üsul tətbiq etməliyik. Necə ola bilər ki, illərlə buna qarşı mübarizə gedir, amma effektiv nəticə yoxdur. Əksinə, azalmır çoxalır. Demək metodoloji yanaşmanı dəyişmək lazımdır. Həm hüquq-mühafizə orqanları səviyyəsində, həm də cəmiyyətdə aparılan işlərlə. Bir yanaşma ki effekt vermir, demək dəyişməlidir. Hesab edirəm ki, hər iki istiqamətdə ciddi tədbirlər görmək lazımdır”.   Sosiloloq qeyd edib ki, narkomaniyaya qarşı mübarizədə valideynlərin və məktəblərin üzərinə ciddi məsuliyyət düşür: “Narkomaniya asılılığı qlobal bir problemdir. “Ağ ölüm” adlandırılan bu bəla bütün ölkələri narahat edir. Azərbaycanın xüsusən sərhəd rayonlarında bu geniş yayılıb. Şübhəsiz ki, paytaxtda da belədir. Ən pisi də odur ki, narkomaniyanın yeni-yeni formaları ortaya çıxır. Xüsusən də gənclər və yeniyetmələr arasında daha çox yayılır. Deməli valideynlər uşaqlar və gənclər üzərində nəzarət sistemini gücləndirməlidir. İkinci növbədə isə məktəbdə şagirdlərlə aidiyyəti şəxslər mütəmadi olaraq işləməlidir. Əgər biz kooperativ sosial məsuliyyəti başa düşərək, bu istiqamətdə ciddi işlər görsək, effektiv nəticələr əldə edə bilərik. Amma görünür ki, narkomaniya ilə mübarizədə biraz pərakəndəlik var. Narkomaniya nəinki indiki, gələcək nəsilləri də təhdid edir”. Qeyd edək ki, Azərbaycanda rəsmi qeydiyyatda olan narkomanların sayı açıqlanıb. Rəsmi rəqəmlərə əsasən, ölkədə 40 490 nəfər “rəsmi” narkoman var.

Rus ordusu darmadağın: 32879 ədəd artilleriya sistemi məhv edilib

Ukrayna müharibənin 1303-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 098 380 hərbçi, 11 191 ədəd tank, 23 277 ədəd zirehli döyüş maşını, 32 879 ədəd artilleriya sistemi, 1 491 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 217 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 341 ədəd helikopter, 62 000 ədəd avtomobil texnikası, 60 469 ədəd PUA, 3 718 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 965 xüsusi avadanlıq itirib.

Bakıda qənd sexində döşəmə çökdü: ölən var

Bakıda qənd istehsal olunan sexdə faciəli hadisə yaşanıb. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Binəqədi qəsəbəsinin ərazisində yerləşən qənd sexində taxta döşəmə çöküb. Nəticədə orada xadimə işləyən, Bakı şəhər sakini 62 yaşlı Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı

Niderlanda Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana könüllü köçmüş ermənilərin bu ölkədə “mənzillə təmin olunması üçün” 14 milyon avro ayıracaq. Sozcu.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Niderland xarici işlər naziri Devid van Vil Ermənistandan olan həmkarı Ararat Mirzoyanla görüşünün nəticələrinə istinadla məlumat verib. Nazir maliyyənin Qlobal Güzəştli Maliyyə Fondu vasitəsilə ayrılacağını bildirib.

Hacıqabulda 9 yaşlı uşaq faciəvi şəkildə öldü

Hacıqabulda yük avtomobili velosiped sürən 9 yaşlı uşağı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Atbulaq kənd sakini, 2016-cı il təvəllüdlü M.V velosipedlə hərəkətdə olarkən onu yük avtomobili vurub. Azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Almaniya xəbərdarlıq etdi: İranı təcili tərk edin

Almaniya hökuməti İranda olan vətəndaşlarına müraciət edərək onları təcili şəkildə oranı tərk etməyə çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Uçuşların ləğv oluna biləcəyi üçün vətəndaşların təcili olaraq quru yola İrandan çıxmaları tövsiyə olunub.

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecə və 17-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Azərbaycanın rayonlarında isə sentyabrın 16-sı axşamdan 21-dək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

İsrail Qəzzada soyqırım törədir - BMT

Birləşmiş Millətlər Təşkilatının müstəqil komissiyası çərşənbə günü dərc etdiyi hesabatda İsrailin Qəzza zolağında soyqırım törətdiyi qənaətinə gəlib. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb. “Bu cinayətlərə görə məsuliyyət Qəzzada Fələstin qrupunu məhv etmək məqsədi ilə artıq iki ilə yaxındır ki, soyqırım kampaniyası təşkil edən İsrail hakimiyyətinin üzərinə düşür”, - komissiyanın sədri Navi Pillay deyib.

Söyüş üstündə sinif yoldaşını bıçaqlayıb öldürdü

14:51 Cəlilabad rayonunda məktəblilər arasında mübahisə baş verib. Sozcu.az xəbər verir ki, rayonun Xəlilabad kəndində qeydə alınan hadisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Xəsarət alan Kənan İmanzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. *** Cəlilabad rayonunun Xəlilabad kəndində məktəblinin öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Report-un məlumatına görə, öldürülən 11-ci sinif şagirdi Kənan İmanzadə və onun qətlində şübhəli bilinən sinif yoldaşı Sadiq Əsgərov Cəlilabad rayonunun Güneyli kənd sakinləridir. Bildirilib ki, kəndlərində məktəb olmadığı üçün hər ikisi Xəlilabad kənd orta məktəbində təhsil alırmış. İlkin məlumata görə, hadisə söyüş üstündə baş verib. Dünən şagirdlər arasında mübahisə yaranıb, lakin digər sinif yoldaşları davanın böyüməsinin qarşısını ala biliblər. Bu gün səhər isə evlərindən mətbəx bıçağı götürən S.Əsgərov birinci dərsdən sonra K.İmanzadəni başqa sinfə çağıraraq yenidən mübahisə edib və daha sonra həmyaşıdının qarın boşluğu və döş qəfəsinə bıçaqla zərbə endirib. Ağır yaralanan Kənan İmanzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk qrupunun və onunla əlaqəli təsisatların ləğvi prosesinə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Report-a ATƏT-də Finlandiyanın sədrliyi üzrə işçi qrupunun rəhbərinin müavini Toni Sandell məlumat verib.

Ankara və İrəvan bu barədə razılığa gəldi

Türkiyə və Ermənistan "İpək Yolu"nun keçdiyi Arpaçay üzərindəki tarixi körpünün birgə bərpası barədə razılığa gəlib. Sozcu.az xəbər verir ki, bu barədə "Ermenihaber" saytı məlumat yayıb.

Məktəblərdə ağıllı telefonlardan istifadə qadağan olunur

“Məktəblərə ağıllı telefonların gətirilməsi qadağan olunacaq. Sadəcə zəng funksiyası olan adi telefonlardan istifadə etmək mümkündür, lakin dərs müddətində çantada saxlanmaq şərti ilə. Əlbəttə, tənəffüsdə, dərsdən əvvəl və sonra valideynlə və ya digər şəxslərlə əlaqə saxlamaq üçün onlardan istifadə edilə bilər. Ağıllı telefon istifadəsi isə tamamilə qadağan olunur. Bu qərara yaş məhdudiyyəti qoyulmur, bütün siniflərə şamil ediləcək”. Sozcu.az xəbər verir ki, bu fikirləri AzTV-nin efirində yayımlanan “Günə davam” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu dərs zamanı mobil telefonlardan istifadəyə məhdudiyyət qoyulmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, müasir nəsildə fokuslanma müddəti çox qısadır: “Ağıllı telefonlardakı çoxşaxəli informasiya axını isə diqqəti daha da zəiflədir. Məktəblərin əsas məqsədi uşaqlara bilik və səriştə verməkdir. Mobil telefonlar isə bilik vermir, sadəcə məlumat təqdim edirlər. Bilik və məlumat isə fərqli anlayışlardır. Düşünən beyin məlumatı biliyə, biliyi isə səriştəyə çevirir. Səriştə isə rifahın açarıdır. Səriştə bizə ona görə lazımdır ki, sabahımızı daha yaxşı qura bilək. Əgər aldığımız məlumatı anlamırıqsa, düzgün istifadə etmiriksə və gündəlik həyatımıza tətbiq etmiriksə, deməli, həmin məlumatın heç bir əhəmiyyəti yoxdur. Məktəbin vəzifəsi də məhz budur: uşağın beynindəki müxtəlif məlumatları uyğun zəncirlərlə birləşdirib biliyə çevirmək. Məsələn, sosial şəbəkələr bizə davamlı olaraq düzgün qidalanmanın vacibliyindən danışır. Əgər biz bu məlumatı gündəlik həyatımızda tətbiq etmiriksə, deməli, onun dəyəri sıfıra bərabərdir”.

Qəzzanı tərk edənlərin son sayı açıqlandı

Artıq 350 mindən çox fələstinli Qəzza şəhərindən təxliyə edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, son gecə bombardmanından sonra daha bir neçə min insan şəhəri tərk edib. “İsrail ordusunun HƏMAS-a qarşı quru hücumu intensivləşdikcə, mülki əhalinin Qəzza şəhərindən çıxma sürəti artacaq”, - məlumatda qeyd olunub. Nəşrin məlumatına görə, hücum üçün hazırlıqlar başlamazdan əvvəl Qəzza şəhərində təxminən bir milyon fələstinli yaşayırdı.

Tramp Nyu Yorkda Zelenski ilə görüşəcək - Rubio

ABŞ Prezidenti Donald Tramp gələn həftə Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası zamanı Vladimir Zelenski ilə görüşə bilər. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib. “Prezident Trampın Zelenski ilə bir neçə telefon danışığı və görüşü olub, o cümlədən gələn həftə Nyu Yorkda yenidən olacaq”, - Rubio bildirib.

İranda iki polis öldürüldü, biri yaralandı

Bu gün səhər saatlarında Sistan və Bəlucistan əyalətinin Xaş-Zahidan yolunda İran polislərinin olduğu avtomobilə silahlı hücum edilib. Sozcu.az xəbər verir ki, bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Məlumata görə, hücum nəticəsində 2 polis həlak olub, biri isə yaralanıb. Bölgəyə çox sayda hərbçi və polisin cəlb olunduğu, yolların bağlandığı bildirilib. Silahlı hücumun məsuliyyətini hələlik heç bir təşkilat öz üzərinə götürməyib.

"Müalicəsi bahalı olan xəstəliklərin dərmanlarını dövlət qarşılamalıdır" - Aydın Əliyev

"Azərbaycanda daxili dərman preparatlarının istehsalı yoxdur. Ən vacib və strateji məsələ budur. İraq olsun, daha bir pandemiya olarsa, görün nə vəziyyətə düşəcəyik? Belə vəziyyətlərdə heç bir dövlət istehsal etdiyi dərmanları ixrac etmək istəmir. Bu halda dərman istehsal etməyən dövlətlər çox çətin vəziyyətdə qalır”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında radioloq Aydın Əliyev deyib. O bildirib ki, hazırda dərman idxalı sahəsində monopoliya hökm sürür: “Bu əslində yeni yox, köhnə problemdir. Çünki Azərbaycanda daxili dərman preparatlarının istehsalı yoxdur. Ən vacib və strateji məsələ budur. İraq olsun, daha bir pandemiya olarsa, görün nə vəziyyətə düşəcəyik? Belə vəziyyətlərdə heç bir dövlət istehsal etdiyi dərmanları ixrac etmək istəmir. Bu halda dərman istehsal etməyən dövlətlər çox çətin vəziyyətdə qalır. İkincisi, dərman sahəsində hazırda monopoliya var. Yəni ölkəyə yalnız bəlli şəxslər ancaq dərman idxal edə bilir və istədiyi qiyməti qoyurlar. Əgər bu məsələ sərbəst olsa, digər imkanlı şəxslər və dərman biznesi ilə məşğul olan insanlar rahat şəkildə müxtəlif ölkələrdən dərman idxal edə bilsə, dərman bol, qiymətləri isə münasib olacaq. Hər şey tələb-təklifə bağlıdır. Lakin buna şərait yaratmırlar”.  Həkim vurğulayıb ki, bəzi xəstəliklərin dərman və müayinə xərclərini dövlət qarşılamalıdır: “Onkoloji xidmət ölkədə bərbad vəziyyətdədir. Müalicəsi bahalı olan xəstəliklərin dərmanlarını dövlət qarşılamalıdır. Birinci növbədə onkoloji xidmət heç də yaxşı vəziyyətdə deyil. Adı dövlət hesabına olsa da, təəssüflər olsun ki, xəstələr ödəniş etməyə məcbur olurlar. Ödəniş etməyən xəstəyə isə yuxarıdan aşağı baxırlar. Sistemdə dəyişiklik olmalıdır. Orqan köçürülməsi, onkoloji xəstəliklər, ağır xroniki xəstəliklərdən əziyyət çəkənlərin şəxsi vəsaitləri müalicəyə bəs etmir. Digər tərəfdən, sosial şəbəkələrdə tez-tez müalicəyə ehtiyac olan və köməklik üçün müraciət edən vətəndaşlar qarşımıza çıxır. Eyni zamanda məlum verilişlər xəstələri efirə çıxararaq, həmin şəxslər üçün pul yığırlar. Bu ayıbdır. Belə ağır xəstələr niyə dövlətə müraciət edib, rahat şəkildə müalicə ala bilməməlidir? Bu məsələlər həll edilməlidir”. Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin dünən keçirilən iclasında bildirib ki, dərman vasitələri cəmiyyətimizi narahat edən məsələdir. Deputat qeyd edib ki, seçicilər görüşlərdə dərmanların qiymətlərindən də narazılıqlarının bildirirlər.

Qafqazda artıq sülh dövrü başlayıb - Prezident

Cənubi Qafqazda artıq sülh dövrü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səlcuq Bayraqdaroğlunu qəbul edərkən danışıb. Görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığını deyən dövlət başçısı qeyd edib ki, iki ölkənin birliyi dünya miqyasında önəmli amildir. Prezident İlham Əliyev bölgədə (Cənubi Qafqaz -red.) artıq sülh dövrünün başladığı vurğulayıb.

70 kq qızılla saxlanılan Məmmədovla bağlı yeni qərar

Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi olmuş Qəhrəman Şamil oğlu Məmmədovun həbs müddəti uzadılıb. Sozcu.az xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, onun həbs müddəti 2 ay müddətinə artırılıb.

NATO-dan Rusiyaya cavab: Əməliyyat başladı...

NATO-nun alyansın şərq cinahında "Şərq gözətçisi" əməliyyatı başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə NATO-nun X hesabında məlumat yayılıb. Qeyd olunub ki, hərbi əməliyyat alyans üzvlərinin hava məkanının pozulmasına cavab olaraq başlayıb və NATO-nun şərq cinahda mövqelərini gücləndirmək məqsədi daşıyır. Qeyd edək ki, 10 sentyabrda Rusiya PUA-ları Polşa hava məkanına soxulub.

Tramp Quterreşlə görüşəcək

BMT Baş katibi Antonio Quterreşlə ABŞ Prezidenti Donald Tramp arasında görüş olacaq. Sozcu.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib. Görüş BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçiriləcək. Qeyd edək ki, dünya liderlərini bir araya gətirən "Yüksək Səviyyəli Həftə" sentyabrın 23-də başlayacaq.

Dohada İsrail əleyhinə bəyanat qəbul edildi

İslam və ərəb ölkələri İsrailin HƏMAS rəhbərliyinin Dohadakı qərargahına endirdiyi zərbəyə cavab olaraq Qətərin atdığı bütün addımları dəstəkləyəcək. Sozcu.az xəbər verir ki, bunu Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının sammitinin yekunları üzrə qəbul edilmiş bəyanatda qeyd edilib. "Bütün ərəb və islam ölkələrinə qarşı hücuma çevrilmiş bu təcavüz qarşısında Qətər dövləti ilə tam həmrəy olduğumuzu bir daha təsdiqləyirik. İsrailin xain hücumuna cavab vermək, suverenliyini qorumaq və təhlükəsizliyini təmin etmək üçün Qətərə atdığı bütün addımlarda və tədbirlərdə dəstəyimizi ifadə edirik", - mətndə deyilib. Ərəb və islam ölkələri İsrailin regionda yeni status-kvo tətbiq etmək planlarına qarşı çıxmaq barədə razılığa gəliblər.

Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb

Bu ilin əvvəlinə olan məlumata görə Dövlət Neft Şirkətində (SOCAR) işləyən işçilərin sayı 48 min 69 nəfər olub. Sozcu.az xəbər verir ki, son 15 il ərzində SOCAR-da işçilərin sayı 31 min 500 nəfər və ya 39,6% azalıb. Belə ki, 15 il əvvəl – 2011-ci ilin əvvəlində SOCAR-da 79 min 569 nəfər işçi olub. Sonrakı illərdə SOCAR-da işçilərin sayı davamlı olaraq azalmağa başlayıb. Yalnız 2018-20-ci illərdə və 2023-cü ildə işçilərin sayında cüzi artım olub. 1 yanvar 2011 – 79 569 nəfər 1 yanvar 2012 – 77 140 nəfər 1 yanvar 2013 – 66 234 nəfər 1 yanvar 2014 – 61 088 nəfər 1 yanvar 2015 – 54 714 nəfər 1 yanvar 2016 – 52 104 nəfər 1 yanvar 2017 – 50 735 nəfər 1 yanvar 2018 – 50 424 nəfər 1 yanvar 2019 – 51 125 nəfər 1 yanvar 2020 – 51 695 nəfər 1 yanvar 2021 – 50 861 nəfər 1 yanvar 2022 – 48 870 nəfər 1 yanvar 2023 – 48 042 nəfər 1 yanvar 2024 – 48 320 nəfər 1 yanvar 2025 – 48 069 nəfər