Pomidor turşusundan zəhərlənən şəxs öldü

Aprelin 15-də saat 10:15-də Zaqatala rayon sakini Murad Ramazan oğlu Ramazanov “Botulizm (turşu) zəhərlənməsi” diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olub. Baş Prokurorluqdan Sozcu.az-a verilən məlumata görə, Zaqatala rayon sakini aprelin 25-də saat 23:00 radələrində müalicə aldığı xəstəxananın Toksikologiya şöbəsində vəfat edib. İlkin araşdırma zamanı müəyyən edilib ki, M.Ramazanov pomidor turşusu yedikdən sonra özünü narahat hiss etdiyi üçün xəstəxanaya müraciət edib. Araşdırma aparılır.

14 yaşlı oğlan 4 yaşlı əmisi qızının boğazını kəsərək öldürdü - Dəhşətli hadisə

Türkiyədə dəhşətli hadisə baş verib. Sozcu.az xəbər verir ki, Kahramanmaraşda 4 yaşlı Sultan Akgül (4) əmisi oğlu A.A. (14) tərəfindən boğazı kəsilərək öldürülüb. Hadisə ötən gün Elmalar rayonu ərazisində baş verib. İtkin qızı Sultan Akgüllə əlaqə saxlaya bilməyən ailəsi jandarmaya xəbər verib. Xəbər üzərinə jandarma qrupları Sultan üçün axtarış başladıb. İstintaqın sonunda Akgülün cansız bədəni evlərinin yanındakı ot tayasında boğazı kəsilmiş halda tapılıb. Araşdırmalar zamanı qruplar Sultan Akgülün əmisi oğlu A.A.-nın ayaqqabılarında qan ləkələri aşkar ediblər. Nəzarətə alınan A.A. törətdiyi cinayəti etiraf edib və hadisədə istifadə etdiyi bıçaq da götürülüb. Dindirilməsi zamanı ona daş atdığı üçün öldürdüyünü deyən A.A., həbs edilərək həbsxanaya salınıb.

Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA

Bakıda daha bir məhkum həbsxanada ölüb. Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 65 yaşlı Namazov Güloğlan Rəşid oğlu dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü bildirilir. Qeyd edək ki, G. Namazov 2012-ci ildə Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində bələdiyyə binasının önündə qətl törədib. O, qonşusu Əziz Lalayevi bıçaqlayıb. Ə. Lalayev aldığı xəsarətdən hadisə yerindəcə keçinib./Lent.az

Culfa rayonunda ağır qəza: ölənlər var - Foto

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadla xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Şevrolet Nova" markalı avtomobillə "Tofaş" markalı avtomobil toqquşub. Nəticədə avtomobildə olan Kamal Qürbət oğlu Cəfərov və Rüstəm adlı şəxs hadisə yerində ölüb. 2001-ci il təvəllüdlü İbrahim İldırım oğlu Sahilov və 1998-ci il təvəllüdlü Əbülfəz Elçin oğlu Əlizadə isə yaralanıb. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır. Faktla bağlı araşdırma aparılır.

Şirvanda kardioloq ürək çatışmazlığından öldü

Bu gün Şirvan şəhərinin kardioloq-həkimi, 1959-cu il təvəllüdlü Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova məlumatı təsdiqləyib. “Həkim infarkt keçirib. O, təcili tibbi yardım vasitəsi ilə Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həyata keçirilən bütün tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, kifayət qədər savadlı və işinin peşəkarı olan həkim idi. Allah rəhmət eləsin”, - Ədilova bildirib.

Yasamalda 23 yaşlı qızı avtomobil vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, "İnşaatçılar" metrostansiyasının yanında avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Allahverdiyeva Aynur İbad qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır./Report

Taxta bazarındakı yanğınla bağlı rəsmi AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Sozcu.az Nazirliyə istinadən xəbər verir ki, yanğınsöndürən və xilasedicilər tərəfindən ərazidəki mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunur. Ümumilikdə, yanğınla mübarizə məqsədilə əraziyə 15-ə yaxın texnika və 70 nəfərə yaxın canlı qüvvə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Əlavə məlumat veriləcək.

Bakıda sevgilisini öldürən kişi tutuldu

Aprelin 20-də saat 8 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Salamzadənin almış olduğu kəsilmiş-deşilmiş xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sozcu.az xəbər verir ki, Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla 1985-ci il təvəllüdlü Elşən Məmmədovun rayonun Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Etibar Salamzadəyə bıçaqla xəsarət yetirməsi və sonuncunun həmin xəsarət nəticəsində müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Elşən Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Laçında usta öldü

Laçında bədbəxt hadisə baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul oğlu ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır.

Tələbənin ölüm səbəbi bilindi

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci il təvəllüdlü Ramil Nəsirovun meyiti kirayə yaşadığı mənzilin eyvanından asılmış vəziyyətdə aşkar edilib. Onun intihar etdiyi ehtimal edilir. Araşdırma aparılır. Ramil Nəsirovun Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi olduğu bildirilir. Xatırladaq ki, BDU-nun mətbuat xidməti tələbənin ölümü barədə məlumat yayıb. Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Ramil Aqil oğlu Nəsirov vəfat edib. 2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi.

Hacıqabulda qatar qadını vurdu

Hacıqabul rayonunda qatar qadını vurub. Sozcu.az xəbər verir ki, hadisə saat 16 radələrində dəmir yolu xəttinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib. Dəmir yolu xəttini keçmək istəyən İbrahimova Təhminə Əhəd qızını qatar vurub. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Aytən Səfərovanın vəziyyəti açıqlandı: Orta ağır...

Tanınmış aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlanıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır.