Vozinya dünya çempionatının qəhrəmanına çevrildi
İspaniyaya qarşı qəhrəmanlıq edən Vozinya rekord qırdı – izləyici sayı 50 mindən 2,4 milyona yüksəldi
Dünya çempionatının əsas favoritlərindən hesab olunan İspaniya millisinə qarşı möhtəşəm oyun nümayiş etdirən Kabo-Verde yığması turnirin ən böyük sürprizlərindən birinə imza atıb.
Sozcu.az xəbər verir ki, İspaniya ilə qarşılaşmada qapısını toxunulmaz saxlayan və komandasının vacib xal qazanmasında əsas rol oynayan qapıçı Vozinya matçın ən yaxşı futbolçusu seçilib. 40 yaşlı təcrübəli qolkiper oyun ərzində 7 mühüm seyv edərək rəqibin çoxsaylı hücumlarının qarşısını alıb.
Bu nəticə ilə Vozinya dünya çempionatları tarixində qapısını toxunulmaz saxlayan ən yaşlı qapıçı kimi rekord müəllifi olub.
Qarşılaşmadan sonra təcrübəli əlcək sahibinin populyarlığı da rekord sürətlə artıb. Belə ki, sosial şəbəkələrdə matçdan əvvəl təxminən 50 min izləyicisi olan Vozinyanın hesabını izləyənlərin sayı qısa müddətdə 2,4 milyona çatıb.
Təxminən 500 min əhalisi olan Kabo-Verde millisi İspaniya ilə heç-heçə etməklə turnirin ən diqqətçəkən nəticələrindən birinə imza atıb. Komanda qarşıdakı Uruqvay və Səudiyyə Ərəbistanı ilə oyunlar öncəsi pley-off mərhələsinə yüksəlmək şanslarını da xeyli artırıb.
Sozcu.az olaraq qeyd edək ki, Kabo-Verdenin bu uğurunda ən böyük pay sahibi məhz təcrübəli qapıçı Vozinya hesab olunur. Onun sərgilədiyi performans artıq dünya futbolunda geniş müzakirə oilunur.





